İranlı diplomatdan Azərbaycana qarşı qərəzli yazı: “İsrail müdafiə nazirinin Bakıya səfərinin əsas məqsədi...”
İranınbir sıra sabiq diplomatlarının və ictimai şəxslərinin, o cümlədən xəbər saytlarının Azərbaycana qarşı yerli-yersiz qərəzli münasibətinə dəfələrlə şahid olmaqdayıq. Onlar sanki rəsmi Bakıya qarşı yarışdadırlar. Bu dəfə Azərbaycana qarşı qərəzli-zəhərli ritorika estafetində İranın Bakıdakı keçmi səfiri Mohsen Pakayin qərar tutur. Belə ki, diplomat “khabaronline” saytında Ermənistanın lehinə və Azərbaycanın əleyhinə yazdığı qərəzli məqalədə əsassız iddialar irəli sürüb:
“Ötən həftə, Azərbaycan və Ermənistan arasında hərbi toqquşmaların sonuncu mərhələsindən bir müddət sonra İsrailin hərbi naziri Beni Qants Bakıya səfər edərək, Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşüb. Gantsın ofisi bu səfərin məqsədini "təhlükəsizlik və diplomatik məsələlər" kimi qələmə versə də, görünür, İsrail nazirinin Bakıya səfəri başqa motivlərlə də təsəvvür edilə bilər.
Birinci Qarabağ savaşı başlayandan Azərbaycan Fələstini işğal edən rejimdən əsas silah alıcılarından biri olub. Bu silahlardan Qarabağ müharibəsində dəfələrlə Ermənistan ordusuna və xalqına qarşı istifadə olunub. İsrail Azərbaycana ən mühüm silah təchizatçılarından biri olsa da, Qantsın Bakıya səfərinin məqsədi sadəcə olaraq daha çox silah satmaqla məhdudlaşa bilməz.
Qantsın ofisinin bəyanatında Bakıya səfərin məqsədlərindən biri də İbrahim sazişi kimi tanınan kompromis anlaşmasının imzalanmasından sonra Yaxın Şərqdə baş verən dəyişiklikləri, o cümlədən Tel-Əvivin Ankara ilə əlaqələrinin inkişafını müzakirə etmək olduğu bildirilib. Bunları nəzərə alaraq İsrailin Türkiyə ilə münasibətlərinin gələcəyi və Azərbaycanın bu prosesdə iştirakı da həmin səfər zamanı Təl-Əviv və Bakı arasında aparılan danışıqların əsas istiqamətlərindən biri ola bilər.
Ermənistanla mübarizə və Rusiyanın Qafqazda təcrid olunması, habelə tranzit dəhlizinin açılması bəhanəsi ilə Ermənistanın Sünik vilayətinin (Qərbi Zəngəzur) bəzi məntəqələrinin mümkün işğalı ilə bağlı Bakının mövqeyinin möhkəmlənməsinə yardım etmək də Bakıda aparılan danışıqların istiqamətlərindən sayıla bilər...”.
Ülviyyə, Hurriyyet.az