📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran parlamenti Cənubi Qafqazda baş verənlərlə bağlı qərəzli bəyanat yaydı

2022-09-22 15:05:00

İran parlamenti Cənubi Qafqazda baş verənlərlə bağlı qərəzli bəyanat yaydı

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Cənubi Qafqaz regionunda baş verən son hadisələrlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
"Beynəlxalq səviyyədə tanınmış sərhədlərin və ölkələrin ərazi bütövlüyünün qorunması qaçılmaz zərurətdir və onun hər hansı bir şəkildə pozulması beynəlxalq hüququn prinsiplərinə ziddir və yolverilməzdir", deyə bəyanatda bildirilib.
Parlamentin Milli Təhlükəsizlik Komissiyası, Ermənistanın təxribatlarına işarə etmədən Azərbaycanı nəzərdə tutaraq, son aylar Cənubi Qafqazda baş verən hadisələr və fəallaşmanın bölgədə sülh və sabitliyin pozulmasına xidmət etdiyini qeyd edib.
Bəyanatda baş verənlərin "beynəlxalq sionizm" və NATO fitnələri nəticəsində meydana gəldiyi iddia edilib və dolayısı yolla Azərbaycan Respublikası təhdid edilib.
"İran İslam Respublikası region ölkələrini mehriban qonşuluğa riayət etməyə çağırır. Aydındır ki, İran, beynəlxalq sionizmin və NATO-nun regionda geosiyasi təxribat planları çərçivəsində həyata keçirdiyi fitnələrə qarşı lazımi, qəti və vaxtında reaksiya verəcək. Davamlı sülh və təhlükəsizliyi pozan illüziyalı tarixi xəyallar və ambisiyalar regionun tarixi reallığından və geosiyasi tələblərindən uzaqdır"-deyə, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının bəyanatında Ermənistan tərəfinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi müdafiə edilib.

Ülviyyə, Hurriyyet.az