İran Qafan şəhərində konsulluq açmağa hazırlaşır
İran Qafan şəhərində konsulluq açmağa hazırlaşır. Belə ki, Ermənistan rəsmisi “Cənubi Sünik” (Qərbi Zəngəzur) vilayətinin mərkəzi Qafan şəhərində İran konsulluğunun açılmasının mümkünlüyü barədə açıqlama verib.
“Fars News” xəbər verir ki, Ermənistanın Qafan şəhərinin meri Gevorq Parsiyan bazar ertəsi bildirib ki, İran bu il sözügedən şəhərdə konsulluq aça bilər.
O, bu ilin aprel ayında İranın işğalçı Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri ilə görüşüb və konsulluğun açılması imkanlarını müzakirə edib. Parsian bununla bağlı deyib: “Biz İran səfirinə və konsuluna müxtəlif yerlər təklif etmişik, görünür, indi bu məsələlər aydınlaşdırılır. Biz İranın Qafan şəhərində konsulluq açması istiqamətində praktiki və şəffaf niyyətinin olduğunu müşahidə etdik”.
Qeyd edək ki, Ermənistan və İranın bir-birinin ölkələrində səfirlikləri var, lakin hələlik konsulluq açmayıblar.
SEPAH-a bağlı “Fars News” xəbər ajansının iddiasına görə, Türkiyə və Azərbaycanın mümkün “yeni təcavüzləri” zamanı İranın çəkindirici rol oynaya bilərmi sualına cavab olaraq Parsiyan belə cavab verib: “Təbii ki, İran İslam Respublikası iqtisadi və strateji baxımdan güclü dövlətdir. Dəfələrlə eşitmişik ki, sərhədlərin pozulması onlar üçün qırmızı xətt sayılır. İran səfiri ilə də danışdıq, dəhliz məsələsini müzakirə etdik. O, bir daha belə bir halın İran üçün qəbuledilməz olduğunu vurğuladı”.
Ülviyyə, Hurriyyet.az