📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İran narkotiki qəsdən ötürür ki, bizə ziyan versin” – TANINMIŞ HƏKİM

2026-11-23 18:14:32

“İran narkotiki qəsdən ötürür ki, bizə ziyan versin” – TANINMIŞ HƏKİM

Paşa Qəlbinur: “Orta məktəblərdə narkotikin zərərləri ilə bağlı əyani dərs keçmək lazımdır”

“Necə olur ki, maşın sürmək üçün sürücülük vəsiqəsi tələb edilir, ailə qurmaq üçün vəsiqə tələb edilmir?!”

Son illərdə narkomaniyanın sürətlə genişlənməsi bəzi ölkələrdə qanlı müharibələrdən də artıq faciələrə səbəb olur. Təəssüf ki, bu fakt əksər dünya dövlətləri üçün keçərlidir. Çünki indi narkomaniya bəlasından əziyyət çəkməyən, bu dəhşətli faciənin acısını yaşamayan çox az ölkə var. Bəs, xüsusilə Azərbaycan kimi “narkotik bataqlığında boğulan” ölkələr bu problemin qarşısını necə ala bilər? Bu və digər suallara tanınmış həkim, professor Paşa Qəlbinurla müsahibəmizdə cavab tapmağa çalışdıq.

“Mən narkotik istifadəsinin artmasını inkişafın artması ilə də izah edirəm”

- Paşa müəllim, hazırda Azərbaycanda rəsmi qeydiyyatda 49 min nəfər yaxına narkotik istifadəçisi var. Amma BMT bildirir ki, dəqiq göstəricini bilmək üçün rəsmi qeydiyyat sayını 7-10-a vurmalıyıq. Sovet zamanı narkotik istifadəçiləri az idi, hətta bizə elə gəlirdi ki, ümumiyyətlə yoxdur. İndi durum çox kəskindir. Siz narkomaniyanın bu qədər tüğyan etməsinin səbəblərini nədə görürsünüz?

- Doğru deyirsiniz. Statistika olmasa da göz qabağında görürük, eşidirik ki, hər gün onların sayı artır. Mən bunun səbəbini çoxşaxəli istiqamətlərdə görürəm. Birinci onu deyə bilərəm ki, bizim qonşumuz olan dövlət, hansı ki, orada bizi istəməyən hakimiyyət mövcuddur və bizim məscidlərimizdə donuz bağlanmasına göz yumurdu, bizim uğurlarımıza həsəd aparır, PUA-larla sərhəddən narkotik yollayırlar – birinci səbəb kimi bunu görürəm. Ancaq bundan başqa da səbəblər var. Kommunikasiya vasitələrinin, internetin də bu məsələdə rolu var. İndi dünya qloballaşıb. Evdə oturub dünyanın istənilən nöqtəsinə əlini uzada bilərsən. Gənclərdən də kitablarla az ünsiyyəti olan, savadı az olanları əyləncələr axtarırlar. Bu vasitələrlə narkotikin yerini axtarıb tapırlar, alırlar. Narkotikdən istifadə edən, bu maddənin guya ki, həzz verdiyini, müasirlik olduğunu, dəbdə olduğunu reklam edən adamların təsirinə düşürlər. İndi belə reklamlar əlçatan olub. Sovet vaxtı nə mobil telefon, nə də digər telefon yox idi.

Mən narkotik istifadəsinin artmasını inkişafın artması ilə də izah edirəm. Narkotik indi əlçatan olub və insanlar bunu bir-birinə yoluxdura bilirlər.

Bundan başqa, təhsildən yayınmanın da rolu var. Ciddi təhsil olmayan yerdə gənclər mütləq əyri yollara meyl edəcəklər. Mənim yadımdadır ki, əgər sovet dövründə kimsə nəinki illərlə, hətta bir ay dərsə gəlmirdisə, valideynini çağırırdılar, az qala məhkəmə səviyyəsində işə baxırdılar. Yəni çox ciddi idi. İndi kim istəyirsə, dərsə gedə də, getməyə də bilər, oxuya da, oxumaya da bilər. Oxumayan da mütləq əyri işlə məşğul olmalıdır. Səbəblərdən biri kimi bu məsələni görürəm. Demoktratiyanın özünün də mənfi tərəfi var. Mənfi tərəf odur ki, güc elementi azalır, insan öz öhdəsinə buraxılır ki, bunu istəyirsən et, istəmirsən etmə.

