📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İranpərəst qrup Azərbaycana kiberhücumu etiraf etdi

2026-10-14 19:01:49

İranpərəst qrup Azərbaycana kiberhücumu etiraf etdi

İranpərəst haker qruplaşması ötən gecə 100-dən çox Azərbaycan hökumət domeninə qarşı genişmiqyaslı kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Modern.az Haqqın.Az-a istinadən xəbər verir ki, bu barədə İraqda fəaliyyət göstərdiyi ehtimal edilən "313 Team" haker qruplaşması öz "Telegram" kanalında elan edib.

Qrup “Telegram” sosial şəbəkəsində yaydığı məlumatda hücumun intensivliyinin saniyədə 2,5 terabiti keçdiyini iddia edib.

Dövlətin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətinin daha əvvəl yaydığı məlumata görə, kiberhücum nəticəsində bir sıra dövlət qurumlarının internet resurslarının fəaliyyətində fasilələr yaranıb. Bildirilib ki, görülən texniki tədbirlər sayəsində hücumun nəticələrini məhdudlaşdırmaq və saytların sabit fəaliyyətini təmin etmək mümkün olub.

“313 Team” kimdir?

“313 Team” və ya “313 Team Hack Team” adı ilə tanınan qrup “İslam Kiber Müqaviməti” adından da istifadə edir. Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “HawkEye” şirkətinin 2026-cı ilin martında yaydığı xəbərdarlıqda qrupun İranla əlaqəli olduğu və İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi ilə mümkün əlaqələrinin mövcudluğu ehtimalı irəli sürülüb.

“HawkEye”ın qiymətləndirməsinə əsasən, “313 Team”in fəaliyyət üsullarına məlumatları silməyə yönəlmiş zərərli proqramlardan istifadə, məlumatların oğurlanması, fişinq, şantaj və veb-saytların sındırılması daxildir. Hesabatda vurğulanır ki, qrupun fəaliyyəti yalnız texniki zərər vurmaqla məhdudlaşmır. Onun strategiyasında hücumların ictimaiyyətə nümayiş etdirilməsi, psixoloji təsirin artırılması və informasiya müstəvisində diqqət cəlb edilməsi mühüm yer tutur. “HawkEye” qrupun əlaqəli “Telegram” şəbəkələrində 250 mindən çox paylaşımını sənədləşdirib.