İRANIN BÖYÜK PLANI TƏHLÜKƏDƏ... - Yaxın Şərqdə həlledici döyüş başlayır!
İran-İraq müharibəsindən sonra rəsmi Tehran Yaxın Şərqdə güclü təsir mərkəzinə çevrilmək üçün uzunmüddətli və çoxşaxəli strategiya hazırlamağa başladı. Bu strategiyanın həyata keçirilməsi böyük maliyyə resursları, uzun zaman və ciddi siyasi-hərbi imkanlar tələb edirdi. İran illər boyu bu istiqamətdə xərclərdən çəkinmədən, mərhələli şəkildə regional gücünü artırmağa çalışıb. Əslində, bu, İranın hərbi-iqtisadi potensialını ciddi şəkildə sınağa çəkən böyük bir layihə idi.
ABŞ kimi fövqəldövlətin, eləcə də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kimi ölkələrin geostrateji maraqlarının toqquşduğu bir mühitdə İranın önə çıxmaq cəhdi onun qarşısında çoxsaylı risklər yaradırdı. Üstəlik, Tehran ABŞ-ın müttəfiqi İsraili əsas düşməni hesab edir və regional siyasətini böyük ölçüdə bu qarşıdurma üzərində qururdu.
İranın uzunmüddətli strategiyasını şərti olaraq üç əsas istiqamətə bölmək olar. Birinci istiqamət nüvə arsenalının yaradılması, ikinci istiqamət müxtəlif zərbə gücünə və uçuş mənzilinə malik ballistik raketlərin hazırlanması və onların yeraltı, qorunan obyektlərdə yerləşdirilməsi, üçüncü istiqamət isə Yaxın Şərqdə şiə ideologiyası və “müqavimət oxu” anlayışı ətrafında silahlı vəkalət qüvvələri şəbəkəsinin formalaşdırılması idi.
İran nüvə silahı əldə etmək niyyətinin olmadığını dəfələrlə bəyan etsə də, uranın yüksək səviyyədə zənginləşdirilməsi və nüvə proqramının inkişafı ABŞ-ı daim ciddi narahat edib. Yeraltı dərinliklərdə uranın zənginləşdirilməsi mərkəzlərinin yaradılması da bu narahatlığı artıran amillərdən biridir.
Digər tərəfdən, İran böyük maliyyə və texniki resurslar hesabına raket proqramını əhəmiyyətli dərəcədə inkişaf etdirib. Rusiya, Çin və Şimali Koreyanın müəyyən texniki dəstəyi ilə İran raket texnologiyalarını xeyli təkmilləşdirə bilib.

Strategiyanın üçüncü sütunu isə İranın regional təsir şəbəkəsinin – vəkalət qüvvələrinin yaradılması idi. Tehran bu strategiya çərçivəsində Aralıq dənizindən Hind okeanına və Qırmızı dənizədək uzanan geniş coğrafiyada özünə bağlı və ya onunla əməkdaşlıq edən silahlı qruplar formalaşdırmağa və onları maliyyələşdirməyə başladı. Bəzi ekspertlərin hesablamalarına görə, bu məqsədlə indiyədək 80 milyard dollar xərclənib.

Bu fəaliyyət əsasən İran İslam İnqilabı Keşikçiləri Korpusuna – SEPAH-a həvalə olunub. SEPAH həm silahlandırma və hərbi təlim, həm də ideoloji təbliğat istiqamətində əsas rol oynayıb. Bu şəbəkənin ən mühüm elementləri arasında Livandakı “Hizbullah” və Yəməndəki “Ənsərullah” – husilər xüsusi yer tutur. Bundan başqa, Bəşər Əsədin hakimiyyəti dövründə Suriya İranın regional strategiyasının mühüm dayaqlarından birinə çevrilmişdi. SEPAH qüvvələri və İranın dəstəklədiyi silahlı qruplar Suriya vətəndaş müharibəsində birbaşa iştirak etmişdilər.
Hazırkı mərhələdə İranın vəkalət qüvvələrinə arxalanan strategiyası ciddi şəkildə sarsılıb.
İranın ABŞ və İsraillə qarşıdurması hələ başa çatmayıb və onun yenidən genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı yüksək olaraq qalır. ABŞ administrasiyasının İrana qarşı dəniz blokadası və digər təzyiq vasitələrindən istifadə etməsi Tehranın iqtisadi və hərbi imkanlarına əlavə məhdudiyyətlər yarada bilər. Vəkalət qüvvələrinə gəlincə, “Hizbullah” xeyli zəifləyib, “Həşdi-Şabi”nin isə İraq hökumətinin siyasi xəttindən tamamilə kənara çıxması inandırıcı görünmür.

