📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan sülh anlaşmasından GERİ ÇƏKİLİR?

2024-02-27 10:47:54

İrəvan sülh anlaşmasından GERİ ÇƏKİLİR?

"Ermənistan Fransanı Cənubi Qafqaza gətirməklə yeni problemlərə yol aça bilər"

Məhəmməd Əsədullazadə: "Ərdoğan Rusiya və Fransanın kirli planlarının qarşısını alacağını mesajını verdi"

Elxan Şahinoğlu: "Gürcüstan həqiqətən də Azərbaycan və Türkiyə ilə üçlü ittifaqın gücləndirilməsini arzulayırsa, o zaman ərazisinin Ermənistanın silahlanmasında istifadəsinə razılaşmamalıdır"

Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş baş tutacaq. Bu barədə açıqlama verən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, danışıqlarda bəlli bir fasilə baş versə də, sülh sazişinin mətni üzərində işlər davam etdirilirdi: "Lakin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra prosesə yenidən start verilməsi barədə qərar verilmişdi. Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır".

Nazir əlavə edib ki, bütün bu istiqamətlərdə hər hansı bir müsbət addım atılan zaman Fransa çox böyük canfəşanlıq edir və onun bu canfəşanlığı məhz məsələni gərgiləşdirmək, müsbət istiqamətdə inkişafa yol verməməkdir: "Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə görüş keçirildi. Görüş kifayət qədər müsbət qiymətləndirildi, normal mühitdə keçdi, prosesin davam etdirilməsinin vacibliyi qeyd edildi. Bundan dərhal sonra Fransa prezidenti açıqlama verdi, Fransa müdafiə naziri Ermrənistana gedərək təhrikedici açıqlamalar verdi. Bu addımlara baxanda görünür ki, bunlar məqsədli, planlı şəkildə müsbət istiqamətdə inkişafın qarşısını almaqdır. Bu da bir daha onu deməyə əsas verir ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bir çox mərkəzləri narahat edir".

Bu arada, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, ölkəsi qlobal güc olma yolunda sürətli addımlar atır və Türkiyə qardaş Azərbaycanla Qarabağda çiyin-çiyinə dayanır: "Türkiyə xarici siyasətdə Avropadan təriflər almaq üçün çalışmır, regional güc olmaqdan daha çox qlobal güc olmaq yolunda sürətli addımlar atır. Biz Liviyada və Qarabağdayıq. Türkiyə qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır. Xarici siyasətdə artan nüfuzumuzun arxasında güclü müdafiə sənayesi dayanır. Müdafiə sənayesində xarici asılılığımız azaldıqca, xarici siyasətdə effektivliyimiz artır. Biz vəzifəyə gələndə 80 faiz başqalarından asılı idik. Xarici siyasətdə biz Avropadan "afərin" almağa çalışmaqdan bütün dünyada düzgün və ağıllı mövqeyi ilə təqdir olunan bir ölkəyə çevrildik".

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş isə hesab edir ki, Zəngəzur layihəsi uğurla həyata keçsə, bu, təkcə Azərbaycanı deyil, Ermənistan, İran, Türkiyə və Gürcüstanı da Qafqaz vasitəsilə Mərkəzi Asiyaya birləşdirəcək çox həyati bir dəhliz olacaq: "Qazan-qazan prinsipi çərçivəsində bunun ermənilərə də böyük faydası olacaq. Bunları izah edərək Ermənistanı erməni diasporunun kölgəsindən xilas etməklə yolumuza davam etməliyik".