Mən 80-90-cı illərdə okeanın o tayında çox olmuşam. Orada olanda mənə çox qəribə gəldi ki, küçədə qalan sahibsiz adamlara – “bomj”lara polis heç bir reaksiya vermir. Məntiqlə belə çıxır ki, qoy səni vursun, şikəst etsin, sonra mən onu aparıb qanuni cəzasını verəcəyəm. Belə şey olmaz. Profilaktik istiqaməti mən görmədim. Biz həmişə öyrənmişik ki, xəstəliyin profilaktikası, cinayətkarlığın profilaktikası aparılsın. O mənada demokratiyanın bu tərəfi də var ki, özbaşına buraxanda – hətta onun belə bir empirik ifadəsi var - babalarımız, nənələrimiz deyərdi ki, qızı özbaşına buraxsan ya halvaçıya gedər, ya zurnaçıya. Çünki uşaq görür ki, halva şirindir, zurna da çalır oynayır. Daha bilmir ki, bunun sonrası nə olacaq. Demokratiyanın çox yaxşı tərəfləri var, ancaq burada da mənfi tərəfi var.

“Necə olur, bir ailəni idarə etməlisən, ancaq bunun kursunu, məktəbini oxumursan”

- Diqqət etmisinizsə, son zamanlar təhsilin problemləri gündəmə gətirilir. Sosial mediada da bu haqda müzakirələr aparılır, təhsilimizin çökdüyü bildirilir. Sovet vaxtı isə təhsil indikindən daha keyfiyyətli idi. Az öncə qeyd etdiyniz kimi, narkomaniyaya meyllilik təhsildəki problemlərdən də qaynaqlanır?

- Bəli, demokratiyanın bir ucu da gedib oraya çıxır. Məsələn, bizim babalarımız övladını gətirərdi, deyərdi ki, əti sənin, sümüyü mənim. Bu empirik misaldır. Kim öz övladından keçər. Ancaq valideyn övladının təhsilinə, gələcəyinə önəm verdiyi üçün təhsil məsələsində bu qədər ciddi olur. Valideyn övladının gələcəkdə üzləşəcəyi çətinlikləri görür, istəyir ki, uşaq oxusun, savadlı olsun. Biz uşaq olanda evdə gedib desəydik ki, müəllim məni danladı, dedi niyə dərs oxumamısan, bir şillə də atam vurardı, deyərdi ki, müəllim düz edib. İndi uşaq gedir məktəbə, valideyn də silah götürüb gedir müəllimin üstünə. Onda o uşaq oxumasın.

İranda belə bir misal var - bazarda yük daşıyan hamballara deyirlər, əzizi madər – anasının əzizi, gəl bura. Yəni o hambal anasının əzizi olub ki, oxumayıb. Bunu bizim iranlı rezidentlərimiz danışırdı. Gənc adam mütləq disiplində olmalıdır, nizam-intizama riayət etməlidir. Necə olur ki, idmanda futbol hakimi qırmız kartı çıxarır, oyunçuya deyir çıx, oyunçu nə etsə də hakimə etiraz edə bilmir. Hakim ona elə ağır cəza verər ki, oyunçu o cəzanın altında qalar. O hakimi vursa bütün karyerası batar. Ona görə, qırmızı kart alan oyunçu başını salır aşağı, deyinə-deyinə gedir. Çünki qorxu var.

