📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail-HƏMAS müharibəsi Yaxın Şərqdə YENİ SİYASİ NİZAM YARADACAQ

2023-10-10 10:28:27

İsrail-HƏMAS müharibəsi Yaxın Şərqdə YENİ SİYASİ NİZAM YARADACAQ

Xaqani Cəfərli: "İranın sifarişi ilə həyata keçirilən qanlı terror hücumu bir daha təsdiqləyir ki, Güney Azərbaycan müstəqil olmayınca bölgədə sülh və sabitlik olmayacaq"

Elman Vəliyev: "Vasitəçi olmasa, müharibənin həcmi böyüyəcək, burada əsas vasitəçi isə məhz Türkiyə ola bilər"

Məhəmməd Əsədullazadə: "İsrail kəşfiyyatının - MOSSAD-ın bu hücumun təşkilindən və lojistik koordinasiyasından xəbəri olmaması mümkün deyil"

Bugünlərdə, daha dəqiq desək, oktyabrın 7-də HƏMAS "İslami-Cihad"la birgə İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb. Hazırda isə Qəzza zolağı ilə sərhəddə altı ərazidə aktiv döyüş əməliyyatları davam edir. Bununla bağlı axar.az-da yer alan məlumata görə, İsrail ordusunun mətbuat katibi Daniel Haqari Beeri, Kfar-Aza, Nirim və Alumimdə döyüşlərin davam etdiyini bildirib.

Bu arada, Türkiyə mediası iddia edir ki, Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail gərginliyinin həllinə müdaxilə etmək niyyətindədir, Ankara vasitəçilik mövqeyini itirmək istəmir. Qeyd olunur ki, Türkiyə müharibənin dərinləşməməsi və yayılmasının qarşısını almaq məqsədilə səy göstərməyə çalşır: "Ankara region ölkələrinin köməyi ilə atəşkəsə nail olmaq məqsədilə tərəflər üçün məqbul model üzərində işləyir".

İran prezidenti İbrahim Rəisi isə fələstinlilərin "Əqsa tufanı" əməliyyatı nəticəsində qalib gələcəklərinə əmin olduğunu vurğulayıb. Rəisi həmçinin, dünyanı məzlum Fələstin xalqına qarşı zülm və ədalətsizliyin, qadınlara və məhbuslara davamlı zorakılığın, müqəddəs Qüdsün təhqir olunmasının əbədi olaraq davam edə bilməyəcəyinə diqqət yetirməyə çağırır: "İran Fələstin xalqının qanuni müdafiəsini dəstəkləyir. Sionist rejim və onun havadarları region ölkələrinin təhlükəsizliyini təhdid etməkdə məsuliyyət daşıyırlar və buna görə cavab verməlidirlər. Müsəlman hökumətləri islam ümmətinə qoşulmalı və Fələstin xalqını vicdanla dəstəkləməlidir. Sionist düşmən də bilməlidir ki, qüvvələr nisbəti dəyişib, müharibəni qızışdırmaq sionistlərə fayda verməyəcək. Bu döyüş meydanında qalib Fələstin xalqıdır".

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan isə ölkəsinin HƏMAS-la danışıqlar aparmaq niyyətində olmadığını qeyd edib: "Bunlar açıq-aşkar sənədləşdirilmiş hərbi cinayətlərdir. Terrorçularla danışmaq mərhələsi artıq geridə qaldı. İndi HƏMAS-ın terror infrastrukturunu məhv etmək lazımdır ki, bir daha belə dəhşət yaşanmasın". ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehem isə bəyan edib ki, əgər Livan Hizbullahı İsrail və HƏMAS arasındakı müharibəyə müdaxilə edərsə, o zaman ABŞ İrana qarşı hərbi cavab verməlidir. Qrehemin fikrincə, bu halda ABŞ İranın dörd neft emalı zavodunu vurmalıdır.

