İrəvanda Kərki və Nəsimi tamaşaları - Paşinyan çətin durumda
Ermənistanda yeni tamaşalar hazırlanıb. Bu dəfə işğal altındakı Kərki kəndinin azad olunması və müəmmalı şəraitdə yoxa çıxan, sonradan Ermənistan ərazisində aşkarlanan Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı...

Əvvəlcə, Kərkidən başlayaq. Kərki kəndi Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidinə daxildir. Arpaçayın sahilində yerləşən Kərkinin ümumi ərazisi təxminən 960 hektardır. Vaxtilə Azərbaycan ərazilərini erməni siçovulların ən müxtəlif istiqamətdən gəmirməsi nəticəsində Kərki ilə Sədərək arasında rabitə kəsilib və bu kənd “ada”da qalıb. Kərkinin “ovuclarının içində” olmasından istifadə edən Ermənistan ordusu bu kəndi 1990-cı ilin 19 yanvarında işğal edib. 38 ilə yaxındır Azərbaycan kəndini işğal altında saxlayırlar, amma bu günlərdə hay-küy qaldırıblar ki, ölərik, Kərkini – “Tiqranaşen” deyirlər – geri qaytarmarıq! Həyasızlıqdır, başqa ad tapmaq mümkün deyil!
Baş nazir Nikol Paşinyan Kərkini öz adı ilə çağırdı və bu kəndin Ermənistanın 29.743 kvadratkilometrlik ərazilərinə aid olmadığını dedi. Normal yanaşmadır. Paşinyanı bu bəyanatı vadar edən Azərbaycanın Dəmir Yumruğu, Qarabağda aldığı dərsdir. Yaxasına özü demişkən, kadastr sənədi olmayan Ermənistanın xəritəsini yapışdıran Paşinyan onu da bilir ki, hələ Ermənistanın gerçək əraziləri bəlli deyil, cəmi 13 km-lik sərhəd zolağı dəqiqləşdirilib və qarşıda sürprizlər ola bilər. Ona görə də ehtiyatlı danışır. Amma danışmaq yox, addım atmaq lazımdır! Həm 10 noyabr 2020-ci il üçtərfəli bəyanata, həm də 8 avqust 2025-ci il tarixdə Vaşinqtonda əldə olunmuş üçtərəfli razılaşmaya uyğun olaraq rəsmi İrəvan öhdəliklərini icra etməlidir! Üstəlik, 2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş nazir Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dördtərəfli görüşü nəticəsində tərəflər bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqlarını təsdiqləyib. Elə Rusiya rəhbərliyi vaxtaşırı Paşinyanın Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdığını erməni baş nazirin başına çırpır.
Nikol Paşinyan da hər səhər yuxudan duran kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir. Elə isə Kərki və Qazaxın 3 kəndinin işğaldan azad edilməsini niyə ləngidir? Bu məsələlərdə o qədər ləng davrandı ki, artıq Ermənistandakı radikallar, revanşistlər açıq şəkildə həyasızlığa başlayıblar. Arqumentə baxın: deyirlər, Kərki ərazisindən Ermənistanın şimal ilə cənubunu birləşdirən M-2 magistral yolu keçir, ona görə də bu ərazini qaytarmaq olmaz! Magistral keçir, cəhənnəmə keçsin, bizə nə aidiyyatı var?! Apar magistralı başqa ərazidən keçir! Azərbaycanın ərazi bütövlüyünü tanıyan Paşinyanın hökuməti hələ indi Kərkidə qanunsuz məskunlaşan ermənilər üçün marşrut avtobusları ayırır, rahatlıqlarını təmin edir. Revanşist deputatların Kərkidə ağcəkmə kampaniyasına da göz yumurlar. O ağacları Azərbaycan üçün əkmirlər təbii ki...
