📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İrəvan mesaj verir ki, "status" məsələsindən geri çəkilməyəcək" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2021-11-10 13:52:00

"Nikol Paşinyanı daxili siyasi gərginlikdən ancaq Türkiyə və Azərbaycan xilas edə bilər"

"Müharibənin başa çatmasından bir il ötür və bir il ərzində Ermənistan tərəfi razılaşmaları yerinə yetirmir. Ermənistan şərtlər irəli sürür və ona görə də prosesdə ləngimələr davam edir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq hesab edir ki, Rusiya da öz növbəsində, belə bir sürəcin davam etməsində maraqlıdır: "Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılırdı. Kreml bir neçə dəfə bu barədə məlumat vermişdi, lakin belə bir görüş baş tutmadı. Azərbaycan və Ermənistan liderləri ötən ay görüşə hazır olduqlarını vurğulamışdılar. Belə bir görüş təkbətək planlaşdırılırdı. Azərbaycan tərəfi də Ermənistana vasitəçi olmadan ikitərəfli görüş təklif etmişdi. Amma Kreml dövriyəyə girdi və üçtərəfli görüş Moskva tərəfindən planlaşdırılsa da, İrəvan belə bir görüşdən yayındı. Çünki SSRİ vaxtındakı xəritələr Ermənistanın əleyhinədir və Azərbaycan öz sərhədlərindən geri addım atmayacağını bəyan edib".

Milli Cəbhə Partiyasının sədr müavini qeyd edib ki, artıq Ermənistan tərəfi sabotaja əl atır: "Müdafiə naziri Karapetyanı Azərbaycan ərazinə göndərməklə mesaj verir ki, İrəvan "status" məsələsindən geri çəkilməyəcək. Göründüyü kimi, Ermənistan tərəfi prosesləri gərginləşdirir. Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə gəldikdə isə Moskva da gərginlikdə maraqlı görünür. Yoxsa, erməni müdafiə nazirini Qarabağa buraxmazdı. Baş verənlərə baxmayaraq, Azərbaycan tərəfi konkret addımlar atacaq. Erməni silahlı birləşmələrinə qarşı ciddi tədbirlər görə bilər. Hətta dövlət sərhədində Ermənistan cəzalana bilər. Paşinyan isə mövcud şərtlərlə barışacaq. Əks təqdirdə, hakimiyyətdən devriləcək. Artıq "Qarabağ klanı" hərəkətə keçib, Rusiya da Robert Koçaryana dəstək verir. Nikol Paşinyanı belə bir daxili siyasi gərginlikdən ancaq Türkiyə və Azərbaycan xilas edə bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az