İran husilər vasitəsilə dünya neft daşımalarına nəzarət etmək kimi böyük iddaya düçüb. SEPAH husilərdən istifadə etməklə Səudiyyə Ərəbistanının neft sektorunu iflic etmək niyyətindədir. Lakin bu siyasət təkcə Ər-Riyadın maraqlarına zidd deyil. O, həm də neftə böyük ehtiyac duyan və İranla münasibətlərini inkişaf etdirməyə çalışan Çinin maraqlarına uyğun gəlmir. Qırmızı dənizdə və Bab əl-Məndəb boğazı ətrafında gəmiçiliyə təhlükə yaranması qlobal enerji bazarına və beynəlxalq ticarətə də ciddi təsir göstərə bilər.
Hazırkı vəziyyətdə Səudiyyə Ərəbistanı husilərə qarşı Yəmənin hökumət qüvvələrinə hərbi və hava dəstəyi göstərmək strategiyasına üstünlük verir. Ər-Riyadın quru qoşunlarını genişmiqyaslı döyüşlərə cəlb etməkdə ehtiyatlı davranmasının bir neçə səbəbi var. Birincisi, belə bir müharibə Səudiyyə ordusu üçün ciddi itkilərlə nəticələnə bilər. İkincisi, Yəmən ərazisində xarici ordunun birbaşa iştirakı siyasi baxımdan ciddi narazılıq doğura bilər. Buna görə də Səudiyyə daha çox Yəmən hökumət qüvvələrinin önə çıxmasına üstünlük verir.
Avqust ayında Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalandığı bildirilən “Məkkə paktı” çərçivəsində Türkiyənin Səudiyyə Ərəbistanına dronlar və hərbi təlimatçılar vasitəsilə yardım etməyə başladığı qeyd olunur. “Reuters” agentliyinin məlumatına görə, Pakistan Səudiyyə Ərəbistanına hərbçi yerləşdirməyə başlayıb.
Husi döyüşçülərinin sayının təxminən 100 min nəfər olduğu bildirilir. Səudiyyə Ərəbistanının hərbi hava qüvvələri əsasən F-15 qırıcı-bombardmançılarından istifadə edir. Onların başlıca hədəfləri “Ənsərullah”ın silah anbarları, radar sistemləri və raket buraxılış məntəqələridir. Husilər açıq ərazilərdə göründükdə aviasiya hücumları onların hərəkət imkanlarını məhdudlaşdırır. Buna görə də husilər əvvəlki kimi böyük dəstələrlə açıq ərazilərdə hərəkət etməkdən çəkinirlər.

Müharibəyə əvvəlcədən hazırlaşan husilər silahlarının bir hissəsini yeraltı tunellərdə, mağaralarda və dağlıq ərazilərdəki müxtəlif sığınacaqlarda yerləşdiriblər. Hava hücumları onların sərbəst hərəkətinə ciddi maneələr yaratsa da, dağlıq relyef və ərazini yaxşı tanımaları müdafiə imkanlarını artırır. Bu şəraitdə onları yalnız havadan zərbələr endirməklə tamamilə məğlub etmək çətin ola bilər.
Husilər silah anbarlarını və hərbi ehtiyatlarını nə qədər yaxşı qorusalar da, onların arsenalı tükənməz deyil. İranın mövcud şəraitdə onlara silah yardımı etməsi də xeyli çətinləşə bilər. Əgər husilər uzunmüddətli tükəndirmə müharibəsinə cəlb olunsalar, ehtiyatlarının bərpası və mövqelərinin qorunması getdikcə çətinləşəcək. Səudiyyənin hava dəstəyi ilə Yəmən hökumət qüvvələri sahil istiqamətində ciddi nəticələr əldə edə bilsələr, husilər dağlıq ərazilərə çəkilmək məcburiyyətində qala bilərlər. Bununla belə, onların uzunmüddətli müharibəyə hazırlaşması ehtimalını da nəzərə almaq lazımdır.
Digər mühüm məsələ husilərə qarşı döyüşən Yəmən qüvvələri arasında fikir ayrılıqlarının olmasıdır. Bu qüvvələrin vahid komandanlıq altında nə dərəcədə əlaqələndiriləcəyi müharibənin gələcək taleyinə birbaşa təsir göstərəcək. Əgər Səudiyyə Ərəbistanı müxtəlif qrupların fəaliyyətini daha effektiv şəkildə əlaqələndirə və Bab əl-Məndəb boğazı istiqamətində nəzarəti gücləndirə bilsə, husilərin vəziyyəti daha da ağırlaşacaq.

