📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İrandakı aksiyalar tədricən məqsədinə çatır, hakimiyyətdə çatlar yaranır" - KƏNAN NOVRUZOV

2023-06-13 14:28:00

"Hakimiyyət hökumət, dövlət rəsmilərinin istefa verməsiylə islahata meyilli olduqlarını göstərməyə və beləliklə etirazların səngiməsinə nail olmaq istəyə bilər"

"İranın iqtisadiyyat üzrə vitse-prezidenti Möhsün Rezai istefa verib. Bu barədə Möhsün Rezainin ofisindən bildirilib. Məlumata görə, o, istefasını İqtisadi Əlaqələndirmə Şurasının katibliyində daimi olması ilə izah edib. Bildirilib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei İqtisadi Əlaqələndirmə Şurasının uğursuzluğunu tənqid etmişdi. Məlumata görə, S.Ə.Xamənei Prezident Rəisiyə katibliyin işini təşkil etmək üçün Möhsün Rezainin bu vəzifəyə təyin olunmasını təklif edib". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bildirib.

Ekspertin fikrincə, bu, gözlənilən idi. Onun sözlərinə görə, ölkədə davam edən aksiyalar fonunda hökumət və dövlət rəsmilərinin istefa verməsi və ya tutduqları vəzifələrdən kənarlaşdırılması proqnozlaşdırılırdı: "Birincisi ona görə ki, hakimiyyət bu addımla özlərinin islahata meyilli olduqlarını göstərməyə və beləliklə etirazların səngiməsinə nail olmaq istəyə bilər. İkincisi, daxildəki gərginlik getdikcə artır. Bu isə vəzifəli şəxslərin özlərinin könüllü şəkildə istefa verməsinə səbəb ola bilər. Üçüncüsü, M.Rezainin iqtisadi sahə ilə bağlı olması diqqət çəkir. Çünki etirazçıların əsas narazılıqlarından biri də məhz iqtisadi vəziyyətlə bağlıdır".

Kənan Novruzov qeyd edib ki, İranda istefaların bundan sonra da davam edəcəyi istisna deyil: "Görünür, aksiyalar tədricən məqsədinə çatır: hakimiyyətdə çatlar yaranır. Hərçənd İran kimi imperialist ənənələrinə malik dövlətlər üçün bir şəxsin istefaya göndərilməsi hələ iqtidarın dəyişiləcəyi kimi başa düşülməməlidir. Düşünürəm ki, aksiyaların nəticələri davam edəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az