Ukrayna prezidenti Vladimir Zelenskinin İrəvana səfərinə toxunan rusiyalı politoloq Dmitri Suslov isə bu qənaətdədir ki, sözügedən səfər Ermənistan və Rusiya arasında münasibətlərdə dönüş nöqtəsi ola bilər. Suslovun fikrincə, Zelenskinin səfərinin Ermənistanın real maraqları ilə heç bir əlaqəsi ola bilməz: "Bu, çox güman ki, kollektiv Qərbin Rusiyanın Ermənistanın hazırkı rəhbərliyi ilə əlaqələrini birdəfəlik məhv etmək istəyindən xəbər verir". Rusiyalı politoloq bildirib ki, Ukrayna prezidentinin İrəvana səfəri Nikol Paşinyanın Rusiyadan Qərbə istiqamətlənmə siyasətinin zirvəsi olar: "Başa düşmək lazımdır ki, indiyədək Zelenski hərbi əməliyyatdan bəri Baltikyanı ölkələr istisna olmaqla, heç bir postsovet ölkəsinə səfər etməyib. O, nə Qazaxıstanda, nə Orta Asiya ölkələrində, nə Gürcüstanda, nə də Moldovada olub. Ona görə də onun Cənubi Qafqaz ölkələrinə gəlişi, necə deyərlər, bütün maskaların atılacağı siyasətin zirvəsi olardı. Təbii ki, Zelenski faktiki olaraq təkcə İrəvana deyil, Bakıya da səfər edərsə, bu, mənfi təsiri bir qədər yumşaldacaq, amma onu tam aradan qaldırmayacaq. Ermənistan Azərbaycandan fərqli olaraq rəsmi olaraq Rusiyanın müttəfiqidir. Ümumilikdə İrəvanla Moskvanın münasibətlərində hazırkı vəziyyət çox qeyri-müəyyəndir. Ticarət-iqtisadi sahədə ciddi və intensiv əməkdaşlıq davam edir, ticarət dövriyyəsi artır, Ermənistan Avrasiya İqtisadi İttifaqına sədrlik edir. Siyasət və təhlükəsizlik sferasında isə İrəvanın açıq şəkildə Rusiyanın opponentlərinin tərəfinə keçməsi müşahidə olunur. Bunu geri qaytarmaq hələ də mümkündür, lakin getdikcə çətinləşir. Zelenski İrəvana səfər edərsə, bu, geri dönüş nöqtəsinə çevriləcək və bu, Ermənistanın hazırkı rəhbərliyi ilə hansısa normallaşma ehtimalını əngəlləyəcək".

"Rusiya öz hərbçilərini Qarabağda saxlamaqda, Fransa isə Ermənistanı silahlandırmaqla ermənilərin Qarabağa qayıtmasında maraqlıdır"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyənin siyasi və hərbi cəhətdən inkişafı Azərbaycanın müstəqilliyinin və təhlükəsizliyinin təmin olunmasında əsas başlıca amildir. Azərbaycanın Rusiya və İran kimi imperialist siyasət yürüdən iki qonşu ölkə ilə həmsərhəd olduğunu xatırladan politoloqun sözlərinə görə, məhz adıçəkilən iki ölkə daim Azərbaycanın müstəqilliyini və təhlükəsizliyini təhdid edir: "Odur ki, Türkiyənin öz hərbi sənayesini inkişaf etdirməsi Qarabağ müharibəsində və sonrakı proseslərdə Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin qlobal güc yolaraq Liviyada və Qarabağda olduğunu elan etdi. O, Qarabağın adını təsadüfi çəkmədi. Çünki Rusiya və Fransa yenidən Qarabağla bağlı addımlar atmağa çalışır. Rusiya öz hərbçilərini Qarabağda saxlamaqda, Fransa isə Ermənistanı silahlandırmaqla ermənilərin Qarabağa qayıtmasında maraqlıdır. Ona görə də Ərdoğan Qarabağla bağlı bu iki ölkənin kirli planlarının qarşısını alacağını mesajını verdi".

"Rusiya-Ermənistan əlaqələrində getdikcə qırılmalar artacaq, hətta İrəvan küçələrində atəş səsləri də gələ bilər"

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurduğunu bildirdiyini deyən Milli Cəbhə Partiyasının sədr müavininin fikrincə, bu, İrəvan tərəfindən Rusiya ilə strateji müttəfiqlik münasibətlərinin polzulması anlamına gəlir: "Rusiya və Ermənistan arasında münasibətlərin kəskinləşməsi Cənubi Qafqazda sabitləşdirici faktordur. Rusiya 200 ildir erməni amilindən Azərbaycana qarşı işğal, etnik təmizləmə, soyqırım və vandalizm siyasəti apararaq Cənubi Qafqazda geosiyasi mövqelərini qoruyub saxlayıb. Azərbaycan isə ərazilərini işğaldan azad etməklə Rusiyanın regionda mövqeyini zəiflədib. Düşünürəm ki, Ermənistanın Rusiya və İranla strateji tərəfdaşlığa son verməsi region üçün yeni imkanlar açacaq".

Rusiya-Ermənistan əlaqələrində getdikcə qırılmaların artacağını iddia edən politoloqun qənaətincə, hətta İrəvan küçələrində atəş səsləri də gələ bilər: "Hesab edirəm ki, Ermənistan hakimiyyəti Fransa kimi avantürist bir ölkəni regiona gətirməklə yeni problemlərə yol aça bilər. Çünki Ermənistanın Rusiya demarşları Kremli qəzəbləndirib. Odur ki, Rusiya Ermənistan ordusunda Azərbaycana qarşı sərhəddə təxribatlara əl ata bilər".

