"İranın nüvə silahı əldə etməsi Türkiyənin maraqları baxımından yolverilməz və təhdiddir" - ŞAHİN CƏFƏRLİ
"Türkiyə dövlət və toplum olaraq İrana qarşı ABŞ və İsrailin mümkün hərbi əməliyyatına açıq şəkildə qarşıdır və buna dəstək verməyəcək, lakin..."
"Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzvlüyünü təsdiqlədi. Bu barədə qanunun İran prezidentinin səfərindən saatlar öncə qəbul olunması diqqəti cəlb etməyə bilməz. Bilirsiniz ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu yanvarın 16-da İraq və Suriyada, ertəsi gün isə Pakistanda bəzi hədəflərə raket zərbəsi endirdi. Tehrandan verilən rəsmi açıqlamada İraqın şimalındakı kürd muxtar bölgəsinin mərkəzi Ərbil şəhərində "Mossad" qərargahının vurulduğu bildirildi. Az sonra məlum oldu ki, vurulan obyektlər yerli iş adamı Peşrev Dizayinin və Emin Nadir adlı bir xüsusi xidmət əməkdaşının evləri imiş. Hadisə zamanı bu şəxslər və bəzi ailə üzvləri (o cümlədən Dizayinin 1 yaşlı qızı) ölüb". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.
Siyasi şərhçi qeyd edib ki, Peşrev Dizayi bölgədə Türkiyə maraqları naminə fəaliyyət göstərən nüfuzlu kürd iş adamı idi, böyük ehtimalla MİT-ə çalışırdı: "Sırf Dizayini aradan götürmək üçün İran ərazisindən ballistik raket atılması bu adamın önəmini anlamağa imkan verir. Hadisədən bir neçə gün sonra MİT rəhbəri İbrahim Kalın İraqa səfər etdi. Türkiyə dövlət və toplum olaraq İrana qarşı ABŞ və İsrailin mümkün hərbi əməliyyatına açıq şəkildə qarşıdır və buna dəstək verməyəcək. Lakin bir gerçək də var: İranın nüvə silahı əldə etməsi Türkiyənin maraqları baxımından yolverilməzdir və təhdiddir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az