İranda daha bir futbolçu ölüm cəzasına məhkum edildi
İranda davam edən etirazlarda həbs olunanlar edam edilərkən, daha bir edam xəbəri gündəmi silkələyib.
Bu dəfə iranlı futbolçu Nəsr-Azadani “Allaha qarşı müharibə aparmaq” ittihamı ilə edam cəzasına məhkum edilib.
Bir müddət 16 yaşadək futbolçulardan ibarət milli komandada çıxış edən və hazırda 26 yaşı tamam olan Əmir Nəsr-Azadani barəsində ölüm hökmü çıxarılıb.
Sentyabr ayında İsfahanda üç təhlükəsizlik qüvvəsinin ölümünə səbəb olan "silahlı qiyamda" iştirak etdiyi iddiası ilə həbs edilən Azadani "şikəst etmək, qeyri-qanuni dəstələrə qoşulmaq, təhlükəsizliyi pozmaq üçün əlbir olmaq və döyüşə kömək etmək" maddələri ilə ittiham olunub. Belə ki, İranda “Allaha qarşı müharibə etmək” mənasını verən döyüş ittihamları ölüm cəzası ilə nəticələnir.
Bununla belə, İranda indiki və keçmiş peşəkar futbolçular da Nəsr-Azadani üçün amnistiya elan olunmasını tələb ediblər. İran millisinin qapıçısı Əlirza Beyranvənd və komandanın keçmiş kapitanı Məsud Şocai sosial şəbəkələrdə gənc futbolçuya dəstək nümayiş etdiriblər.
Nəsr-Azadani 2015-16-cı illərdə "Rah Ahan" klubunda çıxış edib. O, 2016-2018-ci illərdə "Traktor"da çıxış edib. O, 2017-ci ilin noyabrdan peşəkar karyerası ilə vidalaşıb.
Xatırladaq ki, ölkədəki etirazlarla bağlı ittihamlarla həbs edilən İran millisinin iki keçmiş futbolçusu keçən ay zaminə buraxılıb. Tehranda “milli komandanı gözdən salmaq və dövlət əleyhinə təbliğat aparmaq” ittihamı ilə həbs edilən sağ cinah müdafiəçisi Voria Qafouri və keçmiş qapıçı Pərviz Boroumand Tehranda keçirilən etiraz aksiyalarında iştirak etdikləri üçün həbs ediliblər.
İki futbolçunun sərbəst buraxılması milli komandanın Qətərdə ABŞ-la dünya çempionatının final oyununa bir neçə saat qalmış baş verib. \\Demokrat.az