Təhsildə də qorxu olmalıdır. Valideyn deməlidir ki, sən belə edərsən, məni işdən çıxararlar, oxumasan belə olar. Demokratiyanın həddən çox şişirdilməsi qanunlara riayəti özbaşına buraxır ki, edərsən, cəzasını alarsan. Bunların qarşısını almaq üçün profilaktik tədbirlər görülməlidir. Hətta bir dəfə televiziyada dedim ki, gənc ailələr evlənirlər-boşanırlar, bu hədsiz artıb, artıq 50 faizi keçib. Deyək ki, bir avtomobil, motosikl alanda gedib bunu idarə etməyi oyrənməlisən, oxumalısan. Necə olur, bir ailəni idarə etməlisən, ancaq bunun kursunu, məktəbini oxumursan? Zəhmət çəksinlər, bir aylıq kurs təşkil etsinlər, hər iki tərəf o kursda təhsil alsın, sertifikat alsın ki, ailə qanunları belədir, çətinlikləri bunlardır, birgə yaşayış necə olmalıdır. Necə olur ki, maşın sürmək üçün sürücülük vəsiqəsi tələb edilir, ailə qurmaq üçün vəsiqə tələb edilmir?! Orta məktəblərdə bir saat ayırıb, bunu əyani dərs kimi keçmək lazımdır. Uşaqları profilaktik şəkildə başa salmaq lazımdır ki, çəkinsinlər.

“Narkotiki qəsdən ötürürlər ki, bizə ziyan versinlər”

- Mediada da göstərildiyi kimi, demək olar ki, günaşırı İrandan bizim ərazimizə sərhəddən uçan aparatlarla narkotik daşınır, yaxud gömrükdən keçir. Maraqlıdır ki, bu narkotiklər sərhədin İran ətərfində tutulmur, bizim əraziyə keçən zaman aşkarlanır. Yəni sərhədin İran tərəfində dövlət sərhədi qorunmur? İranın sərhəd xidməti yoxdur?

- Var, niyə yoxdur. Dünyanın ən güclü polis nəzarət sistemlərindən biri İrandadır. Narkotiki qəsdən ötürürlər ki, bizə ziyan versinlər. Ermənistan Qafanda radioaktiv elementləri çayın biz tərəfinə axıtdığı kimi, İran da narkotik vasitələri öz ərazisində tutmur, bizim ərazimizə ötürür. Sonra narkotik satmaq yoluna düşənlərin əksəriyyəti yoluxdurmağa adam axtarırlar. Onları da xüsusi nəzarətdə saxlamaq lazımdır ki, heç olmasa öz missiyalarını yerinə yetirməsinlər, özü kimilərin sayını artırmasınlar.

- 44 günlük müharibədə də İran əsgərləri bizim ordumuzun qarşısını kəsmişdi. İranın bizim əleyhimizə fəaliyyəti məlumdur. İran o zaman bizə qarşı hərbi müstəvidə edə bilmədiyini indi narkomaniya ilə edir...

- İran bunu bütün sahələrdə edir. Ağdamın daşlarına qədər maşınlara yükləyib İrana daşıyıb satdılar. İran müsəlman Azərbaycanı müdafiə etmir, xristian Ermənistanı müdafiə edir.

- Nəzarəti qeyd etdiniz. Bu  nəzarət necə olmaıldır?

- Nəzarət çoxşaxəli olmalıdır. Məsələn, İsveçrədə bağça uşaqlarını küçədə aparıb göstərirlər ki, bax, bu qırmız xəttə çatan anda avtobus orada idisə və adamlar da yox idisə, ona minmək olmaz. Gözləyin adamlar gəlsin, sonra minin. Yəni bunu da uşaq bağçasında öyrədirlər, bir eyitim var.

- Yəni maarifləndirmə lap kiçik yaşlardan aparılmalıdır...

- Əlbəttə, uşaq bağçasında, orta məktəbdə, ali məktəbdə, müəssisələrdə. Orada da valideyn eşitsin, övladlarını necə qoruyacağını öyrənsin.

- Təhsildəki problemlər bəllidir. Sizcə, mənəvi dəyərlərimiz niyə aşınır?

- Televiziyalara etik olmayan geyimlərdə çıxırlar, səviyyəsiz danışıqlar, Elza Seyidcahanın şerləri – bunlar ümumi ictimai səviyyəyə mənfi təsir edir. Bunlar az öncə də qeyd etdiyim kimi demokratiyanın ziyanlı tərəfidir. Məsələn, əcnəbi ölkələrdə uşaq gəlib şikayət etsə ki valideynim məni məcburi harasa apardı, anasına cəza verirlər. Orada demokratiyanın həm o tərəfi, həm bu tərəfi var. Bizdə cəzanın az tərəfi var, amma Avropa yenə deyir ki, insan hüquqları filan.

