📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan sülh istəyirsə, BAKININ ŞƏRTLƏRİNİ YERİNƏ YETİRMƏLİDİR

2024-02-06 09:39:26

İrəvan sülh istəyirsə, BAKININ ŞƏRTLƏRİNİ YERİNƏ YETİRMƏLİDİR

Məhəmməd Əsədullazadə: "İndiki halda Ermənistanda hakimiyyətə gələn yeni qüvvə Azərbaycanla sülh müqaviləsinin konstitusiyaya zidd olduğunu deyərək, ondan imtina edə bilər"

Elçin Mirzəbəyli: "Çox güman ki, Paşinyanın konstitusiyanın yenilənməsində məqsədi prosesi uzatmaq, vaxt qazanmaqdır"

Asif Nərimanlı: "Ermənistanda yeni konstitusiyanın qəbulunun müzakirəsi Azərbaycanın tələbinin nəzərə alındığını göstərir"

Elxan Şahinoğlu: "Paşinyan anlamalıdır ki, yüksəklikləri geri qaytarmaq avantürası ona və ölkəsinə baha başa gələcək, Paris və Azərbaycana qarşı mümkün sanksiyalar onu xilas edə bilməyəcək"

Bugünlərdə Ermənistanın yeni konstitusiyaya ehtiyacı olduğunu bildirən baş nazir Nikol Paşinyan rəsmi Bakının haqlı tələbini qəbul edərək, ölkəsinin müstəqillik bəyannaməsinin Azərbaycanla sülhə maneə olduğunu etiraf edib. Belə ki, Ermənistanın İctimai radiosuna verdiyi müsahibəsində, "Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq" deyən Paşinyanın fikrincə, ölkəsinin qonşuları ilə münasibətləri inkişaf etdirməsi və yaxşılaşması üçün yeni konstitusiya lazımdır.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarının birində məhz bu mövzuya toxunub və "Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər", deyə qeyd edib. İlham Əliyev həmçinin, Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanmasını müsbət addım kimi qiymətləndirib və bildirib ki, bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər: "Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları var. Bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər".

Bu arada, axar.az-da yer alan informasiyada deyilir ki, ABŞ-ın tanınmış analitik mərkəzlərindən olan Xarici Əlaqələr Şurası 2024-cü il üçün müharibə ehtimalı olan ərazilərin xəritəsini hazırlayıb. Amerikalı analitiklərin fikrincə, Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlanması ehtimalı var. "Biz Qarabağı tamamilə itirmişik" deyən Ermənistanın Şirak yeparxiyasının rəhbəri Mikael Adjapayan isə hesab edir ki, hakimiyyətə gələn hər kəs bu acı həqiqəti etiraf etməlidir: "Reallıq budur ki, biz təslim olduq. Hakimiyyətə gələcək hər kəs bu ağrılı həqiqəti deməlidir. Əks halda gələnlər Qarabağı geri alacaqlarını deyərək saxtakarlıq edirlər. Subyektiv olaraq bu, hazırda mümkün deyil. Hətta demək olar ki, bu gün İrəvanı qoruyub saxlamaq problemimiz var. İndi hər kəs müharibə sözündən qorxur. Amma biz hələ də müharibədəyik, adam itirmirik, lakin torpaqlarımızı bir-bir itiririk".

"Sülh müqaviləsinin bağlanmasında əsas problemlərdən biri Ermənistanın müstəqillik bəyannaməsi və ona əsaslanan konstitusiyasıdır"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında əsas problemlərdən biri Ermənistanın müstəqillik bəyannaməsi və ona əsaslanan konstitusiyasıdır. Belə ki, Ermənistanın müstəqillik bəyannaməsinin preambulasında Qarabağın Ermənistana birləşdirilməsi və Türkiyəyə qarşı ərazi iddiaları əks olunub. Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq ölkəsinin konstitusiyanın sülhə mane olduğunu qeyd edib. Həmçinin, ölkəyə yeni konstitusiyanın lazım olduğunu vurğulayıb. Təbii ki, Nikol Paşinyan konstitusiyanı dəyişmək fikrində deyildi. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı nasist ideologiyasından xilas edir. Təbii ki, Azərbaycan tərəfi Ermənistana konstitusiyanı dəyişmək təklifini verib. Bu, Ermənistana sülh müqaviləsi üzrə əsas şərtdir".

Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, əgər İrəvan Bakının bu şərtini yerinə yetirməsə, o zaman Ermənistanla sülh müqaviləsinin hüquqi bazası olmayacaq: "Yəni, indiki halda Ermənistanda hakimiyyətə gələn yeni qüvvə Azərbaycanla sülh müqaviləsinin konstitusiyaya zidd olduğunu deyərək, ondan imtina edə bilər. Məhz bu səbəbdən də Azərbaycan Ermənistana yeni konstitusiya qəbul etmədən sülh müqaviləsinin bağlanmayacağı mesajını açıq şəkildə verməlidir. Odur ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi yalnız Ermənistanda yeni konstitusiya qəbul edildikdən sonra mümkündür".

"Ermənistanın müstəqillik bəyannaməsində yer alan ərazi iddiaları Azərbaycana qarşı güc tətbiqi hədəsidir"

Siyasi şərhçi Elçin Mirzəbəyli isə hesab edir ki, Ermənistanın Azərbaycana qarşı birbaşa, Türkiyəyə münasibətdə isə dolayısıyla irəli sürdüyü əraz iddialarının yer aldığı sənədlərdən, BMT Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd məqamların aradan qaldırılması üçün bu ölkənin konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə ehtiyac yoxdur: "Çünki sözügedən qanunsuz iddialar Ermənistanın konstitusiyasında deyil, müstəqillik haqqında bəyannaməsində yer alıb. Konstitusiyada isə müstəqillik haqqında bəyannaməyə ümumi, "milli hədəflər" adı altında istinad var. Ermənistanın müstəqillik bəyannaməsinin preambula hissəsində Ermənistan Ali Sovetinin və "Dağlıq Qarabağ"ın milli şurasının" "Dağlıq Qarabağ"ın "Ermənistan SSR-ə birləşdirilməsi" haqqında "birgə qərarı"na istinad olunur. Bu isə şübhəsiz ki, Azərbaycan torpaqlarının ilhaqı, həm indiki Ermənistan, həm də artıq işğaldan azad etdiyimiz ərazilərdə Ermənistan dövlətinin formalaşdırılması niyyətinin vurğulanması deməkdir. Onu da qeyd edim ki, Ermənistan Ali Sovetinin və "Dağlıq Qarabağ"ın "milli şurası" adlanan qondarma təsisatın 1 dekabr 1989-cu il tarixli "qərarı" həmin dövrdə mövcud olan SSRİ konstitusiyasına zidd olduğu üçün yuxarı orqan – SSRİ Ali Soveti tərəfindən ləğv edilib. Bu baxımdan, Ermənistanın müstəqillik bəyyanəməsində yer alan iddiaların, hətta hüquqa zidd olsalar da belə, ləğv olunduqları üçün faktoloji əsası yoxdur. İndiki halda, qanuni və faktoloji əsasları olmayan ərazi iddialarının tamamilə aradan qaldırılması, ilk növbədə Ermənistanın özünə lazımdır. Çünki beynəlxalq hüququn müstəqil subyekti olan bir dövlət heç bir halda BMT Nizamnaməsinin müddəalarına zidd olan iddialarla çıxış edə bilməz. BMT Nizamnaməsinin 2 maddəsinin 4-cü bəndində qeyd olunur ki, "Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri beynəlxalq münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlər Təşkilatının Məqsədlərinə uyğun olmayan hər hansı digər şəkildə güc tətbiq etmək hədəsindən və ya güc tətbiqindən çəkinməlidirlər". Ermənistanın müstəqillik bəyannaməsində yer alan ərazi iddiaları və Ermənistan konstitusiyasında bu müstəqillik bəyannaməsindəki "hədəflərə" istinad olunması Azərbaycan ərazilərinin işğalını və ilhaqını nəzərdə tutan güc tətbiq etmək hədəsidir".

"Paşinyanla kilsə və diaspor arasında yaranmış ziddiyyətlərin bir hissəsi onların konstitusion statusa sahib olması ilə bağlıdır"

