İrana ən çox sərmayə yatıran dövlət – hesablaşmalar milli pullarla aparılır
“İkimizi də sanksiyalarla təkləyiblər”
Hurriyyet.az xəbər verir ki, Rusiya İran iqtisadiyyatına sərmayə qoyan xarici investorlar arasında birinci yeri tutur, ölkələr arasında hesablaşmaların təxminən 60%-i milli valyutalarla aparılır.
Bu barədə İran-Rusiya Birgə Ticarət Palatasının rəhbəri Hadi Tizxuştaban məlumat verib.
O, IRNA agentliyinə müsahibəsində deyib: “Rusiya İranın iki neft layihəsinə 2,7 milyard dollar sərmayə qoyaraq, İranın ən böyük xarici investoru oldu. Bu, 2021-ci ilin oktyabrından 2023-cü ilin yanvarınadək İran iqtisadiyyatına qoyulan ümumi xarici investisiyanın təxminən 45%-ni təşkil edir”.
Tizxuştabanın sözlərinə görə, Rusiya ilə İran arasında hesablaşmaların təxminən 60%-i milli valyutalarla reallaşır, həmçinin, ödənişlərin 40%-i isə rublla həyata keçirilir.
“Rusiyanın İrandakı layihələri müxtəlifdir və bunlara enerji, dəmir yolu, avtomobil, kənd təsərrüfatı sahələri daxildir. İran isə Rusiyanı ərzaq və avtomobil sənayesi məhsulları ilə təmin edir”, – deyə Tizxuştaban əlavə edib.
İran-Rusiya Birgə Ticarət Palatasının rəhbəri deyib: “Ukraynada münaqişə başlayandan sonra Qərb ölkələri Moskvaya qarşı sanksiyalar tətbiq ediblər ki, bu da Tehrana qoyulan məhdudiyyətlərlə müqayisə oluna bilər. Bunun nəticəsində iki ölkə arasında əməkdaşlığa maraq daha da artıb”.
Hürr Tərcüman