Mövcud məlumatlara görə, Səudiyyənin dəstəklədiyi Yəmən hökumət qüvvələri son günlər mühüm taktiki uğurlar qazanıb, Bab əl-Məndəb istiqamətində təşəbbüsü ələ almağa və irəliləməyə çalışırlar. Belə görünür ki, münaqişənin hərbi mərhələsi daha da şiddətlənə bilər. Bununla belə, taktiki uğurların davamlı strateji üstünlüyə çevrilməsi üçün hökumət qüvvələrinin daxili birliyi və uzunmüddətli təchizat imkanları həlledici əhəmiyyət daşıyacaq.
Bununla yanaşı, İranın və husilərin güclü tərəflərini də nəzərdən qaçırmaq olmaz. İranın əsas üstünlüklərindən biri onilliklər ərzində formalaşdırdığı hərbi-sənaye potensialı, ballistik raket və pilotsuz uçuş aparatları proqramları, eləcə də regional əlaqələridir. Ölkənin böyük ərazisi, mürəkkəb coğrafi mövqeyi və hərbi infrastrukturunun bir hissəsinin qorunan obyektlərdə yerləşməsi onun hərbi imkanlarını tamamilə sıradan çıxarmağı çətinləşdirir.
İranın asimmetrik müharibə təcrübəsi və rəqiblərinə müxtəlif istiqamətlərdən təzyiq göstərmək imkanları da qalmaqdadır. Buna görə də regional müttəfiqlərinin zəifləməsi Tehranın bütün təsir rıçaqlarını itirməsi demək deyil.

Husilərin əsas üstünlükləri isə Yəmənin dağlıq ərazilərində möhkəmlənmələri, uzunmüddətli silahlı münaqişə təcrübələri və müəyyən idarəetmə strukturlarına malik olmaları ilə bağlıdır. Onlar illər ərzində hərbi təzyiq və hava zərbələri şəraitində fəaliyyət göstərməyə uyğunlaşıblar. Raket və dron imkanları husilərə hərbi və texnoloji baxımdan üstün rəqiblər üçün də təhlükə yaratmaq imkanı verir. Bundan başqa, Yəmən hökumət qüvvələri arasında siyasi və hərbi fikir ayrılıqlarının qalması husilərin mövqelərini qorumasını asanlaşdıra bilər. Bu amillər onların qısa müddətdə tam məğlub edilməsini çətinləşdirir.
Bununla belə, İranın və husilərin malik olduğu imkanlar onların qarşıdurmadan mütləq qalib çıxacağına zəmanət vermir. İranın dəstəyinin hansı səviyyədə davam edəcəyi, husilərin hərbi ehtiyatlarını nə dərəcədə bərpa edə biləcəyi, Yəmən hökumət qüvvələrinin vahid komandanlıq altında birləşməsi və Səudiyyə Ərəbistanının müttəfiqləri ilə koordinasiyası münaqişənin nəticəsinə ciddi təsir göstərəcək. Husilərin mövqelərini qoruması onların qələbəsi demək olmadığı kimi, İranın regional təsirinin zəifləməsi də Tehranın bütün imkanlarının tükənməsi anlamına gəlmir.
Beləliklə, İranın onilliklər ərzində formalaşdırdığı regional strategiyanın əsas dayaqları – nüvə potensialı, raket proqramı və vəkalət qüvvələri şəbəkəsi ciddi sınaqla üzləşib. Husilər bu strategiyanın Yaxın Şərqdəki mühüm dayaqlarından biri olaraq qalırlar. Onların gələcək taleyi yalnız döyüş meydanındakı vəziyyətdən deyil, həm də İranın dəstəyindən, hərbi-logistik imkanlarından və Yəməndəki siyasi qüvvələr arasındakı münasibətlərdən asılı olacaq.
Əgər husilərin Səudiyyə Ərəbistanı və Yəmən hökumət qüvvələri ilə müharibəsi uzunmüddətli xarakter alarsa, qarşıdurmanın taleyini əsasən tərəflərin resursları, təchizat imkanları və müttəfiqlərinin dəstəyi müəyyən edəcək. Səudiyyənin əsas məqsədi müttəfiqlərinin köməyi ilə husilərin hərbi imkanlarını məhdudlaşdırmaqdır. Husilərin məqsədi isə mövcud mövqelərini qorumaq və rəqiblərinin hərbi üstünlüyünü nəticəsiz qoymaq olacaq. Buna görə də qarşıdurmanın qısa müddətdə yekunlaşacağını söyləmək hələ tezdir.
Vaqif Nəsibov