“İran narahatdır, ancaq buna görə susur” - “Daha Qarabağa yük daşıya bilməyəcəklər”
“İrandakı rejimin və İslam Keşikçiləri Korpusunun Azərbaycan əleyhinə o qədər təxribatıyla üzləşmişik ki, “nə əcəb İrandakı dairələr Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasına reaksiya vermirlər” sualı yaranır”.
Hurriyyet.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Azərbaycanın Laçın yolunda dövlət sərhədinə nəzarəti təmin etməsinə Tehranın susqunluğunu şərh edərkən deyib.
“Tehran Zəngəzur dəhlizinin əleyhinə olduğunu gizlətmir, hər zaman “qırmızı çizgilərdən” dəm vurur. Ancaq Tehran açıq şəkildə “biz Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsinin və sərhəd-keçid məntəqələrinin yaradılmasının əleyhinəyik” deyə bilmir, deyə də bilməz, çünki bu məntiqə ziddir. Deyərlər ki, iki dövlətin öz aralarında sərhəd-keçid məntəqəsinin yaradılmasından sənə nə? Ona görə də Tehran hələ ki, seyrçi mövqedədir” – deyə, təhlilçi əlavə edib.
Onun sözlərinə görə, İran hakimiyyəti daxilən narahatdır, çünki sərhəd-keçid məntəqəsinin yaradılması separatizmin sonunu yaxınlaşdıran Azərbaycanın uğurudur: “Tehran isə Azərbaycanın uğurlarından hər zaman narahatdır. Həm də ona görə narahatdırlar ki, bundan sonra Ermənistan üzərindən Qarabağa yük daşıya bilməyəcək, SEPAH təlimatçıları Azərbaycan ərazisinə daxil ola bilməyəcəklər”.
Azpolitika.info