"Paşinyanın Ermənistanın KTMT-də fəaliyyətini donduracağını barədə açıqlaması Parisin planının tərkib hissəsidir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Fransa Nikol Paşinyanın beynini əməllicə doldurub. Onun sözlərinə görə, əgər Paşinyan ötən il "Azərbaycanla sülh sazişi imzalamağa yaxınıq" deyirdisə, indi Azərbaycanın Ermənistan ərazilərinin işğalı və müharibə təhlükəsindən danışır: "Bunun qarşılığında da Fransa rəsmiləri "Ermənistanı Azərbaycandan qoruyacağıq" kimi açıqlamalar verirlər. Əvvəlcə Paşinyanı Parisə çağırdılar, o geri dönməyə macal tapmamış Fransanın müdafiə naziri İrəvana getdi və Ermənistanı yeni hərbi texnika ilə təhciz edəcəklərini vurğuladı. Bunun ardınca, Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini donduracağını barədə açıqlaması da Parisin planının tərkib hissəsidir. Yəqin Parisdə Paşinyana söz veriblər ki, Ermənistan KTMT-ni tərk edə bilsə və Rusiya hərbi bazasından qurtulsa, Fransa hərbi kontingenti Ermənistanda yerləşdiriləcək və bu Ermənistanın təhlükəsizlik təminatı olacaq".

Politoloq bildirib ki, indi növbəti gediş Kremlindir: "Rusiya Paşinyanla Makronun birgə planlaşdırdıqları imic zərbəsinə tuş gəlməmək üçün Ermənistanda qarışıqlıq yaratmaqdan tutmuş Nikol Paşinyana qarşı sui-qəsd təşkil etməyə qədər vasitələri nəzərdən keçirəcək. İkinci Qarabağ müharibəsindən sonra bu alınmadı, Kreml növbəti cəhdə baş vuracaq". Kremlin təcili surətdə Nikol Paşinyandan "Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurub" açıqlamasına aydınlıq gətirməsini istədiyini vurğulayan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin qənaətincə, Paşinyanın bu vəziyyətdə iki çıxış yolu var: "O birinci halda Kremli sakitləşdirəcək açıqlama verərək, KTMT-dən uzaqlaşmanı və ayrılmanı ağrısız və tədricən həyata keçirməyə çalışacaq ki, bu onun zamanını alacaq. Paşinyan ikinci halda məsələni köklü şəkildə həll etməyə çalışacaq və KTMT-dən ayrılmanın anonsunu verəcək ki, Kremlin zərbələrini Fransa ilə birgə dəf edə bilsin. Paşinyan tələsdiyinə görə, ikinci varianta üstünlük verə bilər. Çünki Paşinyanda belə qənaət var ki, bölgədə yeni toqquşma olarsa Rusiya Ermənistanı qorumayacaq və Azərbaycan yeni hədəflərinə çatacaq. Ona görə də Paşinyan düşünür ki, o həm də zamanla mübarizə apardığına görə hadisələri qabaqlamaldır. Paşinyan Parislə ortaq çalışmalar həyata keçirərkən, Kreml də boş dayanmayacaq. Bununla yeni mərhələyə qədəm qoyuruq".

Elxan Şahinoğlunun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron yalnız Azərbaycanla münasibətləri korlamayıb, qonşusu və tərəfdaşı İtaliyaya qarşı da yekəxana siyasət aparır: "Makron İtaliyanın sağ mühafizəkar hökumət başçısı Corciya Melonini bəyənmir, onunla müxtəlif mövzularda ixtilaf yaradıb. Makron beynəlxalq tədbirlərdə Meloni ilə üz-üzə gəlməməyə çalışır. Bu dəfə də belə olub. Makron "böyük yeddilərin" Ukrayna ilə bağlı Kiyevdən idarə olunan videokonfransında iştirakdan imtina edib. Səbəb konfransa Corcia Meloninin sədrlik etməsidir. Makron toplantıya qatılmamasını daxili işlərin çoxluğu ilə izah etsə də, buna inanan azdır. Ekspertlər Makronun son hərəkətini "böyük yeddilər"dəki tərəfdaşlarına hörmətsizlik kimi qiymətləndiriblər. Tərəfdaşlarına hörmət etməyən lider Fransaya uzaq olan Cənubi Qafqazla bağlı normal siyasət yürüdərmi? Makronun balansı tam pozaraq Cənubi Qafqaz siyasətini tam Ermənistan üzərində formalaşdırmasının ən böyük zərəri İrəvana dəyəcək".

