📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İranın ağlı və məntiqi olsa, gərək bir daha Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsin" - ELXAN ŞAHİNOĞLU

2022-12-07 11:23:00

"Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə birgə hərbi təliminin iştirakçılarına müraciətindəki cümlələrin tamamı birbaşa Tehrana mesaj idi"

"İranın bir neçə dəfə Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər Bakı ilə yanaşı, Ankaranı da ciddi düşündürmüşdü. Ankaranın Tehranla münasibətləri bizimki qədər gərgin deyil. Ancaq Türkiyə İranın Azərbaycanı hədələməsinə seyrçi qala bilməzdi və Azərbaycanla birgə hərbi təlimlər vasitəsiylə Tehranı xəbərdar etməliydi". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə birgə hərbi təliminin iştirakçılarına müraciətindəki cümlələrin tamamı birbaşa Tehrana mesaj idi: ""Çətin hava şəraitində keçirilən təlimlər Azərbaycan və Türkiyə hərbçilərini daha da gücləndirəcək. Türkiyə və Azərbaycan bu hərbi təlimlərlə həmrəylik nümayiş etdirib. İnanıram ki, sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də göstərdi ki, heç kim bizi bir-birimizdən ayıra bilməz və ayıra bilməyəcək". Türkiyə-Azərbaycan birgə hərbi təlimləri İranda yaşayan fəal azərbaycanlıları öz haqları uğrunda mübarizəyə daha çox həvəsləndirir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, Tehranın ağlı və məntiqi olsa, gərək bir daha Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsin: "Ancaq məntiq olsaydı münasibətləri gərginlikdən qurtarmaq üçün yollar axtarardılar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az