📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranlı deputat Azərbaycana qarşı İDDİA: "SEPAH-ın Arazda keçirdiyi son hərbi təlim sionist rejimin son hərəkətlərinə qətiyyətli cavab idi"

2022-10-26 16:04:00

İranlı deputat Azərbaycana qarşı İDDİA:

İranın sabiq və hazırkı müxtəlif səviyyəli rəsmiləri, o cümlədən də fərqli media resursları gün-gündən daha da çox heyrətamiz iddialar irəli sürürlər. İran parlamentində Təbriz şəhərini təmsil edən millət vəkili Ruhullah Motəfəkker "Azad İMNA"ya müsahibəsində İran İnqilabının Keşikçiləri Korpusunun Quru Qoşunlarının Arazqırağı ərazidə keçirdiyi son hərbi təlimlə bağlı iddia edib: “SEPAH-ın keçirdiyi təlimin aydın mesajı bu olub ki, İranın strateji siyasətinə əsasən, qonşularımızla sülh və qardaşlıq şəraitində yaşamaq bizim prioritetimizdir və bu hərbi təlim qardaşlıq şəraitində və dinc yanaşı yaşamağı təmin etmək üçün keçirilib”.
Son hərbi təlimin mesajını dost və qardaş ölkələr üçün sülh və əmin-amanlıq, düşmənlər, o cümlədən sionistlər üçün isə güc və lazımi anda ağır zərbə adlandıran millət vəkili əlavə edib: “Bu təlim göstərdi ki, düşmənlər bölgədə bizim regional əlaqələrimizə qarşı fitnə törətməsin və xalqımızın mənafeyini təhlükəyə atmasınlar deyə, biz onlarla mübarizə aparmağa hazırıq və sionistlərə qarşı möhkəm dayanırıq”.
“Regiondakı qonşu ölkələr öz dostlarımızdır” deyən Mütəfəkkir Azad habelə bildirib: “Strateji nöqteyi-nəzərdən də həmin ölkələrlə heç bir problem olmadan və qardaşcasına birgə yaşayacağıq və ümid edirik ki, onlar da sionistlərin regiona təsirinin qarşısını alacaqlar”.
O, İranın Araz bölgəsində keçirdiyi hərbi təlimi sionist rejimin bəyanatlarına cavab adlandıraraq sözlərinə belə davam edib: “Bu hərbi təlim sionistlərin bölgədəki bəyanat və addımlarına sərt cavab idi”.

PS. Göründüyü kimi, iranlı deputat təmsil etdiyi ölkənin əsl məqsədini biruzə verməmək üçün dondan-dona girsə də, sionist ittihamına eyham vurmağı unutmayıb. 

Ülviyyə, Hurriyyet.az