📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İrəvan Teatrında işləməyi təklif etdilər” – Mehriban Xanlarova

2026-09-23 22:38:14

“İrəvan Teatrında işləməyi təklif etdilər” – Mehriban Xanlarova

“Böyük ümidlə işimə qayıdacağımı gözləyirəm. Göydə Allaha, yerdə dövlətimizə güvənirəm”.

Musavat.com xəbər verir ki, bunu Əməkdar artist, aktrisa Mehriban Xanlarova işsizliyi ilə bağlı açıqlamasında deyib.

Aktrisa bildirib ki, işlə təmin olunması üçün müxtəlif qurumlara müraciət edib:

“Şükür Allaha, dolanıram. İşimlə bağlı müraciət etmədiyim yer yoxdur. 25 gün bundan öncə Mədəniyyət Nazirliyinə çağırılmışdım. Mənə İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışmağı təklif etdilər. Bütün teatrlar mənim üçün doğmadır. Amma mən ömrümün uzun illərini “Azdrama”ya həsr etmişəm. Dedim ki, heç olmasa Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışım. Lap bu teatrlarda qarderobçu olum, aktyor geyimlərini verim və sair. Sözün bitdiyi andayam. Nə deyəcəyimi bilmirəm. Nazirlik cavab verməlidir. Amma mən müsbət cavab gözləmirəm”.

Mehriban Xanlarova Akademik Milli Dram Teatrını öz evi hesab etdiyini vurğulayıb:

““Azdrama” mənim evim idi. Bəlkə evimdən çox orada idim. Nə deyəcəyimi bilmirəm”.

Qeyd edək ki, Əməkdar artist Mehriban Xanlarovanın Akademik Milli Dram Teatrındakı fəaliyyətinə ötən il son qoyulub. Aktrisa teatrda yaşanan problemlərlə əlaqədar bu addımı atdığını bildirib. Onun sonradan işinə qayıtmaqla bağlı müraciətinə cavab olaraq Dövlət Akademik Milli Dram Teatrından bildirilib ki, hazırda teatrda müvafiq vakant ştat mövcud deyil. Teatrın açıqlamasında qeyd olunub ki, Xanlarova əvvəlcə yenidən işlə təmin olunması ilə bağlı müraciət edib və onun müraciəti nəzərə alınaraq, peşə fəaliyyətini davam etdirməsi üçün alternativ imkanlar da təklif olunub. Bildirilib ki, aktrisaya digər dövlət teatrlarında iş imkanları, eləcə də Mədəniyyət Nazirliyinin “Teatral Akademiya” layihəsi çərçivəsində gənc aktyorlar üçün ödənişli əsaslarla ustad dərsləri keçməsi təklif edilib. Lakin aktrisa yalnız Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmaq istədiyini bildirərək təqdim olunan alternativ variantları qəbul etməyib.