"Rusiya mərkəzli avrasiyaçılığın dağılması ən çox üç ölkənin, Azərbaycan, Ukrayna və İsrailin maraqlarını təmin edəcək"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən politoloq Xaqani Cəfərli hesab edir ki, çoxsaylı insan tələfatı ilə nəticələnən iyrənc terror hücumunu qətiyyətlə pisləmək, dost İsrail dövləti və xalqı ilə həmrəy olduğumuzu bildirmək zamanıdır. Politoloqun sözlərinə görə, bunu Azərbaycan xalqının həyati əhəmiyyətli maraqları tələb edir: "İranın dəstəyi, çox böyük ehtimalla sifarişi ilə həyata keçirilən qanlı terror hücumu bir daha təsdiqləyir ki, Güney Azərbaycan müstəqil olmayınca bölgədə sülh və sabitlik olmayacaq. Azərbaycan xalqının həyati əhəmiyyətli maraqları Güney Azərbaycanın müstəqilliyi və şimal torpaqlarımızın işğaldan azad olunmasından ibarətdir. Bu maraqların həyata keçməsi Avrasiyada hakim olan Rusiya mərkəzli avrasiyaçılığın dağılmasından asılıdır. Avrasiyaçılığın dağılması isə Böyük Britaniya, Ukrayna və İsrailin güclü və qalib olmasına bağlıdır. Avrasiyaçılığın dağılması ən çox üç ölkənin, Azərbaycan, Ukrayna və İsrailin maraqlarını təmin edəcək. Azərbaycan, İsrail və Ukraynanı bir-birinə bağlayan, bir-birinə doğru yönəldən qüvvə də budur".

"İrana qarşı hərbi-siyasi hərəkat başlasa, Türkiyə ilə Azərbaycan tamamilə fərqli düşərgələrdə yer ala bilər"

Xaqani Cəfərlinin fikrincə, HƏMAS-ın İsrailə qarşı terror hücumu Azərbaycan və Türkiyə cəmiyyətlərinin bu məsələdə nə qədər fərqli mövqedə olduğunu göstərdiyi kimi, Ankara ilə Bakının mövqelərinin də üst-üstə düşmədiyini nümayiş etdirdi: "Belə ki, CHP-nin yeni nəsil liderlərindən olan Özgür Özel də daxil olmaqla Türkiyə siyasətinin bütün kəsiminin təmsilçiəri İsraili lənətləyən bəyanatlar yaydıqları bir vaxta Azərbaycandan tam fərqli səslər yüksəldi. Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu baaşda olmaqla Azərbaycan siyasətinin böyük qismi İsraili dəstəkləyərək HƏMAS-ı qınadı. Bu hadisə bir daha qardaş dövlətlərin də mövqelərinin bir-birinə ziddiyyət təşkil edə biləcəyinin göstəricisi olmaqla yanaşı, dərindən düşünmək üçün gözəl imkandır. Hər kəs anlamalıdır ki, Türkiyə ilə Azərbaycanın bütün məsələlərdə mövqeyi üst-üstə düşə bilməz. Hətta bəzi məsələlərdə mövqelər ziddiyətli ola bilir və bundan sonra belə məqamların daha çox şahidi olacağıq".

Politoloq əlavə edib ki, HƏMAS-ın İsrailə qarşı terror hücumunu dəstəkləyən İran hökmən cəzalandırılacaq: "Son günlər İranın Rusiyanı daha aktiv silahlandırmağa başladığı haqqında da məlumatlar var. Bütün bunlar İrana qarşı hərbi-siyasi hərəkat ehtimalını artırır. İrana qarşı hərbi-siyasi hərəkat başlasa, Türkiyə ilə Azərbaycan tamamilə fərqli düşərgələrdə yer ala bilər. Belə olmasa belə, İran məsələsində Türkiyə ilə Azərbaycanın mövqeləri 180 dərəcə fərqli olacaq".

"Vaşinqton ya İsraili gözdən çıxardıb, ya da İslam coğrafiyasının vahid yumruq şəkildə birləşəcəyindən ehtiyat edir"

Konfliktoloq Elman Vəliyev isə bu qənaətdədir ki, indi müharibənin gedişatında iki yol özünü büruzə verəcək: "Birincisi, Hizbullah HƏMAS-a dəstəyini daha da artıracaq, digər islami təşkilatlar - Əl Cihad, Taliban da prosesə qoşulmağa cəhd edəcək, İran Səudiyyə Ərəbistanı, İraq və Suriya ərazisindən HƏMASA yardım göndərəcək. İsrailə isə yardım bölgədəki ABŞ bazalarından gələ bilər. Amma niyəsə rəsmi Vaşinqton susqunluq nümayiş etdirir. Ya İsraili gözdən çıxardıb, ya da İslam coğrafiyasının vahid yumruq şəkildə birləşəcəyindən ehtiyat edir".

Müharibənin gedişatındakı ikinci yola gəlincə, Elman Vəliyev bildirib ki, HƏMAS və İsrail vasitəçilik yolu ilə danışıqlara gedəcək. Konfliktoloqun fikrincə, burada əsas vasitəçi kimi məhz Türkiyə ola bilər: Bu, yaxşı seçim ola bilər. Əslində, Misir də pis olmaz. Ümumiyyətlə, vasitəçi olmasa, müharibənin həcmi böyüyəcək. Yeri gəlmişkən, Rusiya mütləq şəkildə HƏMAS-a dəstək verəcək!"

