📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranın XAİN PLANI... - "Azərbaycandakı şəbəkələri bir-bir aşkara çıxarılacaq"

2022-11-02 16:35:00

İranın XAİN PLANI... -

İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilib.

Hurriyyet.az-ın məlumatına görə, bu barədə DTX-dən bildirilib.

Məlumatda deyilir ki, İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir.

Əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib, hazırda İranda gizlənən İbrahimbəyli Tohid Alim oğlu, Əsədov Rövşən Elçin oğlu, Məmmədov Orxan Kəmran oğlu, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilib.

Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar.

Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilmiş, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri verilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunmuş, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb.

Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Hüseynov İskəndər Hani oğlu, Haqverdiyev Tural Səfər oğlu, Şükürov Eltun Əli oğlu və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıblar. Eyni zamanda hazırda İranda məskunlaşmış Ruhulla Axundzadə və digərləri tərəfindən qruplaşma üzvlərinə müxtəlif tapşırıqların verilməsi barədə materiallar da aşkar edilib. Qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub.

Araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cebhe.info-ya açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dünən görülən tədbirlər olduqca vacib bir məqam idi:

“Çünki uzun müddətdən bəri Azərbaycan cəmiyyətində İranın agentura şəbəkəsi, o cümlədən onların burada yaratdığı terror qruplaşmaları və o dəstələrin üzvləri ilə bağlı ciddi narazılıq var idi. Biz hər birimiz və şəxsən mən özüm də dəfələrlə təhlükəsizlik qüvvələrimizə efirlər vasitəsilə müraciət etmişik ki, İranın Azərbaycandakı agentura şəbəkələri aşkarlanmalıdır. Yəni dövlət əleyhinə olan və xaricdən idarə olunan xain şəbəkələr aşkarlanmalı və onlar neytrallaşdırılmalıdır. Bu da ilk addımlardan biri sayıla bilər. Düşünürəm ki, bunun ardı gələcək və İranın din pərdəsi altında gizlənmiş Azərbaycandakı şəbəkələri bir-bir aşkara çıxarılacaq və zərərsizləşdiriləcək. Dünənki əməliyyat olduqca önəmli bir hadisə idi və əlbəttə ki, davamının gəlməsini ürəkdən istəyirik”.