📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın Azərbaycana qarşı “narkotik savaşı”

2021-08-24 11:37:00

İranın Azərbaycana qarşı “narkotik savaşı”

Molla rejimi gəncliyimizi necə hədəfə alıb...

II YAZI

Gəncliyin dövlət və millət üçün əhəmiyyətini təsvir edən belə bir şüar var: “Sağlam gənclik sağlam gələcəkdir”. Həqiqətən də belədir. Çünki nəsillər bir-birini əvəz edir və dövlətin gələcək mövcudluğu, etibarlı əllərə ötürülməsi bir-birinin yerini tutan gənclikdən birbaşa asılıdır. Daha doğrusu, bu gəncliyin nə qədər fiziki və mənəvi sağlam olmasından asılıdır.

İranın ölkəmizə və millətimizə narkotik ticarəti üzərindən açdığı savaş da məhz bu prizmadan gözdən keçirilməlidir. Yəni İranın Azərbaycana “böyük səxavətlə” ötürdüyü narkoməhsullar açıq və birbaşa gənc nəslimizin fiziki, mənəvi deqradasiyasına, məhvinə yönəlib.

Əslində, narkotiklər hər zaman daha zəif iradəli insan qruplarının utilizasiyası kimi istifadə edildi. İranın da narkotiklərin yayılması və beynəlxalq bazarlara çıxarılmasında rolunu nəzərə alsaq, anlaşılır ki, Azərbaycana qarşı iki məqsədlə narkotik savaşı həyata keçirilir. Birinci məqsəd İranın Azərbaycan gəncliyinə qarşı açdığı narkomaniya genosididir. İkincisi isə, elə İranın bizə qarşı apardığı narkotik genosidi üzərindən dünya əhalisinin azadlılması siyasəti çərçivəsində gənc əhalinin sıradan çıxarılması. Əlbəttə, narkotiklər yolu ilə yayılan təhlükəli xəstəliklər də diqqətə alınmalıdır. Yəni iş içində iş var.

İranın Azərbaycana qarşı açdığı narkotik savaşına ölkənin güc orqanları tərəfindən “cavab atəşi” açılsa da, hələ ki, bariz görünən parlaq nəticələr gözə görünmür. Yəni narkotik kriminalı sahəsində vəziyyətin fəlakətli həddə çatmasına rəğmən, gözlə görülən nailiyyətlər müşahidə olunmur. Bəs, problemin kökü hardadır? Ölkəmizi Əfqanıstandan dünyanın müxtəlif ölkələrində qərar tutan paylama məntəqələrinə qədər uzanan narkotrafik reysi üzərində “su yoluna” döndərən transmilli kriminal şəbəkə ilə mübarizə nədən effekt vermir?

Başlayaq mömin roluna girmiş şeytan xarakterli qonşumuzdan. Yəni bölgənin narkotik tranziti ilə təminatını həyata keçirən, obrazlı ifadə etsək, narkotrafikin “prismotrşik”i rolunu yerinə yetirən İrandan. İran nəinki bölgə, hətta dünya səviyyəsində zəngin narkotrafik tərcümeyi-halına malikdir. Əlbəttə, molla rejiminin bu sahədə qədim və dərin tarixi var, amma biz çox uzaq tarixə dalmayacağıq.

