📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İsrail Azərbaycan-İran əməkdaşlığından narahat deyil" - ELXAN ŞAHİNOĞLU

2022-10-04 13:10:00

"İran isə əksinə Azərbaycan-İsrail hərbi əməkdaşlığından aşkar narahatdır, bunu müxtəlif səviyyələrdə səsləndirməkdən çəkinmir"

"Müdafiə naziri Zakir Həsənov oktyabrın 3-də həm Bakıda İsrailin müdafiə naziri Benyamin Qansı qəbul edib israilli həmkarıyla hərbi-texniki əməkdaşlıq məsələrini müzakirə edib, həm də İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Hüseyn Baqeri ilə telefonla danışıb. Müdafiə Nazirliyindən yayılan məlumatda tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi bildirilib". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

"Eyni gündə bir-birinə düşmən olan iki dövlətin – İsrailin və İranın müdafiə sistemlərinə başçılıq edən şəxslərin Bakı ilə təmaslarını təsadüfü saymaq olarmı?" sualını cavablandıran politoloq qeyd edib ki, İsrail Azərbaycan-İran əməkdaşlığından narahat deyil, bunu Azərbaycanın daxili işi sayır və qarışmır: "İran isə əksinə Azərbaycan-İsrail hərbi əməkdaşlığından aşkar narahatdır, bunu müxtəlif səviyyələrdə səsləndirməkdən çəkinmir, üstəgəl Bakıya zəng edən Hüseyn Baqeri bir müddət əvvəl Azərbaycanla bağlı təhdid mahiyyətli açıqlama vermişdi. Görünən odur ki, rəsmi Bakı İsraillə hərbi-texniki əməkdaşlığı bundan sonra da davam etdirməkdə və genişləndirməkdə maraqlıdır. Azərbaycan ordusunun gücləndirilməsi və döyüş qabiliyyətinin artırılması əsas vəzifədir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az