Elçin Mirzəbəylinin fikrincə, Ermənistanın müstəqillik bəyannaməsində yer alan bu qanunsuz iddiaların aradan qaldırılması üçün isə rəsmi İrəvanın iddia etdiyi kimi mövcud kostitusiyaya əlavə və dəyişiklik edilməsi, yaxud yeni konstitusiyanın qəbulu məqsədilə referendum keçirməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, özünü, həm də Ermənistan SSR-nin hüquqi varisi elan edən Ermənistan Respublikasının parlamenti bəyannamədən ərazi iddiaları ilə bağlı məqamları, onların Ermənistan Respublikasının beynəlxalq öhdəliklərinə zidd olduğunu əsas gətirərək çıxarmaqla bu problemi aradan qaldıra bilər: "Bunun üçün Ermənsitan parlamentində, hətta 3/5 səs çoxluğunun əldə olunmasına da ehtiyac qalmır. Ermənistan konstitusiyasında qeyd olunur ki, "Parlamentin reqlamenti, Seçki Məcəlləsi, Məhkəmə-Hüquq Məcəlləsi, Konstitusiya Məhkəməsi, Referendum, Partiyalar və insan hüquqlarının müdafiəsi haqqında qanunlar konstitusiya qanunları olduğu üçün deputatların ümumi sayının ən azı 3/5 hissəsinin səsi ilə qəbul olunur". Ermənistanın müstəqillik bəyannaməsi isə konsitusiya aktı olmadığı üçün sadə səs çoxluğu ilə qəbul oluna bilər".

Siyasi şərhçi onu da qeyd edib ki, Nikol Paşinyanın məsələni konstitusiyanın yenilənməsi kontekstindən ictimai rəyə təqdim etməsində məqsəd, təkcə qonşulara ərazi iddialarının aradan qaldırılması ilə bağlı deyil: "Nikol Paşinyan, əslində ölkə konstitusiyasında yer alan və Ermənistanın bir dövlət kimi formalaşmasına mane olan bir neçə məqamı sözügedən sənəddən çıxarmaq istəyir. Bunlardan biri Erməni Apostol Kilsəsi (maddə 18), digəri isə erməni diasporu ilə əlaqələrlə (maddə 19) bağlıdır. Həm kilsənin, həm də diasporun konstitusion statusa sahib olması, onların Ermənistanın siyasi hakimiyyətinin, konkret halda isə Paşinyan hökumətinin fəaliyyətinə müdaxilə etmələrinə imkan yaradır. Nikol Paşinyanla kilsə və diaspor arasında yaranmış ziddiyyətlərin bir hissəsi də çox güman ki, bununla bağlıdır. Əslində bu məqam baş nazirin “yeni konstitusiya” ilə bağlı fikirlərində də, özünü dolayısıyla büruzə verir. Mövcud Konstitusiya ilə Ermənistan heç bir halda hüquqi və suveren bir dövlət kimi formalaşa bilməz. Müstəqillik bəyannaməsində yer alan ərazi iddialarına dolayısıyla, “milli hədəflər” altında istinad, müxtəlif dövlətlərin ərazisində fəaliyyət göstərən və eyni zamanda həmin dövlətlərin maraqlarını ifadə edən diaspor təşkilatlarının, ehkamlarla, subyektiv, elmi, hüquqi əsası olmayan yanaşmalarla idarə olunan kilsənin konstitusion statusa malik olmaları hüquqi dövlət anlayışına zidd olmaqla yanaşı, həm də suverenliyə təhlükədir. Azərbaycanla sülh müqaviləsinə mane olan amillərin müstəqillik haqqında bəyannaməyə redaktə xarakterli dəyişiklər etməklə aradan qaldırılması əvəzinə yeni konstitusiyanın qəbul edilməsi müstəvisinə daşınması isə çox güman ki, Nikol Paşinyanın yenə də prosesi uzatmaq, vaxt qazanmaq niyyətindən qaynaqlanır".

"Yalnız sülh sazişinin imzalanması ilə iş bitmir, Ermənistanın ərazi iddiaları hüquqi sənədlərindən də çıxarılmalıdır"

Azərbaycan Prezidenti İlham Əliyevin sülh üçün Ermənistanın konstitusiya və müstəqillik bəyannaməsinin dəyişdirilməsi şərtini irəli sürdüyünü vurğulayan siyasi şərhçi Asif Nərimanlı də bu qənaətdədir ki, hətta Nikol Paşinyan sülhə imza atsa belə, hakimiyyət dəyişikliyi baş verəndə yeni qüvvələr konstitusiyaya əsasən ərazi iddialarını yenidən davam etdirəcək: "Ermənistan konstitusiyası müstəqillik bəyannaməsinin müddəalarının yerinə yetirilməsini vəzifə olaraq müəyyənləşdirir. Müstəqillik bəyannaməsində isə qondarma "miatsum" ideyası ilə Azərbaycana, "Qərbi Ermənistan" iddiası ilə Türkiyəyə qarşı iddia irəli sürülür. Bu iddialar konstitusiyadan götürülmədiyi təqdirdə sülh sazişinin imzalanması mümkün deyil. Hətta Paşinyan hakimiyyəti sülhə imza atsa belə, hakimiyyət dəyişikliyi baş verəndə yeni qüvvələr konstitusiyaya əsasən ərazi iddialarını yenidən davam etdirəcək. Bu baxımdan, təkcə sülh sazişinin imzalanması ilə iş bitmir. Ermənistanın ərazi iddiaları hüquqi sənədlərindən də çıxarılmalıdır".