ABŞ-ın sanksiyalarından sonra iqtisadiyyatı kifayət qədər əziyyət çəkən İrana valyuta azalsa da, neft satışı “əl altdan” davam etdi. Amma İranın xarici valyuta mənbəyi yalnız neft satışı deyildi. İqtisadiyyatın rəsmi qeydə alınmış sahəsi olmayan, vergilərdən azad, rəsmi dövriyyədə olmayan nəhəng gəlirli seqmentlərdən biri, hətta ən önəmlisi qanunsuz narkotik dövriyyəsidir. Bu dövriyyə o qədər nəhəng gəlir gətirir ki, hətta monarxların varidatı da narkokartellərin başçılarının qazandıqları sərvətlə müqayisədə kölgədə qalır. İldən-ilə narkodilerlər məhsullarının daşınması və  satışçınını realizasiyası üçün yeni üsullar tapırlar. Əlbəttə, Azərbaycanda narkotiklərin satıcılara paylandığı narkobazanın aşkarlanamaması bu üsulların mükəmməl olması və daşınmada, paylanmada mütləq “hansısa baronların” üç strukturun işinə təsir etməsi, fəaliyyətin qüsursuz koordinasiya ilə aparılmasını ağla gətirir. Əks halda mütləq narkomənbə aşkarlanar, iflic vəziyyətinə salınardı. Mümkündür ki, daşınma prosesində sualtı vasitələr istifadə edilir, yəni daşınma dənizdən aparılır. Odur ki, bu gün DSX-nın dəniz sərhədlərimizi nə qədər sərvaxt qoruması da çox önəmli faktordur. Çünki quru sərhədindən daha çox ələ keçmələr ola bilər. Bu baxımdan, gizli işlərin su sərhədlərindən keçərək baş tutması mümkündür. Lap “İşarəni dənizdən gözlə” filmində olduğu kimi. Satış da internet üzərindən həyata keçirilir. Bu isə o deməkdir ki, qanunsuz narkotik dövriyyəsində narkobaronlar dövlətin içindəki etibarlı adamlarından istifadə edərək, narkotik daşımaçılığını reallaşdırır. Başqa cür mümkün ola bilməz. Narkotik mənbəyinin aşkarlanmamasının yalnız belə izah etmək olar.

Yeri gəlmişkən, Əfqanıstanda vəziyyətin xaosa sürüklənməsi nəzarətsiz narkoticarət üçün ideal şəraiti təmin edəcək. Heç də təsadüfi deyil ki, İran “Taliban”ın hakimiyyəti ələ almasında xüsusi canfəşanlıq göstərdi. İranın, xüsusən İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ilə, İrana bağlı “Hizbullah”ın qlobal narkotik ticarəti şəbəkəsinə qarışdığını göstərən dəlillər var. Söhbət iranlı narkokartel sahiblərinin Latın Amerikası narkotik kartelləri- "ortaqları" ilə işləri yoluna qoymağı bacarmasından gedir. Sözsüz ki, bu cür fəaliyyət ölkənin ali rəhbərliyinin xəbəri olmadan həyata keçirilə bilməz. Göründüyü kimi, İran rejimi bu fəaliyyətləri bir tərəfdən qlobal hibrid müharibədə iştirakını və maraqlarını təmin etməyi davam etdirməkdən ötrü valyuta əldə etmək üçün fürsət, digər tərəfdən də Qərb ölkələrinə və ilk növbədə ABŞ-a qarşı "Narkocihad" kimi qiymətləndirir. Həm də Çinin tərəfində çıxış edərək...

Bir çoxlarını çətin iqtisadi vəziyyətdə olan İranın bölgədə sabitıliyi pozmaq üçün nəhəng kampaniyanı, həmçinin qərbdəki geniş agentura şəbəkəsini necə maliyyələşdirə bildiyi təəccübləndirir. Əlbəttə ki, İran xüsusi xidmət orqanlarının qlobal narkotik ticarətinə “inteqrasiyası” ilə. Eləcə də narkobaronlarla əlaqəli adamların bu orqanlara sözükeçən adamların təzyiqindən də söhbət gedə bilər. Hər bir halda cavabdeh dairələrin İran bağlantısı mütləq araşdırılmalıdır.  

Qeyd etmək lazımdır ki, İİKK qanunsuz narkotik dövriyyəsi olmadan belə, İranda qaçaqmalçılıq yolu ilə müxtəlif yüklərin idxalı-ixracı üçün istifadə edilən “qeyri-qanuni dəniz limanları” da daxil olmaqla, İranda saya-hesaba gəlməyən biznes imperiyasına nəzarət edir. Cənubi və Mərkəzi Amerikadakı narkotik kartelləri ilə əlaqələr “Hizbullah” vasitəsi ilə həyata keçirilir və tənzimlənir.

