📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvanda gözlənilməz ittiham

2026-11-17 18:37:45

İrəvanda gözlənilməz ittiham

Ermənistan parlamentində yeni Konstitusiya ətrafında mübahisələr 2020-ci ilin 44 günlük müharibəsi ilə bağlı qarşılıqlı ittihamlara çevrilib. Hakimiyyət nümayəndəsi müxalifətin müharibənin başlanması barədə mövqeyinin Azərbaycanınmövqeyi ilə üst-üstə düşdüyünü bildirib.

Hurriyyet.net  erməni mediasına istinadən xəbər verir ki, noyabrın 17-də Ermənistan parlamentində çıxış edən Ruben Rubinyan müxalifətə yeni Konstitusiyanın müzakirəsinə dəstək verməyi təklif edib.

Onun sözlərinə görə, hakim çoxluq müxalifətin irəli sürdüyü məsələlərin parlamentin gündəliyinə salınmasına razılıq verə bilər. Bunun müqabilində müxalifət də yeni Konstitusiya layihəsinin müzakirəsinə mane olmamalıdır.

“Siz yeni Konstitusiya layihəsinə səs verin ki, xalqın onu müzakirə etmək imkanı olsun. Biz də əvvəllər əleyhinə çıxdığımız bəyanat layihələrinin belə gündəliyə daxil edilməsinə hazırıq”, – deyə Rubinyan bildirib.

Rubinyan çıxışında 2020-ci ilin 44 günlük müharibəsinə də toxunaraq Ermənistan müxalifətini sərt tənqid edib.

O iddia edib ki, müxalifətin müharibənin başlanması ilə bağlı arqumentləri Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.

“Azərbaycan tərəfi, Daşnaksütyun, “Güclü Ermənistan” və “Ermənistan” bloklarının parlament fraksiyaları müharibəni Nikol Paşinyanın təhrik etdiyini bildirirlər”, – deyə Rubinyan söyləyib.

Onun sözlərinə görə, həm Azərbaycan tərəfi, həm də Ermənistan müxalifəti Paşinyanın vaxtilə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını müharibəni təhrik edən amillərdən biri kimi göstərir.

Rubinyan isə Ermənistan hakimiyyətinin 2020-ci ildə hərbi əməliyyatların Azərbaycan tərəfindən başladıldığı barədə mövqeyini təkrarlayıb.

Beləliklə, Ermənistanda yeni Konstitusiya ilə bağlı müzakirələr hakimiyyətlə müxalifət arasında Qarabağ müharibəsinin siyasi məsuliyyəti uğrunda mübahisələri yenidən gündəmə gətirib.