"İrəvan məni qara siyahıya salmaqla təhqir etdi" - Zatulin
Xəbər verdiyimiz kimi bu gün ermənilərin dostu kimi tanınan Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsinin sədri Konstantin Zatulinin Ermənistana girişinə qadağa qoyulub.
Zatulin İrəvanda “persona non-qrata” elan edilməsinə reaksiya verib. O, "Yerevan-Today"ə açıqlamasında barəsində tətbiq edilən qadağanı pisləyib.
- Bu bizim üçün gözlənilməz oldu. Ermənistan Respublikası Milli Assambleyasının Xarici Əlaqələr Departamentinin rəhbərindən məktub aldıq. Mənə dedilər ki, mənim ölkəyə səfərim arzuolunmaz sayılır. Bəyanatlarım isə Ermənistan respublikasına zərər vurur, - deputat uzun illər işğalçılıq siyasətini təriflədiyi İrəvandan gördüyü münasibətdən təəssüflənib.
O, həmçinin qeyd edib ki, “əlbəttə, mən bu qərarı öz şəxsimə qarşı təhqir kimi qiymətləndirirəm”.
Xatırladaq ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın nəzarət etdiyi "Aykakan Jamanak" qəzeti Zatulinin qara siyahıya düşməsi barədə məlumat yaydı.
Konstantin Zatulin daha çox Azərbaycanın əleyhinə açıqlamalar verməsi ilə tanınır. Onun son müsahibəsində Rusiyanın İrəvana inam və etibarla bağlı problemlərinin yarandığını deməsi diqqət çəkib. Bundan başqa, ermənipərəst rusiyalı siyasətçi, son zamanlar Nikol Paşinyanın yenidən açıq şəkildə Qərbə üz tutmasını da sərt şəkildə tənqid edirdi.
AzVision.az