- Bəlkə bunu öz dəyərlərimizə uyğun nizamlamaq daha düzgün olar...

-Bəli, hər bir ölkənin özünün milli mentaliteti, dini inancı, əsrlərdən gələn adət-ənənəsini nəzərə alıb uşaqların tərbiyə, təlim və təhsilinə uyğunlaşdırmaq lazımdır. Məsələn, bizdə nənələr deyirdi, “əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir”. Bu çox böyük bir kəlamdır. İndi “əzizim əzizdir” qalıb, “tərbiyəsi əziz” qalmayıb. İndi hərə ağzını tutub bir tərəfə gedir. Görürsən ki, çox ciddi ailələrin övladlarının vəziyyəti bu cürdür.

- Şübhəsiz, narkomaniya, alkoqolizm, ümumiyyətlə asılılıq cəmiyyətin problemidir. Məsələn, sovet zamanı alış-verişə həddən artıq aludə olmaq meşşanlıq sayılırdı, tənqid olunurdu. İndi asılılığın bir növüdür. Bunların vüsət alması cəmiyyətdə xəstəliyə çevrilib. Bunun mahiyyətində də həzz durur, alış-verişdən həzz almaq. Asılılığın da kökündə həzdən asılılıq yatır. Sanki həyat elə həzdən ibarətdir, həyatın məqsədi yalnız həzz almaqdır.

- Çünki təhsil zəifdir, az kitab oxunur. Çox təhsilli adam çox kitab oxuyan adamdır. Məsələn, Maksim Qorki məktəb qurtarmamışdı, ancaq dünyanın ən böyük yazıçılarından biridir. Mütaliəsi güclü idi. Mütaliəsi güclü olan adam 99 faiz belə şeylərdən gen gəzir. Mən görmüşəm. Görürsən ki, bir ailənin bir uşağı çox oxuyur, daim mütaliə edir. O biri uşaqlar az oxuyublar, o uşaq digərlərindən fərqlənir. Buna görə də kitabı təbliğ etmək lazımdır. Bunu da son vaxtlar etməyə başlayıblar. Axundov kitabxanasında yer var, içəridə kitablar qoyulub, mən görmüşəm, uşaqlar oradan kitab götürüb oxuyur. Məsələn, yarım saat vaxtı var, gəlib orada kitab oxuyur, sonra kitabı yerinə qoyub çıxıb gedir. Bunları daha çox artırmaq lazımdır. Mən deyirəm ki, bütün müəssisələrdə - orta məktəblərdə, universitetlərdə, kolleclərdə, zavodlarda müəyyən saat ayırmaq lazımdır. Narkomaniyanı nəzərə alıb, 10 gündə bir dəfə bircə saatlıq maarifləndirmə etmək lazımdır. Məsələn, gəlsinlər buraya, mən məmnuniyyətlə gedib orada danışaram. Digər müəllimlər də danışa bilər. Bu profilaktik istiqamətdə gücləndirilmiş maarifləndirici tədbir olar.

- Sizə elə gəlmirmi ki, həyatın yalnız həzz almaqdan ibarət olmasının təbliği kapitalizmin bizə qurduğu tələdir?

- Mən hesab etmirəm ki, bu, kapitalizmin tələsidir. Çünki kapitalizm son əsrlərin məhsuludur. Bundan min il əvvəl kapitalizm olmayıb ki. Bunun bütün dövrlərdə - quldarlıqda, feodalizmdə səbəbi mütaliənin azılığıdır. Mən belə başa düşürəm.

- Bəs həzzin təbliği niyə bu qədər artır?

- Çünki tərəzinin o biri gözü azalıb. Mütaliə azdır deyə, tərəzinin əks tərəfində olanın çəkisi artır, işləyir. Çox mütaliəsi olan adama nə qədər təbliğ edirsənsə et, o işləməyəcək. 

- Bilirik ki, narkotik bütünlükdə orqanizmə mənfi təsir göstərir. Bəs gözə necə təsir göstərir?

(Ardı var)

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az