İran niyə "yalvarış" rejiminə keçib?
44 günlük müharibədən sonra rəsmi Bakıya qarşı qeyzi-qərəzini biruzə verməkdən özünü saxlaya bilməyən İran günlərdir “barışıq şüarları” səsləndirir. Əlbəttə, “barışıq çarçıları” arasında jurnalistlər, ekspertlər üstünlük təşkil edir. Əslində isə məlumdur ki, jurnalistlərin “ağzıyla danışan İrandır”.
Beləliklə, İran Azərbaycanın nəinki regional, hətta qlobal geosiyasi zəfərlərindən sonra “özünə gələ bilmir”. Məsələn, iranlı ekspert Əbdürrəhman Fəthullahinn İran XİN-ə yaxın “İran Diplomatlyası” saytında, “Azərbaycanı cilovlamaq üçün daha ciddi tədbirlər görmək lazımdır: Bakı Tehranı Qafqazdakı proseslərdən uzaqlaşdırmağa çalışır”, başlıqlı yazıda İranın hansısa səbəbdən “əl-ayağa düşdüyü” açıq sezilir. Görünür, sonradan gedən qatarın ardınca baxmaq məcburiyyətində qalmaq istəməyən Tehran panikaya qapıldığını açıq biruzə verir. Yazıda deyilir ki, “Azərbaycan və İran arasında son günlər və həftələr gərginliyin davam etməsi məsələsi yenidən İran XİN-in mətbuat katibinin həftəlik brifinqində qaldırılıb. Nasir Kənani dünən jurnalistlərə açıqlamasında İranın Azərbaycanla bağlı siyasətini gərginlik yaratmaq deyil, gərginliyi aradan qaldırmaq, iki ölkə arasında dostluq münasibətləri çərçivəsini qoruyub saxlamaq və ikitərəfli əlaqələri öz təbii məcrasına qaytarmaq olduğunu bildirib”. Əlbəttə, ard-arda İran casuslarının həbs edilməsi məsələnin rəngini daha da tündləşdirib. Bunlar onu deməyə əsas verir ki, baş verənlər İrana “soyuq duş” təsiri göstərib.
Bundan başqa, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Bağırov İranın səfiri Musəvini qəbul edib. İki ölkə arasında yük və daşımaların həcmi məsələləri müzakirə edilib.
Elə Ermənistan baş nazirin müavini Mqer Qriqoryan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul etməsinə də bu kontekstdə baxmaq lazımdır. Çünki, görüşdə regiondakı vəziyyət və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində müzakirələr aparlıb, xüsusilə Arazdəyən-Culfa-Meğri-Horadiz dəmir yolu əlaqəsinin bərpası və təşkili perspektivlərinə toxunulub.
Əlavə edək ki, Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisi Levitini qəbul edərkən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi ilə daşımalar və Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə olunub. Son olaraq qeyd edək ki, ölkəmizdə səfərdə olan prezident Ərdoğanın Zəngəzur dəhlizinin tezliklə açılması vacib olduğunu, bunun Türkiyə ilə Naxçıvan arasında nəqliyyat əlaqələrini asanlaşdıracağını açıqlaması yekun sözü oldu. Artıq aydındır ki, Zəngəzur dəhlizi açılmaq üzrədir və İran sadəcə “gedən qatar”dan geri qalmaq istəmir, bu dəhlizə qoşulmaq istəyir.
Ülviyyə, Hurriyyet.az