İranlı deputat: "Ermənistanın ərazi bütövlüyü qorunub saxlanmalıdır: İran və Ermənistan arasında mübadilələrin həcmi bir milyard dollara yüksəlməlidir"
“Tahlil Bazaar” saytının xəbərinə görə, İran Parlamentinin Kənd Təsərrüfatı Komissiyasının sədri Məhəmməd Cavad Əsgəri İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehranda səfərdə olan Ermənistan-İran parlamentlərarası dostluq qrupunun erməni həmsədri Gevorq Papoyanla görüşdə deyib: “İranın potensial və imkanlarını nəzərə alaraq, tərəflər iki ölkə arasında ticarət mübadilələrinin həcmini bir milyard dollar səviyyəsinə çatdırmağa çalışmalıdırlar”.
Görüşün əvvəlində Tehran və İrəvan arasında müsbət və artan münasibətlərə toxunan Əsgəri bildirib: “İki ölkə arasında dərin və uzunmüddətli tarixi, mədəni və sosial əlaqələr müxtəlif sahələrdə, xüsusilə parlament və iqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yarada bilər”.
O, Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanmasını və Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasını dəstəkləyərək əlavə edib: “İran İslam Respublikası Qafqaz regionunda dayanıqlı sülhün və sabitliyin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir”.
Öz növbəsində, bu görüşün keçirilməsindən məmnunluğunu ifadə edən Ermənistan-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Gevorq Papoyan da iki ölkə arasında diplomatik əlaqələrin tarixçəsini qeyd edərək deyib: “İran İslam Respublikası Ermənistan üçün təkcə dost və qonşu ölkə deyil, həm də regionda mühüm və nüfuzlu dövlətdir”.
“Biz İran İslam Respublikasına Ermənistanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi, eləcə də qonşu dövlətlərin sərhədlərinin dəyişdirilməməsi ilə bağlı konstruktiv mövqeyinə görə təşəkkür edirik. Biz həmişə çətin vəziyyətlərdə İranın köməyinin şahidi olmuşuq”, deyə o, görüşün sonunda əlavə edib.
Ülviyyə, Hurriyyet.az