İranlı ekspertdən qərəzli açıqlama: “Qarabağda sülhün şərti Bakının öz sərhədlərinə qayıtmasıdır: Türkiyə və “sionist rejim” Qafqazda fəallaşıb”
İranın qatı anti-Azərbaycan mövqeyi ilə tanınan “eksperti” Həsən Beheştipur “Khabar Online” saytına müsahibəsində Ermənistanın 30 il boyunca Azərbaycan torpaqlarını işğal altında saxlamasına göz yumaraq deyib:
“Türkiyə, Azərbaycan və Ermənistanın böhrandan çıxmaq məqsədi ilə Praqa sammiti çərçivəsində görüşü təşkil edilib. Lakin görünən odur ki, hər iki tərəfin tonunun dəyişməsi istisna olmaqla, danışıqlarda ciddi nəticə olmayıb”.
İran hökumətinə bağlı “siyasi şərhçi” habelə cəfəng iddialar irəli sürüb: “Amma Əliyevin mövqeyindən belə başa düşmək olar ki, o, ən azı Qərbi Zəngəzurla bağlı tarixi iddialarından əl çəkib və ya heç olmasa, onun adını çəkməyi müvəqqəti dayandırıb. Bundan əlavə, tərəflər arasında toqquşmaların baş verdiyi son bir neçə gündə Azərbaycan praktiki olaraq Ermənistan ərazisinə yeddi kilometr daxil olub və əməkdaşlığa zəmin yaratmaq üçün öz sərhədlərinə qayıtmalıdır.
Bu arada Türkiyənin də rolu mühüm idi, belə ki, bu ölkənin Ermənistanla münasibətlərdə maraqlı olduğu aydındır. Ukraynadakı müharibədə olduğu kimi, burada da eyni ikitərəfli diplomatiya yürüdür...”.