İsmayıllıda aqrar sahədə həyata keçirilən tədbirlərin icra vəziyyəti yerində araşdırılıb - Fotolar
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı İsmayıllı rayonunda monitorinq keçirilib.
Hurriyyet.net xəbər verir ki, monitorinq çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov, eləcə də Dövlət Proqramının icrasını təmin etmək məqsədilə yaradılmış rayon qərargahının üzvləri bir sıra kənd təsərrüfatı müəssisələrində olublar.
Səfər zamanı təsərrüfatların mövcud fəaliyyəti, istehsal imkanları və həyata keçirilən layihələrin gedişi ilə tanışlıq olub.
Baxış keçirilən ünvanlar sırasında “İvanovka təbii qida məhsulları” MMC, “AAFT” MMC, Qalıncaq kəndində yerləşən meyvə bağı, Kürdmaşı kəndində fəaliyyət göstərən quşçuluq müəssisəsi və digər aqrar təsərrüfatlar yer alıb.
Monitorinq zamanı rayonun kənd təsərrüfatı üzrə mövcud imkanlarından daha səmərəli istifadə, istehsalın həcminin və məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, eləcə də Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti müzakirə olunub. Təsərrüfatlarda qısa müddət ərzində görülən işlər diqqətə çatdırılıb, fəaliyyətin genişləndirilməsi, istehsal potensialının artırılması və yeni imkanların dəyərləndirilməsi ilə bağlı sahibkarlara tövsiyələr verilib.
Görüşlər zamanı fermer və sahibkarların fəaliyyəti prosesində üzləşdikləri çətinliklər də dinlənilib. Mövcud məsələlərin həlli istiqamətində müvafiq qurumlarla birgə tədbirlərin görülməsinin vacibliyi vurğulanıb və aidiyyəti təşkilatlar qarşısında müvafiq məsələlərin qaldırılacağı bildirilib.








