İran mediasının anti-Azərbaycan mövqeyi davam edir...
İran mediasının anti-Azərbaycan mövqeyi davam edir. Belə ki, Tehranın “Əllamə Təbatəbayi” universitetinin “atna.atu.ac.ir” saytı, “Oktyabrın 6-da keçirilən görüş, Ermənistan üzərində sövdələşmə, Avropanın enerji müharibəsində Bakının maraqlarının təmin edilməsi” başlığı ilə yazı dərc edib.
Yazıda deyilir: “İran NATO və sionizmin sürünən təsiri qarşısında səssiz qalmamalıdır”.
Azərbaycan Respublikasını “Bakı” adlandıran sayt qərəzli münasibətini ddavam etdirib: “Avropanın maraqlarını təmin etmək məqsədilə Ermənistanın “Bakı” ilə sərhədində Avropa sülh missiyasının yerləşdirilməsi barədə İran nümayəndəsinin iştirakı olmadan qərarın qəbulu ötən həftə şahidi olduğumuz təhlükəli hadisədir. İran Ermənistanla həmsərhəd olduğu halda və onun da missiyası hərbi və ya mülki sərhəd monitorinq qrupunda yer almalı olduğu halda, keçən həftə Avropa İttifaqının Bakı-Ermənistan-Türkiyə ilə danışıqlarına belə İrandan heç bir nümayəndə heyəti dəvət olunmayıb!
6 oktyabr görüşündən sonra Ərdoğanı dəstəkləyən Türkiyə qəzetləri onu regionun “dünya lideri” adlandırdılar! Adlandırdılar və yazdılar: Ermənistan Qarabağ bölgəsini “Bakı” ərazisi kimi qəbul etdi. Əliyev isə Zəngəzuru ələ keçirmək üçün yenə öyündü”.
Azərbaycanı öz ərazilərini işğaldan azad etdiyi üçün “təcavüzkar” adlandıran, Ermənistanı isə işğalçılığına görə pisləməyən İran saytı habelə iddia edib: “Bakının 2020-ci il “təcavüzündən” sonra Ermənistan üzərində sövdələşmənin və Avropanın praktiki biganəliyinin (siyasi jestlərdən başqa) səbəbi Xəzər dənizinin enerji ehtiyatlarının davamlı pay istəməsi məsələsidir. Lazım gələrsə, Avropa Ermənistanı yenidən qurban verər və bu sahədə ciddiliyini artıq sübut edib...”.
Ülviyyə, Hurriyyet.az