Media resurslarında mövcud olan məlumata görə, 2012-ci ilin mart ayında ABŞ Maliyyə Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitini, Qüds dəstəsinin komandiri general Qulamreza Bağbaniyə qarşı ittiham irəli sürdü. İttiham Qərbə heroin ixracatının baş qəhramanıdır. Bundan başqa, hələ o zaman bəzi “Taliban” komandirləri bu siyahıya daxil edilmişdi. Beləliklə, İran xüsusi xidmət orqanları narkotik alverindən əldə olunan vəsaitləri “Taliban”ın silah və sursatı üçün sərf ediblər. Şiə təəssübkeşlərinin sünni radikallara silah təchizatı qəribə görünə bilər, amma Əfqanıstanda baş verən son hadisələrdə İranın “Taliban”a canfəşanlığı və dəstəyindən sonra, bu, təəccüb doğrumamalıdır. Bundan əlavə, İranın 2011-ci ildə Səudiyyə Ərəbistanının ABŞ -dakı səfirinin öldürdürülməsi üçün Tehranın güclü əlaqələr saxladığı Meksika narkotik kartellərinə müraciət etməsi qəribə görünməməlidir.

Yenə də İranın bu cür məsələlərdə yalnız narkokartellərə və “Hizbullah”a güvəndiyinə aldanmaq olmaz. Hələ Hüqo Çavezin hakimiyyəti dövründə, Tehran Venesuela ilə sıx əməkdaşlıq qurmuşdu və narkotik ticarəti də daxil olmaqla, Venesuela İranın Cənubi-Mərkəzi Amerikaya qapısı oldu. Bu, venesuelalılar üçün yeni deyildi, çünki məlumatlara görə prezident Nikolas Maduro ailəsi də daxil olmaqla Venesuela elitasının demək olar ki, hamısı narkotik ticarəti ilə məşğul olur.

Livan rəsmilərinin bildirdiyinə görə, Venesuelaya və Venesueladan müntəzəm uçuşlar həyata keçirən “IranAir” təyyarələri də narkotik daşınmasında iştirak edir. “Hizbullah” “elçiləri” həm də Cənubi Amerikadan Avropaya kokain ixracını da nizamlayırlar ki, bu da onlara sabit valyutada xeyli gəlir gətirir. Bu pullar, şübhəsiz ki, “Hizbullah”ın fəaliyyətinin maliyyələşdirilməsinə sərf olunur. Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş əməkdaşı Maykl Braunun sözlərinə görə, “Hizbullah” "şahid olduğumuz ən mürəkkəb pulların yuyulması sxemini" ərsəyə gətirib.

İran “mollandiya”rejiminin Cənubi Amerikadakı baş ortağı Venesuela pasport məsələlərində də "Yaxın Şərq dostlarına" kömək etmişdi. Hələ o zaman Venesuela pasportları, daha doğrusu, bu ölkənin Yaxın Şərqdəki səfirlikləri vasitəsi ilə açıq satışları ictimailəşmişdi və qalmaqala səbəb olmuşdu. Suriya, İraq, İordaniya, Livan və İran vətəndaşları arasında Venesuela pasportları alanlar çoxdur.

Hal-hazırda, nə qədər Venesuela pasportları sahibinin Yaxın Şərq münaqişələrindən qaçmaq istəyən insanlar olduğu və neçə nəfərin də “Hizbullah”, yaxud İran agentləri olduğu bilinmir. Bu adamlar Tehrandan əlavə təlimatlar gözləyərək, hələ ki, yuxuda olan terror hüceyrəsi yarada bilər. Bu insanlar, heç şübhə oyandırmadan Mərkəzi Amerika və Cənubi Amerikada maneəsiz səyahət edə biləcək aktiv agentlər ola və təhlükəsizlik orqanlarının diqqətini çəkmədən, bölgədəki İran narkotik ticarəti bağlantılarını qura bilər. Həmçinin, “Hizbullah”ın Braziliyadakı narkotik kartelləri və bandaları ilə sıx əməkdaşlıq etdiyinə dair sübutlar da var. Hansı ki, Braziliyada istehsal edilən kokain də ABŞ və AB ölkələrinə satışa göndərilir.

2017-ci ilin sonunda dünya Barak Obamanın prezidentliyi ilə bağlı səsgətirən qalmaqallardan biri ilə şoka düşdü. “Politico” nəşrində bu qalmaqala "Cassandra Projesi" adı ilə aydınlıq gətirildi.

