İranın XIN başçısından provokativ bəyanat: "İran Ermənistanla əlaqə yolunun bağlanmasına icazə vermədi"
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian "Diplomatiya meydanı" televiziya verilişinə müsahibəsində Ermənistanla Azərbaycan arasında baş verən qarşıdurmaya toxunaraq bildirib ki, "rəsmi Tehran Ermənistanla kommunikasiya marşrutunun bağlanmasına imkan vermədi və bölgədə hərbi təlim keçirməyə qədər irəli getdi".
Habelə bölgənin bəzi dövlətlərinin "sionist rejim"lə əlaqələrindən söz açan İranın xarici siyasət idarəsinin başçısı üstüörtülü təhdid də yağdırıb: "Sionist rejim" müəyyən müddət bəzi region ölkələrinin rəhbərlərinin lobbiçiliyi ilə əlaqələri normallaşdırmağa çalışıb, ancaq İslam Respublikasının ciddi xəbərdarlıqları və meydanda atdığı qətiyyətli və vaxtında addımlar, eləcə də bölgə xalqının reaksiyası nəticəsində həmin rejimlə kompromis prosesi dayandırılıb yaxud ləngiyib".
P.S. XİN rəhbərinin açıqlamasından da bəlli olur ki, təmsil etdiyi ölkə daxilindəki etiraz aksiyalarını və qarşıdurmaları çözməyə gücü yetməyən hakimiyyət bu sözlərlə özünə təskinlik verir. Daha da irəli gedərək söyləyə bilərik ki, molla hökuməti Azərbaycanla sərhəddə qoşun yığmaqla ölkə əhalisinin diqqətini daxili haqsızlıqların, narazılıqların körüklədiyi qarşıdurmalardan yayındıraraq, guya "ölkə təhlükəsizliyinə təhdid yaradan "xarici düşmən" obrazı yaratmaqla iç təhdidləri neytrallaşdırmağa çalışır. Elə molla hökumətinin dini və siyasi təmsilçilərinin demək olar ki, hər gün qışqırdıqları "sərhədlərin dəyişməzliyi qırmızı xəttimizdir" şivəni də bu məqsədə xidmət edir. Narazı əhalinin diqqətini xarici düşmənə yönəltməkk və molla hakimiyyətinin ömrünü uzatmaq...
Ülviyyə, Hurriyyet.az