İran Şanxay Əməkdaşlıq Təşkilatının üzvü oldu
Hurriyyet.az xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində İrana Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv statusunun verilməsinə dair razılaşma memorandumu imzalanıb. Bu barədə İRNA məlumat yayıb.
Sənədləri gecə saatlarında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə ŞƏT-in baş katibi Çjan Min imzalayıb.
İranlı diplomat bildirib ki, İranın ŞƏT-ə daxil olması prosesinin başa çatması ilə bağlı bütün sənədlər bu yaxınlarda Nazirlər Kabineti tərəfindən təsdiq edilib və baxılması və hüquqi prosedurların aparılması üçün Məclisə göndərilib.
"Bundan sonra biz müxtəlif iqtisadi, ticarət, tranzit və enerji əməkdaşlığında yeni mərhələyə qədəm qoymuşuq", - deyə nazir vurğulayıb.
Çjan Min də bu günü həm İran, həm də Şanxay Əməkdaşlıq Təşkilatı üçün mühüm gün adlandırıb. Onun sözlərinə görə, İranın güclü və sabit ölkə statusu ŞƏT üçün böyük əhəmiyyət kəsb edir və İranın daxil olması Şanxay Əməkdaşlıq Təşkilatını gücləndirəcək.
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin (Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılmış, daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir. Hazırda təşkilatın Baş katibi Çjan Mindir. Təşkilatın rəsmi dilləri Çin və rus dilləridir.
Üzv dövlətlər Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan, İran və Özbəkistandır.
Əfqanıstan, Monqolustan və Belarus müşahidəçi statusuna malikdir, Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka dialoq üzrə tərəfdaşdırlar.
Hürr Tərcüman