İranın işğalçı Ermənistana ixracının 40%-i Şərqi Azərbaycan vilayətinin payına düşür
Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Təşkilatının sədri İrandan Ermənistana ixracat üzrə Şərqi Azərbaycanın birinci yerdə olmasına toxunaraq deyib: “Ötən ilin 9 ayı ərzində İrandan Ermənistana ixracın 40%-dən çoxu Şərqi Azərbaycan vilayətinin payına düşür”.
“Anaj” saytının məlumatına görə, Sabir Pərniyan bu barədə jurnalistlərə açıqlamasında bildirib: “Həmin dövr ərzində İrandan Ermənistana 304 milyon dollarlıq mal ixrac edilib ki, bunun da 125 milyon dolları Şərqi Azərbaycan vilayətinin payına düşür”.
“Ermənistan İranın Avrasiya regionu ölkələrinə giriş qapısıdır” deyən Pərniyan” əlavə edib: “Ötən ilin 9 ayında Şərqi Azərbaycan vilayətinin Ermənistana ixrac həcmi 702 min ton olub”.
Onun sözlərinə görə, Şərqi Azərbaycandan Ermənistana əsas ixrac mallarına bitum məhsulları, metal mədən sənayesi, balıq məhsulları, kimyəvi məhsullar, həmçinin meyvə-tərəvəz və quru meyvələr daxildir.
“Bu yaxşı işgüzar nəticə Şərqi Azərbaycan valisinin başçılıq etdiyi iqtisadi nümayəndə heyətinin Ermənistana son səfərinin nəticələrindən biridir”, deyə Pərniyan fikrini yekunlaşdırıb.
Ülviyyə, Hurriyyet.az