“İranın “casus yuvaları” birliyimizi pozmağa çalışır” - Partiya sədri
“Məktəblərdə vahid geyim formasının tətbiqinin bəziləri tərəfindən narazılıqla qarşılanması anlaşılmazdır”. Musavat.com xəbər verir ki, bu barədə Milli Dirçəliş Hərəkatı (MDH) Partiyasının sədri Fərəc Quliyev bildirib.
Fərəc Quliyevin sözlərinə görə, bəzi vətəndaşlarımız öz iradəsi və məntiqi ilə buna sadəlövhcəsinə etiraz etsələr də, İran kimi ölkənin buradakı “casus yuvaları” məsələni siyasiləşdirərək ölkəmizdə birlik atmosferini pozmağa çalışır: “Qarabağ savaşında gəncliyimizin göstərdiyi möhtəşəm performans, cəmiyyətimizin birlik və gücü, barışa söykənən sabitlik düşmənlərimizi çox narahat etdi. Bunu sübut edən başqa bir nümunə də göstərəcəyəm. Ölkəmizə xaricdən tonlarla narkotik göndərməyə başlayıblar və sərhəd, gömrük xidmətinin demək olar ki, hər gün verdiyi xidməti fəaliyyəti haqda məlumatlarda bu özünü göstərir. Məqsəd nədir - çox sadə: gəncliyi bu yolla məhv etmək, ailələri dağıtmaq, dövləti gücsüz salmaq”.
Onun fikrincə, məktəblərdə vahid geyim formasının tətbiqinə etiraz adı altında da eynilə cəmiyyətdə qarşıdurma yaratmaq məqsədi güdülür. Partiya sədri qeyd edib ki, məktəblərdə vahid geyim formasının tətbiqi yeni təcrübə deyil və dünyanın müxtəlif ölkələrində mövcuddur: “Həm də bu yanaşma təkcə məktəblərə aid deyil. Mən Tibb Universitetini bitirmişəm. Hamımız ağ xalat geyinərdik. Ordularda vahid uniforma istifadəsinə etirazmı olunmalıdır?! “Məktəbə hicabla getmə!” demək bu örtüyə qarşı mübarizə deyil axı. Məscidlərə örtüksüz daxil olmaq olarmı? Yox, burada örtüyə tələb dəyişir. “Örtüklə girməlisən” deyilir. Hətta kilsələrə də açıq geyim və örtüksüz buraxılmır. Yəni hər məkanın öz tələbi var. Məktəb və digər yuxarıda qeyd etdiyim məkanlarda vahid geyim formasının tətbiqi ayrı-seçkiliyi aradan qaldırmaq, qarşılıqlı sayğı və səmimiyyət mühitini yaratmaqdır”.
Fərəc Quliyevin sözlərinə görə, vahid məktəbli forması uşaqlar arasında maddi və sosial fərqləri, psixoloji travmanı aradan qaldırırsa, bunun nəyi pisdir: “Bu dinimizin fəlsəfəsinə uyğun deyilmi? Bu yanaşma təkcə bizdə deyil, dünyanın müxtəlif ölkələrində mövcuddur. Azərbaycan dünyəvi dövlətdir və burada dünyəvi təhsil mövcuddur. Azərbaycanda baş örtüyünə heç bir qadağadan söhbət gedə bilməz. Dövlət orqanlarında, ayrı-ayrı təşkilatlarda, adi həyatda baş örtüyündən istifadə edənlər tam sərbəstdirlər”.
Müsahibimiz onu da deyib ki, ölkədə baş örtüyü həmişə olub, kəlağayı örtülüb, şal bağlanılıb: “Bu gün də istifadə olunur və olunacaq. Təkcə geyim və xarici görkəmlə imanlı olmazlar. Başına əmmamə bağlayan xarici dövlət yetkililəri Qarabağ savaşında din qardaşlarının düşmənlərinə - bizim düşmənlərə hansı köməkliyi etmədilər? Bu da yaxın tarixdir”.
Partiya sədri əlavə edib ki, xalq sovet dövründə dinə qarşı qadağaların tətbiq edildiyi, məscidlərin dağıdıldığı vaxtlarda necə geyinməsindən asılı olmayaraq, dinini qoruyub, ibadətini edib: “Bu gün məktəblərdə vahid geyim formasının tətbiqinə etiraz edən valideynlərdən heç biri o zaman hicabla məktəbə getməyib, amma dinimizi qoruyub, ibadətini edib, imanlı, vətənpərvər övladlar yetişdirib və o övladlar bu gün Qarabağ zəfəri gətirib”.