Artıq rəsmi Bakının bunu tələb kimi irəli sürdüyünü deyən siyasi şərhçinin sözlərinə görə, Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi müzakirələrinin başlanması Azərbaycanın tələbinin nəzərə alındığını göstərir: "Paşinyan "dördüncü respublikanın" anonsunu verib. Qarabağın Ermənistana birləşdirilməsi ideyasının yer aldığı müstəqillik bəyannaməsindən imtina edəcəklərini, yeni konstitusiya qəbul olunacağını bəyan edib. Və müxalifətin "bütün bunlar Əliyevin Ermənistanın qarşısına qoyduğu tələblərdir" iddiasını da təkzib etməyib. Odur ki, Nikol Paşinyanın işi asan olmayacaq, lakin Ermənistanın mövcudluğu üçün çox seçimləri yoxdur".

"İrəvan Fransanın təhriki ilə hərbçiləmizin mövqelərinə hücum edib yüksəkliklərə nəzarəti geri qaytarmaq istəyərsə, bunun Ermənistan üçün ağır nəticələri olacaq"

Hazırda gündəmi zəbt edən mövzulardan birinə, daha dəqiq desək, Fransanın Azərbaycana qarşı ildırımsürətli müharibə planı hazırlamasına gəlincə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, əgər Ermənistan Fransanın təhriki ilə Cermux istiqamətində Azərbaycan hərbçilərinin mövqelərinə hücum edib yüksəkliklərə nəzarəti geri qaytarmaq istəyərsə, bunun Ermənistan üçün ağır nəticələri olacaq: "Birincisi, Azərbaycan ordusu həmin yüksəkliklərin qarşı tərəfin nəzarətinə keçməməsi üçün qarşı tərəfə dağıdıcı zərbələr endirəcək, pilotsuz uçuş aparatları yenidən işə düşəcək. İkincisi, 8 kəndimizlə bağlı danışıqları davam etdirməyə ehtiyac qalmayacaq, ordumuzun həmin kəndlərə daxil olmasına əngəl qalmayacaq. Üçüncüsü, Ermənistanın Qərbi Zəngəzuru itirmək təhlükəsi artacaq. Aydındır ki, Ermənistanın təxribat planı varsa, bundan əvvəl İrəvan dostları ilə birgə Azərbaycana qarşı dezinformasiya mexanizmini işə salacaq. Yəni, təxribat günü xəbər yayacaqlar ki, guya birinci atəş açan Azərbaycan hərbçiləri olub və erməni hərbçiləri bu səbəblə "ərazilərini" geri qaytarmağa çalışıblar. Bu dezinformasiya Ermənistana və onun havadarlarına ona görə lazım olacaq ki, beynəlxalq aləmdə Azərbaycana qarşı sanksiya tətbiqini həyata keçirə bilsinlər".

Politoloq əlavə edib ki, strateji yüksəkliklərin geri qaytarılması Ermənistan üçün həyati əhəmiyyət daşıyır, çünki Azərbaycan ordusu həmin yüksəkliklərdən Ermənistanın şəhərlərinə, hava limanlarına və yollarına nəzarət edir: "Bu Ermənistan hökumətini və generallarını ciddi narahat edir. Onlar bu haqda açıq danışmasalar da, bilirlər ki, Azərbaycan danışıqlar yolu ilə həmin yüksəklikləri geri qaytarmayacaq. Baş nazir Nikol Paşinyan buna görə sülh sazişinin imzalanmasını yubadır. Çünki sülh sazişi də həmin yüksəkliklərin Ermənistana təhvil verilməsini təmin etməyəcək. Ancaq Nikol Paşinyan onu da anlamalıdır ki, yüksəklikləri geri qaytarmaq avantürası ona və ölkəsinə baha başa gələcək, Paris və Azərbaycana qarşı mümkün sanksiyalar onu xilas edə bilməyəcək".

Vazeh BƏHRAMOĞLU