İrandan tələb: “BMT ABŞ ilə İsraili məsuliyyətə cəlb eləməlidir”
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi təmsilçisi Məcid Taxt-Rəvançı BMT Təhlükəsizlik Şurasını ABŞ ilə İsraili general Qasım Süleymaninin qətlinə görə məsuliyyətə cəlb eləməyə çağırıb. Məcid Taxt-Rəvançı bu tələbi BMT TŞ sədrinə məktubundə bildirib. Məktub Süleymaninin ölümünün ikinci ildönümü ilə əlaqədar göndərilib.
2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad aeroportunda apardığı əməliyyat nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general Qasım Süleymani və İraqın şiə döyüşçülərinin başçısının müavini Əbu Mehdi əl Mühəndis qətlə yetirilmişdi. Vaşinqton onların 2019-cu il, dekabrın 31-də ABŞ-ın Bağdadakı səfirliyinə edilmiş hücumda əli olduqlarını güman edir. Süleymaninin öldürülməsinə cavab olaraq İran İraqdakı Amerika bazalarına, o cümlədən Ayn əl Əsəd bazasına zərbələr endirmişdi.
Ravançinin yazdığına görə, Süleymani beynəlxalq terrorçuluqla mübarizədə mühüm rol oynamışdı, ona görə də onun qətli İŞİD və BMT TŞ tərəfindən terorçular siyahısına salınmış digər terrorçu qruplaşmalar üçün “böyük hədiyyə” olub.
Məktubda deyilir: “Bu terror aktının beynəlxalq sülh və təhlükəsizlik üçün ağır fəsadlarını nəzərə alaraq, Təhlükəsizlik Şurası özünün nizamnamə öhdəliklərini icra eləməli və ABŞ ilə İsrail rejimini bu terror aktının planlaşdırılması, dəstəklənməsi və törədilməsinə görə məsuliyyətə cəlb eləməlidir”.
Hürr Tərcüman