İranın Ermənistanla ortaq maraqları...
Rəsmi Tehran Zəngəzur dəhlizinə alternativ gördüyü və indiyədək rentabelli hesab etmədiyi "Qafqaz dəhlizi"nə niyə indi milyonlar yatırmaq fikrinə düşüb?
Asif Nərimanlı: "Ermənistan Tehranın düşdüyü vəziyyətdən istifadə edərək, daxili Şimal-Cənub magistral xəttini iranlıların pulu ilə həll etmək istəyir"
İlqar Altay: "Münaqişənin subyektləri, Ermənistan və Azərbaycan, danışıq təşkilatçıları Türkiyə və Rusiya, Qərb, ATƏT-in Minsk Qrupu heç kim İranı qəbul etmir"
İranın Azərbaycana qarşı atdığı təxribat xarakterli addımların, rəsmi Tehranın sərgilədiyi qərəzli siyasətdən doğan təhdidlərin ardı-arası kəsilmir. Bununla bağlı axar.az-da yer alan informasiyaya görə, İranın Nizam Qüvvələrinin komandanı, general-mayor Hüseyn Əştəri ölkəsinin Azərbaycanla sərhədə yeni qüvvələr və hərbi texnika göndərdiyini bildirib. İran həmçinin, Ermənistandan keçən və Gürcüstana qədər uzanan yeni tranzit yolunun çəkilməsində iştirak etməyə hazır olduğunu da bəyan edib.
Belə ki, Ermənistanın 21 km-i Azərbaycanın nəzarətində olan Gorus-Qafan yoluna alternativ olaraq İrandan Gürcüstana yeni tranzit yol çəkmək istədiyini vurğulayan İranın yol və şəhərsalma naziri Xeyrullah Hatəmi deyib ki, mümkün olduğu qədər tez bir zamanda Azərbaycan ərazisindən keçməyən alternativ yol yaradılmalıdır. Onun sözlərinə görə, bu, ermənilərin maraqları üçün də vacibdir. Aydın şəkildə görünür ki, İran Ermənistan vasitəsilə Gürcüstan limanlarına çıxmaq istəyir. Bu, İranın Zəngəzur dəhlizi vasitəsilə nəzərdə tutulan böyük tranzit xəttinə "alternativi"dir. Tehran hesab edir ki, Ermənistandan çəkəcəyi "Qafqaz dəhlizi" vasitəsilə Hindistan və Çindən İran limanlarına, İrandan isə dəmir və avto yollarla Ermənistandan Gürcüstan limanlarına mal daşımaq mümkündür. Gürcüstandan isə Bolqarıstan və Yunanıstan limanlarına daşımalar həyata keçirilə bilər. Ancaq məsələ bundadır ki, həm Gorus-Qafan tranzit yoluna alternativlər, həm də Ermənistandan Gürcüstana yol dağlıq ərazilərdən keçir. Bu marşrut külli miqdarda vəsait deməkdir və əvəzində səmərəliliyi sual altındadır.
"İran alternativ, yəni "Qafqaz dəhlizi"ni təqdim etməklə Ermənistanın Zəngəzur dəhlizinə qarşı əlini gücləndirir və razılaşmamasını təmin etməyə çalışır"
.jpg)
Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən siyasi ekspert Asif Nərimanlının qənaətincə, İran atdığı son addımlarıyla "va-bank" gedir: "İran Zəngəzur dəhlizinə alternativ layihədə iştirak etmək niyyətini açıqlayıb. "Qafqaz dəhlizi" - İranın Ermənistan vasitəsilə Gürcüstan limanlarına çıxışı, başqa adla Fars körfəzi – Qara dəniz marşrutu əvvəldən mövcud idi, lakin İran bahalı işə pul yatırmaq istəmirdi. İndi rentabelli olmasa belə, dəstək verməyə hazırlaşır. İran "Tehran Ermənistandan keçən və Gürcüstana qədər uzanan yeni tranzit yolunun çəkilməsində iştirak etməyə hazırdır" deməklə İran-Ermənistan maraqlarının ortaq olduğunu, Tehranın Bakıya qarşı oynadığını açıq şəkildə ifadə edir".
Siyasi ekspert hesab edir ki, İranın bu yolla nail olmaq istədiyi bir neçə hədəfi var: "Belə ki, alternativ təqdim etməklə Ermənistanın Zəngəzur dəhlizinə qarşı əlini gücləndirir və razılaşmamasını təmin etməyə çalışır. Həmçinin, bölgədə Moskva və Ankaranın qarantı olduğu şərtləri dəyişdirə biləcəyini düşünür və Avropaya çıxışda Türkiyə marşrutundan xilas olmaq istəyir. Avqustda Tehrana səfər edən Nikol Paşinyanın sentyabrda Tiflisə apardığı təklif də bu idi, lakin Gürcüstanın siyasi addımları və sərgilədiyi mövqe İranın istəyinə isti baxmadığını deməyə əsas verir. Bu prosesdə Paşinyanın Tehranı necə aldatdığı aydın görünür. Ermənistan Tehranın düşdüyü vəziyyətdən istifadə edərək, daxili Şimal-Cənub magistral xəttini, Gorus-Qafan yoluna alternativi iranlıların pulu ilə həll etmək istəyir, hərçənd, Zəngəzur dəhlizinin açılmasına məcbur olduğunu özü də anlayır". Asif Nərimanlının sözlərinə görə, Nikol Paşinyanın oktyabrın 12-də Moskvada Vladimir Putinlə görüşündə də bu məsələ üzərində həlledici qərarın veriləcəyi gözləniləndir.
