"İrəvana zəng edəndə, Bakıya da zəng etsinlər" - POİTOLOQDAN BEYNƏLXALQ TƏŞKİLATLARA İSMARIC
Noyabrın 16-da dünyanın diqqəti yenidən Azərbaycan və Ermənistan arasında vəziyyətə yönəldi. Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində ölkəmizə qarşı genişmiqyaslı təxribata əl atdı.
Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə qəfil hərbi əməliyyata başladı. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum etdi.
Son erməni təxribatları da Azərbaycanın hərbi-siyasi və diplomatik qələbəsi ilə başa çatdı, ölkəmizin üçtərəfli danışıqlar prosesində mövqeyini bir daha möhkəmləndirdi. Təsadüfi deyil ki, dünənki hadisələri şərh edən ABŞ dövlət katibi Entoni Blinken də “sərhədlərin demarkasiyasının vacibliyini” qeyd etdi.
Politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında qeyd edib ki, Azərbaycanın beynəlxalq təşkilatlardan dəstək gözləməsinə ehtiyac yoxdur. O Türkiyənin dəstəyinin kifayət olduğunu vurğulayıb:
"Azərbaycanın son sərhəd gənginliyində böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan dəstək gözləməsinə ehtiyac yoxdur, yetər ki, bizə mane olmasınlar. Türkiyənin dəstəyi kifayətdir. Müdafiə naziri Hulusi Akarın verdiyi mesajlar digər dövlətlərə xəbərdarlıqdır ki, Azərbaycanı təkləməyə çalışmasınlar. Böyük dövlətlərdən və beynəlxalq təşkilatlardan iki gözləntimiz olmalıdır. Birincisi, Azərbaycan əleyhinə açıqlama verməsinlər, ikincisi İrəvana zəng edəndə, Bakıya da zəng etsinlər. Hələ ki, buna riayət olunur".
YƏHYA