İran Zəngəzur dəhlizinə yaşıl işıq yandırmaqda nə qədər səmimidir?
İran mediasında “Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Türkiyəyə yaşıl işıq yandırmasının pərdəarxası” maraq və təəccüb doğurur. Fərqli ekspertlər bu barədə münasibət bildirirlər.
"Nabze Baazaar" saytı xəbər verir ki, İranın Cənubi Qafqazda Zəngəzur dəhlizinin açılmasına razılıq verməsi xəbərinə diplomatiya sahəsi üzrə ekspert Rəhman Qəhrəmanpur “X” hesabında münasibət bildirib:
“Əgər Tehranın Zəngəzur dəhlizinin İran ərazisindən keçməsi ilə bağlı razılıq verməsi xəbəri doğrudursa və sırf mediada yayılan dedi-qodu deyilsə, bu, çox mühüm hadisədir və onu göstərir ki, İranın nəzərində Qafqaz böhranının hərbi həlli yoxdur.
Bu dəhlizin kommersiya cəhətdən üstünlükləri o qədər böyükdür ki, geosiyasi və milli kimlik məsələləri ilə bağlı narahatlıqları azalda bilər.
Amma bu xəbərə ehtiyatla yanaşmaq lazımdır. Bəlkə də Ermənistana, hətta Rusiyaya təzyiq göstərmək üçün media oyunudur. Amma doğrudursa, bu, Türkiyə və Azərbaycanın İranın narahatlığını aradan qaldırmaq üçün göstərdiyi səylərin çox mühüm göstəricisidir. Görünür, İran belə bir təkliflə əvvəllər də çıxış etmişdi. Bu xəbərə reaksiyaları gözləmək lazımdır.
Bu təklifin reallaşması bir tərəfdən İranın Türkiyə ilə münasibətlərində böyük dəyişiklik, digər tərəfdən isə Cənubi Qafqazdakı rolunu artıracaq”.
Ülviyyə, Hurriyyet.az