İran ŞƏT üzvlüyünə qəbul ediləcək
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri Düşənbə şəhərində İranın təşkilata daxil olmasının başlanmasına razılıq verən sənəd imzalayıblar. Bu barədə bu gün keçirilən sammitdə açıqlama verilib. Qəbul edilən sənəd belə adlanır: “İran İslam Respublikasının ŞƏT üzvlüyünə qəbulu prosesinin başlanması barədə”.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bundan əvvəl sammitdə çıxış edərək Rusiyanın İranın Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmasını dəstəklədiyini bəyan eləmişdi: “Rusiya həmişə İranın ŞƏT-in işində tamformatlı iştirakının tərəfdarı olub. Çünki bu ölkə Avrasiya regionunda mühüm rola malikdir və artıq çoxdandır ki, ŞƏT ilə məhsuldar əməkdaşlıq edir. İranın təşkilata daxil olması ŞƏT-in beynəlxalq nüfuzunun getdikcə artmasına səbəb olacaqdır”.
İranın Xaric İşlər naziri Əmir Abdullahiyan bildirib: “İranın ŞƏT-ə daimi üzvlüyü barəsində sənədin təşkilatın liderləri tərəfindən Prezident İbrahim Rəisinin iştirakı ilə qəbul edilməsi dövlətimizi çox sevindirir. Bu strateji üzvlük İranın qonşuluq siyasəti, həmçinin Asiya yönümlü siyasəti çərçivəsində hərtərəfli əməkdaşlığına çox mühüm təsir göstərəcək”.