İrana qarşı şikayətlə BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edildi – Ukrayna, Britaniya, İsveç və Kanada...
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna, Britaniya, İsveç və Kanada dövlətləri 2020-ci il yanvarın 8-də İran İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri tərəfindən Ukrayna Beynəlxalq Hava Yollarının PS752 nömrəli reysli sərnişin təyyarəsinin vurulması ilə əlaqədar iyulun 4-də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsinə şikayət ərizəsi ilə müraciət ediblər.
Tehran “Monreal Konvensiyasını” pozmaqda ittiham edilir. 1971-ci il Monreal Konvensiyasının tam adı “23 sentyabr 1971-ci il tarixli Mülki Aviasiya Təhlükəsizliyinə qarşı qanunsuz hərəkətlərin qarşısının alınması haqqında Konvensiya”dır. Sənəd mülki aviasiyanın təhlükəsizliyinə təhdid yarada biləcək cinayət və davranışların qarşısını almaq məqsədi ilə imzalanıb.
2020-ci il yanvarın 8-də İran hərbçiləri tərəfindən vurulmuş Ukrayna təyyarəsinin içərisindəki 176 sərnişinin və heyət üzvlərinin hamısı həlak olublar. Həlak olanların əksəriyyəti şikayətçi ölkələrin vətəndaşları olublar.
Hürr Tərcüman