İRƏVAN GÜMRÜ BAZASINI “BARIT ÇƏLLƏYİ”NƏ ÇEVİRİR: Paşinyanın səhvi Ermənistanı “geopolitik intihara” sürükləyir
Paşinyan hakimiyyətinin Avropa Birliyinə üzvlük xəyalları ucbatından Ermənistanın yaxın vaxtlarda dağıdıcı iqtisadi sanksiyalara məruz qalma ehtimalı artır... Çünki əgər, Kreml Rusiadan üz çevirən rəsmi İrəvana qarşı radikal iqtisadi qərarlar verərsə, Ermənistanda ölkədaxili xaosa yol açacaq səviyyədə sosial-iqtisadi böhran qaçılmaz ola bilər...
Ermənistanın xarici siyasət kursu rəsmi İrəvanın Rusiya ilə münasibətlərində mövcud olan uçurumu daha da dərinləşdirməkdə davam edir. Üstəlik, Rusiya və Qərb arasında qarşıdurma kəskinləşdikcə, Kremlin Ermənistana yönəlik mövqeyi də sərtləşir. Ona görə də, hazırda qarşıduran tərəflər arasında əsasən üç önəmli ziddiyyət mövzusu - Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası, Ermənistanın Avropa Birliyinə yaxınlaşma cəhdləri və Avrasiya İqtisadi İttifaqındakı gələcəyi daha çox ön plana çıxarılır.
Məsələ ondadır ki, Kreml Ermənistanın Qərbə "qaçışını" artıq birbaşa Rusiyanın təhlükəsizlik və iqtisadi münasibətlərə təsir edə biləcək problemlərin sırasına daxil edib. Kremlə yaxın siyasi dairələr isə hələ də Rusiyanın 102-ci hərbi bazanı Ermənistanın, eləcə də bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasında əvəzolunmaz mexanizmlərdən biri olduğunu israrla təkrarlayırlar. Halbuki, Paşinyan hakimiyyəti həmin hərbi bazanın çıxarılmasını hələlik rəsmən tələb etməsə də, Rusiyanın bu barədə birtərəfli qərar verəcəyi təqdirdə, məmnun olacağını da qətiyyən gizlətmir.

Belə anlaşılır ki, hazırda rəsmi İrəvan və Kreml arasında müəyyən mənada, paradoksal vəziyyət yaranıb. Yəni, Rusiya həmin hərbi bazanın toxunulmazlığında israrlı davranır və Ermənistanın təhlükəsizliyi üçün onu alternativsiz hesab edir. Rəsmi İrəvan isə Rusiya hərbi bazasının Ermənistanın təhlükəsizliyi üçün artıq elə bir ciddi əhəmiyyət daşımadığına dolayısı eyhamlar vurur.
Halbuki, Kreml bu məsələ ilə bağlı mövqeyində ikitərəfli hüquqi bazaya da istinad edir. Belə ki, Rusiya XIN-dən bu barədə verilən bəyanatda Gümrüdəki hərbi bazanın fəaliyyətinin ikitərəfli razılaşmalarla tənzimləndiyi və onların yerinə yetirilməsinin qaçılmaz olduğu vurğulanır. Üstəlik, Rusiya Ermənistanla hərbi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı imkanların müzakirəsinə də ümid etdiyini qabardır.
Eyni zamanda, Rusiyanın Gümrüdəki hərbi bazası ilə bağlı hüquqi çərçivənin müddəti də bu ziddiyyətli məsələnin strateji əhəmiyyətini daha da artırır. Belə ki, həmin hərbi baza Rusiya və Ermənistan arasında 1995-ci ildə imzalanmış razılaşması ilə yaradılıb. Sonradan hərbi baza üzrə sənədə 2010-cu ildə dəyişiklik edilərək, Rusiya hərbi kontingentinin Ermənistanda qalma müddəti 49 ilə qədər uzadılıb. Və hazırda qüvvədə olan həmin razılaşmaya əsasən bu müddət 2044-cü ildə sona çatacaq.

Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putin bu problem barədə daha fərqli mesajla diqqəti çəkmişdi. Belə ki, o, bir müddət öncə bildirmişdi ki, Ermənistan bu hərbi bazaya artıq ehtiyac görmürsə, Rusiya onu dərhal çıxarmağa hazırdır. Ancaq indi isə Rusiya diplomatlarının hərbi bazanın regional təhlükəsizlik arxitekturasındakı rolunu xüsusi vurğulaması, Kremlin əsas diqqətinin məhz onun statusunun qorunmasına yönəldiyini göstərir.
Bütün bunlarla yanaşı, Kreml Ermənistanın Avropa Birliyinə yaxınlaşmasına qarşı iqtisadi-siyasi xəbərdarlıq mesajlarını da sərtləşdirir. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun fikrincə, Kreml Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyə qətiyyən borclu deyil. Üstəlik, rəsmi İrəvanın bu istiqamətdə atacağı “hər bir addımın obyektiv nəticələri” də mütləq olacaq. Və Kremldə hesab edirlər ki, Ermənistan xarici siyasət kursunu müəyyənləşdirməlidir, Avropa Birliyinə üzvlük ilə Avrasiya İqtisadi İttifaqında qalmaq arasında seçim üçün isə mütləq referendum keçirməlidir.
