"İranın xarici işlər naziri Bakıdan Tehrana qayıtdıqdan sonra yenə oxşar sözləri deyəcək" - ELXAN ŞAHİNOĞLU
"Tehran Azərbaycanla münasibətləri o qədər korlayıb ki, bir səfərlə münasibətləri normallaşdırmaq mümkün olmayacaq"
"İranın xarici işlər naziri Azərbaycan haqqında diplomatik etikadan kənar ifadələr işlətdikdən sonra Bakıya gəlməyə qərar verib. Tehran Azərbaycanla münasibətləri o qədər korlayıb ki, bir səfərlə münasibətləri normallaşdırmaq mümkün olmayacaq. Ona qalsa iranlı nazir azərbaycanlı həmkarıyla sentyabrda BMT-nin sessiyası çərçivəsində Nyu-Yorkda görüşmüşdü. Görüşdən sonra iranlı nazir yenə ağzına gələni danışırdı. Deməli, keçmiş nazir Cavad Zərifi səbəbsiz yerə indiki naziri vaxtilə nazirlikdən uzaqlaşdırmamışdı". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.
Politoloq hesab edir ki, İranın xarici işlər naziri Bakıdan Tehrana qayıtdıqdan sonra yenə oxşar sözləri deyəcək: "Yerli mətbuata bildirəcək ki, "sionistlərin İranla sərhəddə yerləşdirilməsi", "Ermənistanla sərhədin dəyişdirilməsi" və "bölgədən terrorçuları çıxarılmasıyla" bağlı xəbərdarlıqlarını Bakıya edib. Yəni, dəyişən bir şey olmayacaq. Bizim vəzifəmiz Bakıya gələcək İranın xarici işlərinə növbəti xəbərdarlığımızı çatdırmaqdır: Azərbaycanın daxili işlərinə - dost və tərəfdaşlarımızın seçiminə, Ermənistanla sərhədimizi müəyyənləşdirməyə qarışmayın. O ki qaldı, Tehranın Bakıya qarşı "terrorçuların bölgədə varlığı" ittihamına, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyildiyi kimi: "Terrorçuların bölgədə fəaliyyəti haqqında danışırsınızsa güzgüyə baxın!"".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az