İşləməyən dişləməz... - Danimarka miqrasiya siyasətini sərtləşdirir
Danimarka hökuməti işləməyən miqrantları pul müavinətlərindən məhrum etməyi planlaşdırır.
Hurriyyet.az bu barədə “Focus” nəşrinə istinadla xəbər verir. Maddi yardım almaq üçün həftədə ən az 37 saat işləməlisiniz. Baş nazir Mette Frederiksen “Uzun illərdir ki, bir çox insanlardan heç bir şey tələb etməyərək onlara böyük xidmət göstərmişik” deyib.
“Focus” xəbər verir ki, Danimarka hökuməti miqrasiya siyasətini sərtləşdirmək niyyətindədir və yalnız işləyən gəlmələrə maddi yardım ödəyəcək. Yalnız həftədə ən azı 37 saat işləyənlərə pul veriləcək.
“İnsanların töhfə verməyə və faydalı olmağa borclu olduqları yeni bir iş məntiqi tətbiq etmək istəyirik. Daimi bir iş tapa bilmirlərsə, müavinət üçün çalışmalı olacaqlar”, - deyə baş nazir Mette Frederiksen bəyan edib.
Danimarkanın məşğulluq naziri Peter Hummelqard isə məsələyə belə aydınlıq gətirib: “İnsanlar çimərlikdə siqaret qutuları və plastik qablar yığaraq işləyə və ya müəssisələrdə müxtəlif işlərdə kömək edə bilərlər. Bizim üçün vacib olan insanların evdən çıxmasıdır”.
Qəzet xatırladır ki, bundan əvvəl bu qaydalar yalnız 3-4 il ərzində dövlət yardımı alanlar, kifayət qədər təhsili olmayan və Danimarka dilini bilməyənlər üçün keçərli idi. Eyni zamanda yeni qaydalar miqrantların inteqrasiyasına da kömək etməlidir. “Uzun illərdir ki, bir çox insanlara təmənnasız xidmət edirdik”, - deyə baş nazir Mette Frederiksen bildirib. Səlahiyyətlilər Yaxın Şərq, Şimali Afrika və Türkiyədən olan qadınlar arasında çalışanların nisbətinin xüsusilə az olduğunu da vurğulayıblar.
Ancaq bu planlar hələ parlament tərəfindən təsdiqlənməlidir. Sol siyasətçilər bu təşəbbüsü tənqid edirlər. Bunun hökumət tərəfindən maliyyələşdirilən sosial dempinqə səbəb ola biləcəyini söyləyirlər. Danimarka artıq neçə illərdi son dərəcə sərt miqrasiya siyasəti həyata keçirir. Hökumət qaçqın statusu almaq üçün müraciət edənlərin sayını sıfıra endirməyi qarşısına məqsəd qoyub.