📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrailin "Technion" ali təhsil müəssisəsinin iştirakı ilə Azərbaycanda Kibertəhlükəsizlk Mərkəzi yaradıldı

2023-03-29 11:48:00

İsrailin

Azərbaycanda İsrailin ən nüfuzlu ali təhsil müəssisəsi - "Technion İnstitut"u ilə birgə Kibertəhlükəsizlik Mərkəzi yaradılıb. Mərkəzin əsas hədəfi kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı mütəxəssislərin və təlimatçıların hazırlanmasıdır. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 3 il ərzində 1000-dən çox insanın, o cümlədən 15 yüksək ixtisaslı təlimatçının hazırlanması planlaşdırılır. Məhz yerli təlimatçıların hazırlanması gələcəkdə proqramın əhatə dairəsini genişləndirməyə imkan verəcək.
Kibertəhlükəsizlik sahəsində dünyanın qabaqcıl ölkələrindən biri hesab edilən İsraildən peşəkar pedaqoji heyət Azərbaycana gələcək və təlim iştirakçılarına kibertəhlükəsizliklə bağlı ən son təhdidləri, tendensiyaları və qabaqcıl təcrübələri əhatə edən bilik və bacarıqlar verəcək.
Mərkəzdə ən son texnologiya və avadanlıqla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar var. Tələbələr bu laboratoriyalarda tədqiqat apara və kibertəhlükəsizlik sahəsində müxtəlif məhsullar yarada biləcəklər.
Martın 28-də baş tutan mərkəzin açılışında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İsrailin keçmiş XİN naziri Qabi Aşkenazi, "Technion" şirkətinin icraçı vitse-prezidenti və baş direktoru Boaz Golani, İsrail səfirliyinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Açılışda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev kibertəhlükəsizlik mərkəzinin yaradılmasını ölkəmizin kibertəhlükələrə hazırlığının artırılması istiqamətində mühüm addım kimi qiymətləndirib.
Qeyd edək ki, artıq Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində dərslər başlayıb. 2000 nəfərin müraciət etdiyi imtahan və müsahibə mərhələlərindən uğurla keçən dərslərə 60 nəfər cəlb olunub. Təlim müddətində 4 istiqamət üzrə-ixtisaslaşmış təlim, maarifləndirmə təlimi, kibertəhlükəsizlik üzrə baş mütəxəssislər üçün ixtisasartırma, kibertəhlükəsizlik məhsullarının tədqiqi və hazırlanması üzrə treyninqlər keçiriləcək.
"Technion İnstitutu"nun təlim proqramı əsasında keçiriləcək təlimlərdə nəzəri və praktiki biliklər tədris olunacaq. Hər tədris dövrü üçün 60 mütəxəssisin hazırlanması nəzərdə tutulur. Təlimlər 3 kateqoriyalı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur: Qırmızı Komanda (hücum), Mavi Komanda (müdafiə), SOC Komandası (analitika). Təlim müddətində 3 ixtisas növü (hücum, müdafiə və analitika) üzrə 20 nəfərdən ibarət komandalar simulyasiyalarda iştirak edərək bacarıqlarını inkişaf etdirəcəklər. Təlimi uğurla başa vuran iştirakçılar "Technion" İnstitutunun rəsmi sertifikatları ilə təltif olunacaqlar.

Ülviyyə, Hurriyyet.az