"Necə ola bilərdi ki, Tehranda əməliyyatlar keçirən MOSSAD-ın gözünün qabağında HƏMAS bu qədər silahlanmağı bacarıb?!"

"Yaxın Şərqdə hərbi böhranın yenidən alovlanması qaçılmaz idi" deyən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, İsrail-HƏMAS müharibəsi Yaxın Şərqdə yeni siyasi nizam yaradacaq: "İsrail və Fələstin münaqişəsi 1000 ilin münaqişəsidir. Ərəb və yəhudilər arasındakı din və fikir ayrılıqları onların eyni bölgədə yaşamasına çətinlik yaradır. 1897-ci ildə baş tutan Birinci Sionist Konqresi və 1917-ci ildə Balfur Bəyannaməsində Fələstində yəhudi vətəni ideyası bölgədə gərginlik yaratdı. 1947-ci ildə BMT-nin Fələstin ərazisində ərəb və yəhudi dövlətlərinin yaradılması haqqında qətnaməsi iki xalq arasında qanlı müharibəyə gətirib çıxardı. 1993-1994-cü ildə Osloda Fələstin və İsrail arasında razılıq əldə edildi və Fələstin muxtariyyəti İsrail tərəfindən tanındı. Hazırda ərəb və yəhudilər siyasi iradə ortaya qoyub 1994-cü ildəki kimi razılaşa bilərlər. Amma İsraildə hakimiyyətdə olan ifrat sağçılar, həmçinin Fələstindəki radikal islamçılar hər iki dövlət modelini qəbul etmir. 2007-ci ildə Qəzza zolağında hakimiyyəti ələ alan HƏMAS İsrailə qarşı terror hücumunu artırdı. Həmçinin, İsrail hakimiyyətinin zəbt edilmiş ərazilərdə yəhudi yerləşim yerləri salması tərəflər arasında münaqişəni qızışdıran əsas səbəblərdən biridir. Ümumiyyətlə, həm İsraildə, həm də Fələstində münaqişəni bitirmək istəməyən qüvvələr var".

Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, uzun illər İsrail-Fələstin münaqişəsindən istifadə edən İran və digər ölkələr bundan Yaxın Şərqdə stabilliyi pozmaq üçün istifadə edirlər: "Hazırda HƏMAS-ın İsrailə hücumu əvvəlki hücumların analoji davamıdır. Amma İsrail kəşfiyyatının - MOSSAD-ın bu hücumun təşkilindən və lojistik koordinasiyasından xəbəri olmaması mümkün deyil. Qəzza həm dənizdən, həm də qurudan İsrailin blokadasındadır. Odur ki, İsrail kəşfiyyatı Qəzzaya uçan quşun növünü də yaxşı bilir. Yəni, HƏMAS-ın bu qədər silahlanması və PUA-larla təchiz edilməsi MOSSAD-ın nəzərindən qaça bilməzdi. Necə ola bilərdi ki, Tehranda əməliyyatlar keçirən MOSSAD-ın gözünün qabağında HƏMAS bu qədər silahlanmağı bacarıb?!"

"Hesab edirəm ki, Türkiyə Suriyada PPK-nı, İsrail isə HƏMAS-ı bitirəcək"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, artıq Yaxın Şərqdə də yeni dünya nizamı qurulur və HƏMAS-ın varlığı yeni düzəni təhdid edir: "Qeyd edim ki, İranın Yaxın Şərqdə fəaliyyəti də yeni siyasi nizamda nəzərdə tutulmur. Fikrimcə, HƏMAS-İsrail, dolayısı ilə İran-İsrail müharibəsi HƏMAS-ın ləğvi və İrana qarşı hərbi əməliyyatlarla müşayiət oluna bilər. İlk növbədə, İranın dəstək verdiyi regionda proksi qüvvələrinə qarşı əməliyyatlar genişlənəcək. Hesab edirəm ki, Türkiyə Suriyada PPK-nı, İsrail isə HƏMAS-ı bitirəcək. Hazırda baş verən HƏMAS-İsrail müharibəsi gözlənilən idi və "İbrahim" sazişinə uyğun olaraq həyata keçirilir. Belə ki, İran HƏMAS vasitəsiylə İsrailin yeni siyasi nizam yaratmaq istiqamətindəki planına qarşı çıxdı. Yaşanan qarşıdurma və insanlıq dramı hər iki tərəfin bir-birinə qarşı bəslədiyi nifrətin nəticəsidir. Odur ki, hər iki toplum bu qanlı savaşa görə məsuliyyət daşıyır".

Vazeh BƏHRAMOĞLU