"İran Zəngəzur dəhlizinin onu oyundankənar vəziyyətə salacağından qorxur" - ELXAN ŞAHİNOĞLU
"Tehran narahat olduğu mövzunu Bakı və Ankara ilə açıq müzakirə etmək əvəzinə altdan-alta Ermənistan hakimiyyətinə təzyiq edir ki, İrəvan Bakı ilə saziş imzalamasın"
"Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Bakıdan geri dönərkən təyyarədə jusnalistlərin suallarına cavab verərkən "Zəngəzur dəhlizi layihəsinin reallaşmaması Ermənistanla deyil, İranla bağlıdır" cümləsini səsləndirib. Ərdoğanın sözlərinə görə, İranın mövqeyi həm Türkiyəni, həm də Azərbaycanı narahat edir. Həqiqətən Tehran Ermənistan hakimiyyətinə təzyiq etməsəydi, dəhliz məsələsi indiyənə qədər həll olunmuşdu". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq hesab edir ki, Tehran bu dəhlizin İranı oyundankənar vəziyyətə salacağından qorxur: "Ancaq Tehran narahat olduğu mövzunu Bakı və Ankara ilə açıq müzakirə etmək əvəzinə altdan-alta Ermənistan hakimiyyətinə təzyiq edir ki, İrəvan Bakı ilə saziş imzalamasın. Bununla Tehran sözdə dost və tərəfdaş adlandırdığı Türkiyənin maraqları əleyhinə də siyasət yürütmüş olur ki, bunu Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan məhz belə qiymətləndirir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az