"Zelenskinin Ermənistana səfəri KTMT-ni tərk etməyə hazırlaşan Paşinyanla Kreml arasında gərginliyi daha da artıracaq"

Ukrayna prezidenti Vladimir Zelenskinin Ermənistana səfərinə gəlincə, politoloqun fikrincə, Zelenski anlamalıdır ki, belə bir gərgin ərəfədə Cənubi Qafqaz ölkələrindən yalnız Ermənistana səfər Azərbaycanda haqlı suallar yaradacaq: "Zelenskinin Avropa ölkələrinə və ABŞ-a səfərləri anlaşılandır, çünki bu ölkələrdən silah, hərbi texnika və maliyyə almağa ümid edir. Ermənistanda bunların heç biri yoxdur, üstəgəl Münhen Təhlükəsizlik Konfransında Vladimir Zelenski ilə baş nazir Nikol Paşinyan deyil, Azərbaycan prezidenti İlham Əliyev görüşdü və bu görüşdən iki gün sonra Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi. Zelenski bu yardımlara görə, hər zaman İlham Əliyevə minnətdar olub. Ermənistan Ukraynaya hansı həcmdə yardım göndərib? Bundan başqa, Zelenski Cənubi Qafqazda artan gərginlikdən məlumatlıdır, Azərbaycanla Ermənistan sülh sazişi imzalamağa yaxın deyillər. Zelenski anlamalıdır ki, belə bir gərgin ərəfədə Cənubi Qafqaz ölkələrindən yalnız Ermənistana səfər Azərbaycanda haqlı suallar yaradacaq. Doğrudur, Zelenskinin prezident seçiləndən sonra Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfər etdiyini də unutmamaq lazımdır. Onun Ermənistana mümkün səfərini yalnız bir amillə izah etmək olar. Ermənistanla Rusiya arasında artan gərginlik Ukraynanın maraqlarına xidmət edir. Kiyev çox istəyərdi ki, Rusiya Ermənistana da müdaxilə etsin. Bu halda Kreml birincisi, iki cəbhədə mübarizə aparmalı olacaq, ikincisi, Ermənistanı qorumağı vəd verən Qərblə münasibətlərini daha da gərginləşəcək. Zelenski bu amilləri əlində rəhbəri tutaraq Ermənistana səfəri planlaşdıra bilər". Elxan Şahinoğlunun sözlərinə görə, mümkündür ki, Zelenskinin Ermənistana səfər etməsini Qərb ölkələrindən biri məsləhət görüb: "Ancaq bu səfər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşan Nikol Paşinyanla Kreml arasında gərginliyi daha da artıracaq ki, bu Ermənistana yaxşı heç nə vəd etmir. Odur ki, Zelenski Ermənistana səfərin müsbət və mənfi tərəflərini doğru hesablamalıdır".

"Gürcüstanın Türkiyə və Azərbaycanla arzuladığı üçlü ittifaqı gücləndirmək üçün Bakı və Ankara üçün həssas olan Ermənistanın silahlandırılması mövzusunda diqqətli olmalıdır"

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuşun açıqlamasına gəlincə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, Gürcüstan həqiqətən də Azərbaycan və Türkiyə ilə üçlü ittifaqın gücləndirilməsini arzulayırsa, o zaman ərazisinin Ermənistanın silahlanmasında istifadəsinə razılaşmamalıdır: "Numan Kurtulmuş Asiya Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında jurnalistlərə deyib ki, əvvəlcə Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaq lazımdır ki, sonrakı mərhələdə buna Rusiya, İran və Ermənistan qoşulsunlar. Numan Kurtuluş bunu deyərkən ötən həftə Ankarada görüşdüyü Gürcüstanın xarici işlər nazirin sözlərinə istinad edib: "Bizdən israrla tələb etdikləri şey budur: həm xarici işlər nazirləri, həm də parlament sədrləri səviyyəsində üçlü mexanizmi daha da gücləndirmək, dövlət başçıları formatında bunu irəli aparmaq, daha sonra Ermənistan, Rusiya və İranın bu fəaliyyətə daxil olması ilə altılı bir mexanizm yaratmaqdır". Gürcü nazirin bu sözləri mənə maraqlı gəldi. Birincisi, Gürcüstan hakimiyyəti 3+3 platformasında məhz ona görə iştirak etmir ki, orada Cənubi Osetiya və Abxaziyanı işğal edən Rusiya var. İkincisi, Gürcüstanın Türkiyə və Azərbaycanla arzuladığı üçlü ittifaqı gücləndirmək üçün Bakı və Ankara üçün həssas olan Ermənistanın silahlandırılması mövzusunda diqqətli olmalıdır. Fransa Ermənistana növbəti hərbi texnikanı Gürcüstan üzərindən çatdırmağa çalışacaq. Əgər Gürcüstan bu dəfə də ərazisini Fransa hərbi texnikasının Ermənistana çatdırılması üçün şərait yaradarsa, bu Gürcüstan-Azərbaycan münasibətlərində yeni suallar yaradacaq. Azərbaycan və Türkiyə ilə üçlü ittifaqın gücləndirilməsini arzulayan ölkə ərazisinin Ermənistanın silahlanmasında istifadəsinə razılaşmamalıdır".

Vazeh BƏHRAMOĞLU