"İran Rusiyaya Cənubi Qafqazda savaş, münaqişə üçün lazım idi, savaş bitəndə İran da bitdi!"
.jpg)
Son zamanlar İranın vahimədən, yaxud da acığından rabitəsiz, epileptik, qarışıq addımlar atdığını deyən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altay isə bildirib ki, Tehranın səs-küyü, İsrail, Türkiyə və Pakistan bəhanəsi, Azərbaycana hədəsi əslində Rusiyaya siqnaldan başqa bir şey deyil: "İranın son addımları ya sərsəmlikdir, ya da qarnının ağrısı var, amma açmır. Bunlar da alınmayanda Moskvaya üz tutur. Bax, bunu düz edir, çünki əslində İranın problemi Rusiyayladır. Tehranın Qafqazda 30 il boyunca koordinasiyalı çalışdığı həmkarı məhz Moskva olub. Odur ki, İranın regionda nə alacağı qalıbsa, onu Rusiyadan istəməlidir. Lakin Kreml 44 günlük Qarabağ savaşından sonra regionda geosiyasi konfiqurasiyanın dəyişdiyini, o cümlədən Azərbaycan-Türkiyə ittifaqını gördüyündən İranı lazımsız, oyundan kənar qəbul edir".
İctimai Tədqiqatlar Mərkəzinin rəhbərinin sözlərinə görə, İranla Rusiya arasındakı problem həm böyük, həm də olduqca ciddidir: "Qeyd edim ki, tərəflər arasında problem, ötən il noyabrın 10-da ikinci Qarabağ müharibəsinin sonunu gətirən Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunan üçtərəfli razılaşmadan başlanıb. Çünki İran özünü bu barışıq danışıqların içində görürdü. Ona görə ki, Tehran bu münaqişə ocağını 30 il əvvəl Rusiya ilə birgə qalamış və prosesi birlikdə uzatmışdı. Bu səbəbdən də İran münaqişəni Rusiya ilə birgə söndürməyi planlaşdırmışdı. Ancaq onun bu istəyi alınmadı. Çünki münaqişənin subyektləri, Ermənistan və Azərbaycan, danışıq təşkilatçıları Türkiyə və Rusiya, Qərb, ATƏT-in Minsk Qrupu heç kim İranı qəbul etmir. Axı, dünyanın küncə qoyduğu, cəzalı və pozuntulu İranın vasitəçiliyi kimə lazımdır? Bundan başqa, İran Rusiyaya Cənubi Qafqazda savaş, münaqişə üçün lazım idi, savaş bitəndə İran da bitdi! Belə ki, İran lideri Xameneinin göndərdiyi XİN nazirini Moskva saymadı, tələblərini "iqnor" etdi. İranlı nazir bütün görüş boyu Qarabağ, Qafqaz regional sülh sazişini, İsrail və Türkiyənin Azərbaycanda mövcudluğunun "təhlükəsini", Əfqanıstan problemini ortalığa atdı, Lavrov isə İranın diqqətini Xəzərin statusu müqaviləsini ratifikasiya etməməsi, Azərbaycan sərhədində böyük hərbi manevr aparması, İranın beynəlxalq atom kimi mübahisəsi, Suriya, Afrika, Fars körfəzi, Qafqaz regionunda İranın 6-lıqda iştirakı s. məsələlərə yönəlib söhbəti yayındırdı".
"Ölkəmizi uduzduğunu anlayan, təklik vahiməsi yaşayan İranın casus, dini ekstremizm, separatçılıq şəbəkələrindən təmizləməliyik"
Onun fikrincə, Naxçıvan Azərbaycan arası Mehri, Ermənistandan açılan kommunikasiya İranın və Ermənistanın istədiyi kimi sadəcə dəmir və şosse yolu olmayacaq: "Rusiya, Azərbaycan və Türkiyə bunu sadəcə yol kimi yox, dəhliz kimi görür və istəyir. Çünki bu, həm də qaz, neft, elektrik enerjisi, rabitə xətləri ötürücüsü kimi geniş iqtisadi bir zona olmalıdır. Fikrimcə, dəhlizi 25 km en sahədə Rusiya mühafizə edəcək. Təxmini bütün Mehri rayonunu əhatə edən geniş, böyük sahə beynəlxalq hüquqi müqavilə və statusla Rusiyanın əlində olur. Bu, yəqin Azərbaycana da sərf edir. Çünki Ermənistan nəzarət etsə, problem yarada bilər. Və belə bir halda İranla Ermənistanı birləşdirən sərhəd Rusiyanın əlinə və Azərbaycanla Türkiyənin sərbəst istifadəsinə keçir. Deməli, Ermənistanla İran arasında birbaşa sərhəd pozulur. Yəni, İran Ermənistana gedib-gəlmək üçün Rusiya postu və yurisdiksiyasındakı ərazisini keçməlidir. O da ola bilər ki, Türkiyə də Rusiya ilə birlikdə dəhlizə nəzarət etsin. İranı narahat edən də məhz budur. Ona görə də ölkəmizi uduzduğunu anlayan, təklik vahiməsi yaşayan İranın casus, dini ekstremizm, separatçılıq şəbəkələrindən təmizləməliyik".
Vazeh BƏHRAMOĞLU