"İran, Səudiyyə Ərəbistanı və Rusiya neftin qiymətinin artmasında maraqlıdır" - ŞAHİN CƏFƏRLİ
"Çünki yüksək neft qiymətləri təkcə büdcə stabilliyi üçün deyil, geosiyasi maraqlar baxımından da Putin rejimi və Səudiyyə monarxiyası üçün vacibdir"
"OPEC+ formatının neftin qiymətini davamlı yüksəltmək imkanlarının tükənməyə başladığı mərhələdə husilərin Qırmızı dənizdə daşımaçılığa maneələr yaratması təsadüf deyil. Bu tip proksi qruplaşmalar özlərinin və himayəçilərinin maraqlarına zidd olmayan hər cür təklifə açıq olur və sifarişlə iş görürlər. Onların tutaq ki, Səudiyyə Ərəbistanı ilə konflikti ciddi problem deyil, bu qrupun başçıları idealist, yaxud ağılsız fanatiklər yox, praqmatik adamlardır". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.
Siyasi şərhçi bildirib ki, neftin qiymətinin artmasında və ya stabil-yüksək qalmasında hansı böyük oyunçular maraqlıdırsa, husilərin hərəkətə keçməsində də məhz onların maraqlı olduğuna şübhə yoxdur: "Məsələ sırf İsrailə zərər vurmaq niyyəti ilə bağlı ola bilməz, çünki təkcə İsrailə yük daşıyanlar yox, bütün gəmilər hədəf alınır. İranın bu qruplaşma ("Ənsərullah") üzərindəki təsiri məlumdur. İrandan əlavə, qiymətlərin artmasında marqlı olan əsas oyunçular sözsüz ki, Səudiyyə Ərəbistanı və Rusiyadır. Yüksək neft qiymətləri təkcə büdcə stabilliyi üçün deyil, geosiyasi maraqlar baxımından da Putin rejimi və Səudiyyə monarxiyası üçün vacibdir. Xüsusən ABŞ seçkiləri öncəsi onlar neftin və təbii ki, neft məhsullarının baha qalmasına çalışırlar ki, Trampın qələbə ehtimalı daha da artsın. Rusiya eyni zamanda ABŞ-ın diqqətinin Ukraynadan mümkün qədər çox yayınmasına da çalışır. Təbii ki, indiki ABŞ administrasiyası da bunu bildiyi üçün öz amorf bürokratik sisteminə rəğmən, husilərin provokasiyalarına çox operativ reaksiya verərək Qırmızı dənizdə azad gəmiçiliyi təmin etmək üçün "Rifahın mühafizəsi" adlı əməliyyata başlamağa qərar verdi. ABŞ-ın sürətlə formalaşdırdığı 10 dövlətdən ibarət koalisiya ticarət gəmilərini və tankerləri "Qırmızı dənizin quldurları"ndan qoruyacaq".
Şahin Cəfərli əlavə edib ki, Rusiya-Səudiyyə neft ittifaqının siyasətinin əks nəticələri də göz önündədir və uzun müddət həmin siyasətin davam etdirilməsi bu rejimlər üçün sərfəli görünmür: "ABŞ neft sənayesi, o cümlədən şist sənayesi ciddi inkişafdadır və hasilat artır. 4-cü rüb üçün ABŞ-da hasilat 12,5 milyon barrel həcmində proqnozlaşdırıldığı halda, 13,3 milyon barrel təşkil edəcəyi gözlənilir. Bu və əlbəttə ki, qlobal iqtisadiyyatla əlaqəli digər səbəblərdən OPEC+ formatının hasilatın ixtisarı yolu ilə bazara təsir imkanları get-gedə azalır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az