Ermənistan Kərkini və Qazaxın üç kəndini - Sofulu, Barxudarlı və Yuxarı Əskiparanı dərhal azad etməlidir! Bunu yuxarıda sadaladığımız razılaşmalar tələb edir! Həmin ərazilərdə yaşayan sakinlərə, bütövlükdə Azərbaycan dövlətinə vurulan zərərə görə kompensasiya ödənilməsi də təmin olunmalıdır! İşğal nəticəsində Azərbaycana yüz milyardlarla zərər vuran Ermənistanın tarixi Azərbaycan ərazisi olan Başkəndi istəməyə haqqı yoxdur!!! Üstəlik, Ermənistanda Kərkinin taleyi ilə bağlı müzakirələrə son qoyulmalıdır! Prosesləri diqtə edən Azərbaycandır, Ermənistan və ermənilər yerlərini bilməlidir! Odur ki, işğaldakı Azəərbaycan kəndlər qeyd-şərtsiz geri qaytarılmalıdır!
Azərbaycan Prezidenti Ermənistanla sülhdən bəhs edərkən bildirmişdi ki, “Bura ölkələrin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, gələcəkdə hər hansı ərazi iddialarına son qoyma öhdəliyi, silah gücündən təhdid məqsədi ilə istifadə edilməməsi, dövlət sərhədlərinin delimitasiyası və kommunikasiya xətlərinin açılması daxildir”. Faktiki olaraq bu gün Ermənistanda hələ də Azərbaycan ərazilərinə iddia edənlər var və hakimiyyət İrəvandakı separatçıların, radikal qüvvələrin fəaliyyətinə göz yumur. Üstəlik, Azərbaycan ərazilərinə iddiaların əksini tapdığı konstitusiya dəyişikliyinə də gedilmir. Zəngəzur dəhlizi ilə bağlı da irəliləyiş yoxdur. Bütün bunlar suallar doğurur...Ermənistanda isə “yaxşı və pis polis” tamaşası oynanılır. Paşinyan “yaxşı” görünməyə çalışır, əleyhdarları isə “pis”. Amma əslində hamısı əməldə bir bezin qırağıdırlar.
Digər tamaşa Ermənistan ərazisinə keçən hərbçimizlə bağlı hazırlanıb. Yenə də Ermənistanın Baş naziri Nikol Paşinyan “yaxşı” kimi görünməyə çalışır. Maraqlıdır ki, ilk dəfə jurnalistlərin Ermənistan sərhədini keçən azərbaycanlı əsgərin ekstradisiyası ilə bağlı qərar qəbul edilib-edilməməsi haqqında sualını cavablandırmaqdan imtina edən Paşinyan bir neçə gün sonra bu barədə danışdı. Görünür hazırlaşmağı lazım imiş. Yaxud Bakının reaksiyasından sonra ölçülü-biçili davranmağa qərar verib. Təsəvvür edin, Azərbaycan tərəf hələ hərbçi Ermənistan ərazisində aşkarlanmadığı zaman İrəvana bu barədə sorğu yollayıb, əsgərin yoxa çıxdığı barədə məlumat verib. Amma bütün bunlara baxmayaraq, 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi bildirilən, 1 oktyabrda Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı 2 oktyabrda 2 aylıq həbs qətimkan tədbiri seçilib. “Tamaşa”nın ən “qırğın” yeri odur ki, guya Nəsimi Qarakilsənin Şəki kəndində getdiyi evdəki qadına atəş açıb, ayağından yaralayıb.

