"İsrail-HƏMAS savaşında qazanan tərəf hələlik İrandır" - ŞAHİN CƏFƏRLİ
"Bizim sosial mediada İrana olan aşağılayıcı münasibətin reallıqla əlaqəsi yoxdur, İran kifayət qədər ciddi dövlətdir və oyun pozucu potensialı yüksəkdir"
"Son aylarda ABŞ, İsrail və Səudiyyə Ərəbistanı arasında çox vacib anlaşmalar hazırlanırdı. Səudiyyə Ərəbistanı tərəfindən İsrail dövlətinin rəsmən tanınması və diplomatik əlaqələrin qurulması, əvəzində Fələstin məsələsində İsrailin bəzi güzəştlərə getməsi, Səudiyyənin dinc məqsədli nüvə proqramına ABŞ-ın dəstəyi və bu ölkəyə təhlükəsizlik təminatı verməsi, əvəzində krallığın Çinlə iqtisadi və hərbi əlaqələrdə dərinə getməyərək məsafə saxlaması, neft qiymətlərində Vaşinqtonla qarşılıqlı anlaşma şəraitində siyasət yeritməsi və sair detallar müzakirə olunurdu". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.
Siyasi şərhçinin fikrincə, tərəflər bütün məsələləri razılaşdırmasalar belə, ciddi irəliləyişlər var idi: "Məsələn, son aylar İsrailin 3 naziri müxtəlif beynəlxalq-regional toplantılarda iştirak adı altında Səudiyyə Ərəbistanına səfər etmişdi. Prosesin müsbət sonluqla bitməsi “İbrahim anlaşmaları”nın təntənəli yekunu olacaqdı. Lakin son hadisələr bu prosesi pozmasa belə, ən azı onun aqibətini qeyri-müəyyənliyə düçar etdi. Səudiyyə Ərəbistanı hər nə qədər tamamilə öz maraqlarını güdən praqmatik siyasət aparsa da, ərəb dünyasının lider dövləti olaraq İsrailin fələstinlilərə qarşı hərbi və iqtisadi xarakterli sərt tədbirlərini görməzdən gələ bilməz. HƏMAS-ın törətdiyi ağır cinayətlər, İsrailin buna verdiyi və verəcəyi cavablar bölgədəki nisbi sülh atmosferini pozdu. Planlaşdırılan razılaşmaların gündəmdən çıxmasa belə, təxirə düşdüyünü söyləyə bilərik".
Şahin Cəfərli hesab edir ki, İsrail-HƏMAS savaşında qazanan tərəf hələlik İrandır: "Baş verənlər Çin və Rusiyanın da maraqlarına uyğundur. Bizim sosial mediada İrana olan aşağılayıcı münasibətin reallıqla əlaqəsi yoxdur. İran kifayət qədər ciddi dövlətdir və destruktiv (oyun pozucu) potensialı yüksəkdir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az