Göründüyü kimi, Rusiya artıq bu problemi yalnız sadəcə, Ermənistanın siyasi seçimi kimi bir variantla məhdudlaşdırmır. Əksinə, Kreml rəsmi İrəvanla ziddiyyətlərin əsas səbəblərini məhz iki ölkənin təhlükəsizlik, iqtisadi inteqrasiya, enerji və hərbi əməkdaşlıq əlaqələri ilə bağlayaraq, gündəmə gətirməyə çalışır. Kreml onu da xüsusi olaraq, vurğulayır ki, Ermənistanın Qərbə yaxınlaşması, rəsmi İrəvanın buna paralel olaraq, Avrasiya İqtisadi İttifaqında da iqtisadi üstünlüklərdən faydalanmaq cəhdləri ucbatından Rusiyaya əlavə yük yaratmamalıdır.
Digər tərəfdən, Rusiya informasiya məkanında da Ermənistana qarşı təzyiqləri gücləndirməyə başlayıb. Belə ki, Kremlin rəsmi İrəvanın Qərbə yaxınlaşma siyasətinə qarşı əsas arqumentlərindən biri də məhz Ermənistanın Avropa Birliyinə üzvlük şansları ilə bağlıdır. Rusiya siyasi dairələri Ermənistanın Avropa Birliyinə üzvlük şansının olmadığını əsaslandırmağa çalışırlar. Əsas örnəklər sırasında isə Türkiyənin onilliklər boyu Avropa Birliyinə üzv ola bilmədiyini, bu qurum ucbatından Gürcüstan, Ukrayna və Moldova kimi ölkələrin düşdüyü durumu göstərirlər. Və beləliklə, rəsmi İrəvana bu yanlış yoldan vaxtında geri dönməyi məsləhət görürlər.
Ancaq Paşinyan hakimiyyətinin bu istiqamətdə fəaliyyəti hazırda hələlik daha çox Rusiyaya münasibətdə “alternativlərin yaradılması” siyasəti üzərində qurulub. Rəsmi İrəvan Kremlin arqumentlərinə və narazılığına, Ermənistanın xarici siyasətində seçim imkanlarının artırılmasını ölkənin suveren hüququ kimi təqdim etməklə, reaksiya verir. Və üstəlik, Avropa Birliyi ilə yaxınlaşmanın Avrasiya İqtisadi İttifaqından avtomatik olaraq, çıxmaq niyyəti anlamına gəlmədiyini də bildirir.
Bütün bunlar onu göstərir ki, indi Ermənistanın qarşısında getdikcə, daha mürəkkəb geopolitik balans reallığı formalaşır. Yəni, bir tərəfdə Avropa Birliyi ilə siyasi-strateji yaxınlaşma, digər tərəfdə isə Rusiya ilə mövcud hərbi, iqtisadi və təhlükəsizlik əlaqələri dayanır. Eyni zamanda, rəsmi İrəvanın Rusiya hərbi bazasının Ermənistan üçün daha əvvəlki kimi önəmli və toxunulmaz olmadığına eyham vurması Kremllə mövcud ziddiyyətləri daha da dərinləşdirir.
Ona görə də, Kremlin Rusiya hərbi bazasının gələcək taleyi ilə bağlı xəbərdarlıq mesajlarının sadəcə, narazılıq xarakteri daşıdığını düşünmək sadəlövhlük olardı. Çünki Rusiya Ermənistanın xarici siyasət kursundakı neqativ dəyişikliklərin iqtisadi və təhlükəsizlik münasibətlərinə mütləq toxuna biləcəyini açıq mətnlə rəsmi İrəvanın diqqətinə çatdırmağa başlayıb. Yəni, bu hərbi baza ətrafında yaranmış ziddiyyətlərin Ermənistan-Rusiya münasibətlərinin gələcək modelini müəyyən edəcək əsas faktorlardan birinə çevrildiyi artıq qətiyyən şübhə doğurmur.
Belə anlaşılır ki, rəsmi İrəvan hər halda, Rusiya hərbi bazası ilə bağlı məsələni müzakirə və mübahisə mövzusuna çevirməyə nail olub. Ona görə də, Kreml Ermənistanın Rusiya ilə mövcud təhlükəsizlik və iqtisadi əlaqələrinə yenidən baxa biləcəyini qətiyyən gizlətmir. Bu, rəsmi İrəvanın Avropa Birliyinə üzvlük xəyalları ucbatından Ermənistanın yaxın vaxtlarda dağıdıcı iqtisadi sanksiyalara məruz qalma ehtimalını daha ön plana çıxarır. Çünki əgər, Kreml radikal iqtisadi qərarlar qəbul edərsə, Ermənistanda ölkədaxili xaosa yol açacaq səviyyədə sosial-iqtisadi böhran qaçılmaz ola bilər.