📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsraillə Türkiyə yeni münasibətlər dövrü ərəfəsində...

2022-02-11 11:40:00

İsraillə Türkiyə yeni münasibətlər dövrü ərəfəsində...

İsrail prezidenti İsaak Hersoqun Türkiyəyə səfərinə hazırlıq görülür. İsrail XİN rəsmisi Alon Uşpizin gözlənilən səfərə hazırlıq məqsədilə keçən ay Ankaraya gizli səfər etdiyi barədə məlumatlar var. "The Jerusalem Post" da bu barədə məlumat yaymışdı. 
Nəşrin məlumatına görə, Uşpiz səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalınla görüşüb. İsrailli jurnalistlər qeyd edirlər ki, bu, İsrailin yüksək rütbəli siyasi xadiminin son 6 ildə Türkiyəyə ilk səfəridir.
İki ölkə arasında münasibətlər o qədər də asan deyil. Ona görə də Hersoqun qarşıdakı səfəri böyük maraq doğurur. Bununla bağlı “Al Monitor” portalı yazısında hesab edir ki, “Ankara ilə münasibətləri addım-addım inkişaf etdirməklə Qüds Türkiyə, Azərbaycan, Özbəkistan və Qazaxıstanla diplomatik çoxmillətli ittifaq yaratmağa yaxınlaşa bilər”.
Bununla bağlı İsrailin ABŞ-dakı səfiri Maykl Hersoqun fevralın 3-də Ərdoğanın yaxın adamı sayılan Türkiyənin Vaşinqton səfiri Hasan Murat Mercan ilə görüşməsi faktı maraq doğurur. Onların görüşü Özbəkistan və Qazaxıstan səfirlərini də dəvət edən Azərbaycanın səfiri Xəzər İbrahimin təşkil etdiyi şam yeməyi zamanı baş tutub.
Yəni söhbət İsrail və Türkiyənin Zaqafqaziya və Orta Asiyaya “şimal sıçrayışı”ndan gedir. Gerçəklik isə odur ki, İsrail və Türkiyə Yaxın Şərqdə transformasiya yaşayır və bu, onlara yeni çağırışlar ünvanlayır.
ABŞ İrana yaxınlaşdıqca israillilərə aydın olur ki, bu, regionda siyasi qüvvələrin yerdəyişməsinə gətirib çıxaracaq. Həm də aydın deyil ki, bu yerdəyişmə İsrail üçün əlverişli istiqamətdə olacaq ya yox.

Ülviyyə, Hurriyyet.az