Qadın da necə cəsarətli olubsa, hərbçimizi bıçaqlayıb, hətta onun saxlanmasına nail olub. Hind kinosuna bənzər yerlər...Erməni gözəlçəsinin evinə gedən Nəsimi niyə ona atəş açsın ki, özü də ayağından? Yaxud guya əlində silah olan MAXE-ni bıçaqla tərksilah olunması nağıl deyilmi? Erməni axçilərin tarix boyu göstərdiyi “xidmətlər” barədə çox deyilib, yazılıb, bəlkə elə...Nə isə istintaqı gözləyək. Hərbçimiz postunu tərk etməklə ciddi yanlışlığa yol verib və dövlətimiz qarşısında məsuliyyət daşıyır. Azərbaycan Baş Prokurorluğu da Nəsimi Musayevin itkin düşməsi faktı ilə bağlı cinayət işi başladığını açıqlayıb. Amma Ermənistanda sərhədi keçməsi, cinayət törətməsi barədə iddialara gəldikdə...Hələ Ermənistanla Azərbaycan arasında sərhədlər dəqiqləşməyib, ermənilər gərək bunu unutmasın! Kim bilir, bəlkə də erməni kəşfiyyatı qadının əli ilə hərbçimizi tora salmağa nail olub, amma ardını gətirə bilmirlər...
Diqqətçəkən digər amil də var. Bu hadisədən sonra baş nazir Nikol Paşinyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktor müavinini işdən çıxarıb. Rəsmi xəbərdə səbəb barədə məlumat verilməsə də, yerli media qərarın azərbaycanlı əsgərin sərhədi keçməsindən sonra verildiyini bildirir. Məsələ burasındadır ki, Ermənistanda sərhəd qoşunları Təhlükəsizlik Xidməti strukturuna daxildir. Bəlkə Paşinyanı çətin vəziyyətlə üz-üzə qoyduqları üçün baş nazir cəza qərarı verib? Yaxud işi yarıtmayıblar, ona görə...
Paşinyanın çətin vəziyyətlə üzbəüz qaldığı aydın görünür. O, saxlanılan azərbaycanlı hərbçinin bir müddət Ermənistanda qalacağını deyib. Nəyə görə, bunu aydınlaşdırmayıb. Azərbaycan bir neçə dəfə ərazilərimizə keçmiş hərbçini Ermənistana təhvil verib. Elə isə Nəsimi niyə bir müddət Ermənistanda qalmalıdır? Bəlkə yaralı olduğuna görə? Hər halda aydın desinlər. Niyə hərbçimizin səhhəti barədə dəqiq məlumat verilmir, yalnız “yaralı axçi”dən danışılır? Nikol Paşinyanın bu sözləri də diqqət çəkir: “Tutaq ki, biz onlara deyirik: əsirlərdən birini bizə verin ki, biz də bu əsgəri verək. Bəs sabah bizim əsgər onların tərəfinə keçsə, onda kimi verəcəyik?” Maraqlıdır...Hər halda Paşinyan öz oyununu yaxşı oynayır.
Ötən gün Azərbaycan əsgərinə görə Ermnənistan parlamentində “at izi it izinə qarışmışdı”. Ermənistan parlamentinin spikeri Ruben Rubinyan da deyib ki, Azərbaycan hərbçisinin Ermənistan ərazisinə hansı şəraitdə daxil olduğu hələ müəyyən edilməlidir. Onun sərhədi təsadüfən keçib-keçmədiyi müəyyənləşdirilməlidir. Rubinyan da deyib ki, həm Ermənistan, həm də Azərbaycan hərbçiləri ilə bağlı oxşar hadisələr əvvəllər də baş verib. Onun sözlərinə görə, söhbət təsadüfi keçidlərdən gedir və bir sıra hallarda hərbi qulluqçular sonradan vətənlərinə qaytarılıblar. Lakin azərbaycanlı hərbçinin gələcəyinə gəldikdə isə, spiker ikibaşlı danışıb və onun ekstradisiyası ehtimalını müzakirə etməyin hələ tez olduğunu qeyd edib. Tez – tələsik “dövlət sərhədini qanunsuz keçməkdə, silahdan istifadə edilməklə ağır bədən xəsarəti yetirməkdə və digər bir neçə cinayət əməli törətməkdə” təqsirli bilinən Azərbaycan hərbçisi ətrafında hazırlanan teatrın sonrakı gedişatı necə olacaq, gözləyək...