"İranın mühafizəkar dairələri parlamenti də nəzarətdə saxlamaq üçün qarşıdurma variantını seçəcəklər" - ELXAN ŞAHİNOĞLU
"Xaos olmaması üçün namizədliyini irəli sürülənlərin böyük əksəriyyətinin qeydiyyatı məntiqi olardı"
"İranda avqustun 7-də parlament seçkilərinə namizədlərin ilkin qeydiyyatı başlayıb. Qonşu ölkədə parlament seçkiləri gələn ilin martin 1-də keçiriləcək. Ötən parlament seçkisi 2020-ci ildə keçirilmişdi. Son seçkidə şərti islahatçılar kimi qəbul edilən namizədlərin böyük əksəriyyətinin qeydə alınmaması ilə yadda qalmışdı, təxminən 7 min namizəd kənarda qaldı, qeydə alınanların mütləq əksəriyyəti isə mühafizəkar idi". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.
Politoloq hesab edir ki, İran hakimiyyəti yenə eynisini etsə, növbəti dəfə vəziyyətin gərginləşməsinə səbəb olacaq, etirazlar və küçə yürüşləri başlayacaq: "Ona görə də namizədliklərin irəli sürülməsi işin yarısı da deyil, 12 nəfərlik Müşahidə Şurası onları bir-bir yoxlayacaq və namizədlərin çox az hissəsini qeydiyyata alacaq. İranın müfafizəkar dairələri "xarici qüvvələrin" gələn ilin martında ölkədə xaos yarada biləcəklərindən ehtiyatlanırlar. 2020-ci ildə İran əhalisinin cəmi 40 faizi səsvermə hüququndan istifadə etmişdi. Şərti adı islahatçıların namizədlikləri qeydə alınmasa bu dəfə də seçki fəallığı az olacaq".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, xaos olmaması üçün namizədliyini irəli sürülənlərin böyük əksəriyyətinin qeydiyyatı məntiqi olardı, ancaq mühafizəkar dairələr parlamenti də nəzarətdə saxlamaq istədiklərindən qarşıdurma variantını seçəcəklər.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az