İran rəsmisi: “Rəşt-Astara dəmir yolu xətti 4 ildən sonra açılacaq: Bununla bağlı ruslarla hər həftə danışıqlar aparırıq”
İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin vitse-prezidenti Abbas Xətibi, “90eghtesadi” saytında Rəşt-Astara yoluna dair açıqlama verib.
Açıqlamada deyilir: “Şimal-Cənub dəhlizi üzrə onun Bəndər Abbasdan Rəştə uzanan dəmir yolu xətti hissəsi tamamlanıb və bu beynəlxalq dəhlizin yekun hissəsi olan Rəştdən Astaraya qədər çox vacibdir və onun benefisiarları (Rusiya, Hindistan və qonşu ölkələr) nəzərə alınmaqla həmin ölkələr bu layihənin başa çatmasını istəyirlər. Bu yük layihəsi daşınma müddətini qısalda və maliyyə xərclərinə 30%-ə qədər qənaət edə bilər”.
Onun sözlərinə görə, Astara dəmir yolu xəttinin sonu rusların xüsusi diqqətini çəkib və İranın Yollar və Şəhərsalma Nazirliyi ilə Rusiya və Azərbaycan arasında əldə olunan Bakı razılaşmasına əsasən, adıçəkilən ölkələr bu dəmir yolu xəttinin tamamlanmasına çalışırlar. Hətta bununla bağlı hər həftə ruslarla həmin dəmiryol xəttinin tikintisinin layihələndirilməsi və xərcləri ilə bağlı görüşlər keçirilir.
“Çabahar-Zahidan dəmir yolu layihəsi (İran təqvimi ilə) 1403-cü ilin sonunda (2025-ci ilin əvvəlləri) tamamlanacaq, Rəşt-Astara layihəsi və digər dəmir yolu layihələri də daxil olmaqla digər layihələrin açılışının isə 4 il çəkəcəyi gözlənilir”, deyə Xətibi qeyd edib.
Ülviyyə, Hurriyyet.az