📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraildə koalisiya böhranı - Netanyahu, yoxsa Eyzenkot hökuməti quracaq?

2026-10-28 22:38:03

İsraildə koalisiya böhranı - Netanyahu, yoxsa Eyzenkot hökuməti quracaq?

İsrail Baş naziri Benyamin Netanyahunun seçki koalisiyası səslərin 85 faizinin hesablanmasından sonra Qadi Eyzenkotun müxalifət blokunu əhəmiyyətli dərəcədə geridə qoyub.

Hurriyyet.net  xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, exit-poll nəticələri ilə müqayisədə Netanyahu daha yaxşı nəticə göstərsə də, blokların heç biri 61 mandatlıq parlament çoxluğunu təmin edə bilmir.

Nəşr yazır ki, bu vəziyyət ölkənin yeni hökumətinin formalaşdırılması üzrə həftələrlə davam edəcək çətin danışıqlara zəmin yaradır:

“Netanyahunun bloku 53 mandat almaqla öndədir və bu, onun hazırkı mandatlarından 11 yer azdır. Eyzenkotun bloku isə 48 mandatla geri qalır. Ərəb partiyaları da sayda – 19 mandat qazanmaq üzrədir. Eyzenkot nəzəri olaraq onların dəstəyi ilə hökumət qura bilsə də, bu ssenari praktiki olaraq qeyri-real hesab edilir. Həmçinin təxminən 500 min hərbçi, diplomat və məhbusun səsvermə nəticələri hesablansa da, ümumi güc nisbətinin dəyişəcəyi gözlənilmir”.

ABŞ Prezidenti Donald Tramp isə “Axios”a verdiyi açıqlamada əvvəlcə Netanyahunun şansları ilə bağlı “dəhşətli xəbərlər” aldığını, lakin hazırda vəziyyətin onun xeyrinə dəyişdiyini bildirib:

“O, hazırda kifayət qədər yaxşı vəziyyətdədir. Eşitdim ki, mənim dəstəyim “Bibi” (Benyamin Netanyahu – red.) üçün böyük rol oynadı”.

Tramp Netanyahunun rəhbərliyi ilə milli birlik hökumətinin qurulmasına müdaxilə edib-etməyəcəyi ilə bağlı suala isə “Bu barədə düşünməmişəm, amma baxarıq” cavabını verib.

Qeyd edək ki, İsrail Prezidenti İsxak Hersoq növbəti həftədən etibarən partiyalarla məsləhətləşmələrə başlayacaq. O, növbədənkənar seçkilərdən qaçmaq üçün tərəfləri açıq fikirli olmağa çağırıb. Əgər hər iki tərəf çoxluğu toplaya bilməsə, gələn ilin aprelində yenidən seçkilər təyin edilə bilər.

Portalla söhbətində ekspertlər bildiriblər ki, hazırkı vəziyyətdə Netanyahu üçün yeni seçkilər keçirilənə qədər müvəqqəti Baş nazir postunda qalmaq ən əlverişli variantdır. Bu, ona xarici siyasəti və təhlükəsizlik məsələlərini tam nəzarətdə saxlamaq imkanı verəcək.