"Cassandra Projesi", 2008-ci ildə ABŞ Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən başladılan genişmiqyaslı  əməliyyatdır. Araşdırma zamanı NMİ agentləri, ABŞ və Avropada “Hizbullah”ın narkotik qaçaqmalçıları şəbəkəsinə daxil olduğunu və çirkli pulların yuyulması üçün çox mürəkkəb şəbəkəni aşkarlamağı bacardılar. Buna İran rejimi üçün Bell vertolyotlarının, gecə binoklları və gözlüklərinin və digər əşyaların qaçaqmalçılığı da aid idi. NMİ-yə görə, “Hizbullah” narkotik vasitələrin, silahların qaçaqmalçılığı, köhnə avtomobillərin satışı və digər cinayət əməlləri hesabına çirkli pulların yuyulması ilə 1 milyard dollar əldə edirdi.

2008-ci ildən 2021-ci ilə qədər 13 il keçdiyini nəzərə alsaq, “Hizbullah”ın təkcə narkotik ticarəti hesabına ən azı 13 milyard dollar qazandığını təxmin edə bilərik.

Burada bir haşiyə çıxaraq deyək ki, Livan büdcəsinin 2016 -cı il gəlirləri 10 milyard dollar təşkil edib.

Amma "Cassandra Projesi" uğurla sonuclanmadı, narkotik ticarəti və çirkli pulların yuyulması şəbəkəsinin məhv edilməsi ilə bitmədi. “Politico”nun araşdırmasından göründüyü kimi, Obama administrasiyası nəinki layihəni dəstəkləmədi, həm də hər cür maneələrlə müdaxilə etdi. Maraqlıdır, eləmi? Lap Azərbaycandakı narkotrafikin ifşa edilməsi cəhdlərinə baxmayaraq, narkotrafiki yönəldənlərin aşkar edilməməsinə bənzəyir. Niyə? Çünki şəbəkə narkobaronlarla əlaqəli  “yuxarı” adamlar tərəfindən himayə olunur və ifşa edilməsinə maneə törədilir. Daha ətraflı az sonra...

“Politico”nun araşdırmasına və orada təqdim olunan faktlara nəzər salarsaq bəlli olur ki, Ağ Evi “Cassandra Projesi”ni sabotaj etdi. Administrasiya bilməli idi ki, narkotiklərin bir hissəsi ABŞ-da ABŞ vətəndaşlarına, digər bir hissəsi Avropada, ABŞ-ın müttəfiq ölkələrində satılır və pullar terror üçün istifadə edilir. Ağ Ev çirkli pulların yuyulmasının ən mürəkkəb sxemini də bilməli idi, bunun bir hissəsi ABŞ-da başlamışdı, digər ucu Beyruta və bəlkə də oradan Tehrana getmişdi.

1997-ci ildə “Hizbullah”ın ABŞ Dövlət Departamenti tərəfindən terror təşkilatları siyahısına daxil edildiyi də nəzərə alınmalıdır. Obama administrasiyasının bu hərəkətsizliyinin səbəbi İrana və onun bölgədəki roluna xüsusi münasibəti idi. Əcaba niyə?

Bir neçə gün sonra, “Politico”dan sonra “Washington Post” da Erik Vemplin Obama administrasiyasının keçmiş yüksək rütbəli məmurlarının sözlərindən sitat gətirdiyi məqalə dərc etdi. Rəsmilər oxşar şeyi qəti rədd etdilər və “Politico”nu yalan məlumatlar yaymaqda günahlandırdılar. Bununla yanaşı, demək olar ki, bütün rəsmilər “Hizbullah”a qarşı mübarizə apardıqlarını və buna sadiq  olduqlarını vurğuladılar. Bəs, necə oldu ki, ABŞ dövlət maşınının “Hizbullah”la bu qədər fəal mübarizəsi nəticəsində bu qurum böyüməyi və bu qədər güclü olmağı bacardı?

İran xüsusi xidmət orqanları da Avropada narkotik ticarətini maneəsiz təşkil etmək üçün şimal sərhədlərindən istifadə edirlər. Narkotiklər Azərbaycanın vaxtilə işğal olunmuş əraziləri vasitəsilə Gürcüstanın Qara dəniz limanlarına daşınır. Təəccübləndikmi? Məncə, xeyr! İndi aydındırmı, nəyə görə İran Azərbaycanın Zəngəzur dəhlizinin qarşısını almaq üçün min oyundan çıxır və özünün Ermənistandan Gürcüstana, oradan da Qara dənizlə Avropaya uzanan transport dəhlizi layighəsini ərsəyə gətirmək üçün bu qədər cəhd göstərir?

 

(Ardı var)